İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! ABŞ, Rusiya və Çin BU ÖLKƏNİ “SEÇDİ” - Dünya ÇALXALANIR

Niobium, litium və nadir torpaq elementləri baxımından zəngin sərvətə sahib olan Əfqanıstan ABŞ-Çin rəqabətində növbəti toqquşma nöqtəsinə çevrilmək riski daşıyır.

Bu barədə “Haber Global”ın yazarı Mert İnan iddia edir.

Musavat.com M. İnanın yazısını təqdim edir.

İldə 600 tondan artıq heroin istehsal edilən ölkədə narkotik ticarətindən əldə olunan gəlir 15 milyard dollardır ki, bu da beynəlxalq cinayət şəbəkələrinin Əfqanıstana marağını artırır.

Yaxın Şərqdə qeyri-müəyyənlik və xaos davam etdiyi bir vaxtda Əfqanıstan üçün də həyəcan təbili çalınır.

ABŞ prezidenti Donald Trampın bu ilin fevralında verdiyi bəyanat diqqət çəkmişdi:

“Əfqanıstandakı Baqram aviabazasını geri alacağıq. Bu məkan önəmlidir, çünki Çinin nüvə raketləri istehsal etdiyi əraziyə sadəcə bir saatlıq məsafədə yerləşir”.

Bu açıqlamadan sonra Rusiya Ali Məhkəməsi ölkədə “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırdı. “Taliban” terror siyahısından çıxarıldı.

Bu hadisələr fonunda Əfqanıstandakı qiymətli faydalı qazıntılar və nəhəng narkotik ticarəti bazarının nəzarət altına alınması uğrunda qlobal güclər arasında yeni rəqabətin alovlanmasından narahatlıq artır.

1 TRİLYON DOLLAR

ABŞ, Rusiya və Çinin xüsusi diqqətində olan Əfqanıstan zəngin sərvətə sahibdir.

ABŞ Geoloji Araşdırmalar Xidməti və Pentaqonun hesabatlarına görə, Əfqanıstanın yeraltı sərvətlərinin dəyəri təxminən 1 trilyon dollardır.

Əfqanıstanın faydalı qazıntıları arasında dəmir filizi, mis, litium, nadir torpaq elementləri (NTE), qızıl, gümüş, alüminium, sink, civə və niobium xüsusi yer tutur.

Əfqanıstanda aşkar edilmiş nadir torpaq elementlərinin xüsusilə Çinin bu sahədəki hegemonluğunu sarsıdacaq gücdə olduğu bildirilir. Litium ehtiyatlarının isə 2030-cu ilə qədər dünya tələbatının 10 faizini qarşılayacağı ehtimal olunur. Xüsusilə diqqət çəkən niobium - super ərintilərdə, nüvə reaktorlarında və aviasiya sənayesində istifadə olunan bu element - Əfqanıstanın strateji əhəmiyyətini daha da artırır.

MƏDƏNÇİLİK

Bütün bu sərvətlərin dəyərləndirilməsi üçün ciddi struktur problemlərin həll olunması vacibdir. Hazırkı şəraitdə misin yalnız 30%-i, dəmirin 40%-i və litiumun 50%-i iqtisadi baxımdan hasil oluna bilir. İnfrastrukturun olmaması, təhlükəsizlik problemləri, zəif nəqliyyat və enerji şəbəkələri investisiyalar üçün əsas maneələr olaraq qalır.

“Taliban” rejiminin səbəb olduğu siyasi qeyri-müəyyənlik və korrupsiya qanuni mədənçilik fəaliyyətini çətinləşdirir. Qeyri-qanuni mədənçilikdən isə illik 300 milyon dollarlıq itki yaranır.

ÇİNDƏN 10 MİLYARD DOLLAR

ABŞ-ın Əfqanıstana marağının yenidən artmasının əsas səbəblərindən biri də Çinin bölgədə güclənən təsiridir.

Beynəlxalq münasibətlər üzrə ekspert, professor Həsən Köni qeyd edir ki, “Taliban” 2023-cü ildə Çin şirkətləri ilə 10 milyard dollarlıq mədənçilik razılaşmaları imzalayıb.

“Pekin xüsusilə infrastruktur və enerji layihələri vasitəsilə Əfqanıstanda möhkəmlənərək bölgədə geosiyasi mövqe əldə etməyə çalışır. Bu, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün tərkib hissəsi kimi qiymətləndirilir.

ABŞ isə həm İranı, həm Çini regionda zəiflətmək, həm də strateji təbii sərvətləri ələ keçirmək üçün Əfqanıstana yenidən yönəlmək niyyətindədir”, - deyə Köni bildirir.

Narkotik ticarətində mərkəz rolunda

Əfqanıstan dünyada heroin istehsalının əsas mərkəzi hesab olunur. Dünyada heroin istehsalının 80 faizinin həyata keçirildiyi Əfqanıstanda 225 min hektar sahədə xaşxaş becərilir. İldə 600 tondan artıq heroin istehsal olunan Əfqanıstanda narkotik ticarətindən təxminən 15 milyard dollar gəlir əldə olunur.

“Taliban” bu vəsaitdən özünü maliyyələşdirmək və hərbi əməliyyatlarını dəstəkləmək üçün istifadə edir.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR