İnsanlara hürriyət, millətlərə istiqlal!

20 milyondan 400 min manat götürüb, qalan pulu isə Nəcməddin Sadıkova verib! - Məhkəmədə açıqlandı

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxs Vüsal Əlizadənin vəkili vəsatətlə çıxış edib.

Vəkil müvəkkilinin dəymiş ziyanın 50 faizini ödədiyi halda ona 62-ci maddənin tətbiq edilməsini, nəzərdə tutulan cəzadan da aşağı həddə cəza verilməsini istəyib.

Məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib.

Daha sonra Nizami Məmmədovun vəkili apellyasiya şikayətinin müdafiəsi ilə bağlı çıxış edib. O qeyd edib ki, mediada dərc olunan məlumatlara görə, cəmiyyətdə elə təəssürat yaranıb ki, bütün məbləği bu 4 nəfər mənimsəyib:

“Media ümumi məbləği 143 milyon göstərir, hamı da elə bilir ki, bütün məbləğ bu 4 şəxsə aiddir. Amma bu belə deyil. İstintaq dövründə satınalma epizodu üzrə Nizami Məmmədov ifadə verib. Bu epizod üzrə biz sonda təqsirli bilindiyimizi bildik. Həmçinin, istintaq zamanı ifadə verən şəxslər məhkəmədə ifadələrini təkzib etdi. Halbuki onlar ifadələrində pulları Nizami Məmmədova verdiklərini demişdilər”.

Vəkilin sözlərinə görə, Məlikməmməd Qurbanov müqavilələr əsasında “Azərsun”dan 20 milyon aldığını və həmin puldan 400 min manat götürdüyünü, qalan pulu isə Nəcməddin Sadıkova verdiyini bildirib: Həmçinin, Nəcməddin Sadıkovun göstərişi əsasında həmin puldan 800 min manatı Nizami Məmmədova hissə-hissə verdiyini bildirib. Ümumiyyətlə, nə satınalmanın, nə də maliyyə xidmətinin Baş Qərargah rəisinə aidiyyəti yoxdur. Həmin pul niyə verilib?

Daha sonra təqsirləndirilən Nizami Məmmədov məhkəməyə müraciət edib. O, bildirib ki, Fikrət Mirzəyevlə bağlı epizodların ona aidiyyəti yoxdur: “Mənim Fikrət Mirzəyevlə əlaqəm olmayıb. Onun bölməsi daxilində ayrı-ayrı komissiyalar var. Onlar layihələr, müqavilələr hazırlayır və Müdafiə Nazirliyinə təqdim edir. "

Nizami Məmmədov bildirib: “İstintaq zamanı da səmimi etiraf etmişəm. İndi də deyirəm ki, mən 12.200.000 manat götürmüşəm və bunu da ödəmişəm. Qalan epizodların mənə aidiyyəti yoxdur. Hərbi hissədə çalışan maliyyə xidmət rəisləri inspeksiyaya pul verib. Həmin pullar da mənə yazılıb. Amma mən pulları bir təhər tapıb ödəmişəm. Bu işə görə 143 milyon manat yazılıb”.

Növbəti proses mayın 26-da keçiriləcək.

Xatırladaq ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər. Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub. İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş edib. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır.

Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR