İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yeni söküntü başlayır - bəs, “Xruşşovka”lar?

2020-2040-cı illəri əhatə edən Baş plana əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası sökülməlidir, amma...

Bakının 12 rayonunda komissiya üzvləri və mütəxəssislərlə birgə qəzalı binalara baxış keçirilib. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alıb. Məlumata görə, yaxın 2-3 gün ərzində Bakının Nərimanov rayonu ərazisində iki binanın sökülməsi barədə qərar açıqlanacaq.

Binalar 1956-cı ildə Bakı Şin zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə verilib, amma sonradan başqa ev ala bilmədikləri üçün orada yaşamalı olublar.

Yataqxana yaşayan sakinlərə binaların sökülməsi zaman iki variant təklif olunacaq. Onlar ya 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək hündürmərtəbəli binadan mənzil əldə edəcəklər.

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. İndiyə qədər ötən vaxt ərzində paytaxt əhalisi 3 dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları, müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. O səbəbdən artıq bir neçə ildir ki, Bakı şəhərinin Baş planının hazırlanması üzərində iş gedir. Hazırda paytaxt ərazisində 11 minə yaxın çoxmənzilli bina istismar müddətini başa vurub. Onlar 60-70-ci illərdə inşa olunub. 100-dən artıq çoxmənzilli bina isə tamamilə qəzalı vəziyyətdədir ki, bunların da böyük əksəriyyəti “Xruşşovka” adlanan binalardır.

Bəs sovet hakimiyyəti dövründə uzunmüddətli yaşayışa hesablanmayan və bir neçə ildir istismar müddəti bitmiş binalar nə vaxt söküləcək?

Ekspert: “Dövlət elə bir şərait qurmaq istəyir ki, geri dönüş də maraqlı  olsun” - 07.02.2021, Sputnik Azərbaycan

Elnur Fərzəliyev 

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, paytaxt Bakı və ətrafında ümumi olaraq 11 min istismar müddəti bitmiş köhnə, çoxmənzilli yaşayış binaları var, hansı ki, onlar iki, üç, dörd və beşmərtəbəli binalardır. Fövqəladə Hallar Nazirliyinin apardığı monitorinq nəticəsində onlardan 100-ə yaxını qəzalı bina kimi qeydə alınıb. Əlbəttə ki, nazirlik ümumi olaraq istismar müddəti bitmiş binaların monitorinqi aparsa, qəzalı binaların sayı nisbətən çox olar. Lakin bu o demək deyil ki, bir binanın istismar müddəti bitibsə, mütləq qəzalıdır, mütləq sökülməlidir. Digər, xüsusən də Mərkəzi Avropa ölkələrə baxsaq görərik ki, paytaxt şəhərlərdə 17-18-ci əsrlərdə tikilmiş binalar var ki, orada hazırda da insanlar yaşayır. Həmin binalar həm tarixi abidə kimi qorunur, həm də lazım gələndə təmir-bərpa işləri aparılır.

Bu gün Bakının mərkəzində də çox qədim binalar var. Məsələn, İçərişəhərdə yaşı yüzə söykənən 11 yaşayış binası var. Həmin binalara vaxtında diqqət edilsə, lazım gələndə təmir bərpa işləri aparılsa, istismar müddəti uzanar”.

Ekspert köhnə binaların əsas problemlərindən söz açıb: “Köhnə binaların əsas problemi ondan ibarətdir ki, əvvəllər bu sahəyə mənzil istismar idarələri baxırdı, lakin sonra həmin binalar tamamilə sahibsiz, baxımsız vəziyyətdə qaldı. Doğrudur, ildə bir dəfə cüzi miqdarda da olsa kommunal pullar yığılır, lakin bu pul binaların baxımlılığına yetmir. Həmin pullar sadəcə bina ətrafın təmizliyi üçün xərclənir.

O ki, qaldı söküntülərə, Bakının Baş planına, 2020-ci ildən başlayaraq, bu günə qədər Bakı və Abşeron ərazisində ümumilikdə 2 minə yaxın çoxmənzilli, yeni yaşayış binası tikilib. Xatırladım ki, əvvəllər yeni binaların tikilməsinə yerli rayon icra hakimiyyətləri baxırdı,  yəni onlar yeni tikintilərlə bağlı sərəncam vermək iqtidarında idilər, lakin 2018-ci ildən etibarən bu səlahiyyət  Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Məqsəd ondan ibarət idi ki, binaların tikintisi pərakəndə şəkildə aparılmasın. Zamanında pərakəndə şəkildə o qədər binaların tikintisinə icazə verilib ki, indi Baş Planın gerçəkləşməsi mövcud vəziyyətlə çox çətindir. Bunun üçün gərək şəhər sökülsün, milyardlarla pul xərclənsin. Ola bilsin ki, 2030-2040-cı illər üçün hansısa addımlar atılsın, amma mövcud vəziyyətdə nəsə etmək çətindir.  Düşünürəm ki, istismar müddəti bitmiş binalar mütləq şəkildə sökülməlidir. Çünki hər hansı xırda zəlzələ və yaxud qəza baş verərsə, həmin binalarda insan tələfatı qaçılmaz olar. Yəni, binaların uçma təhlükəsi böyük ola bilər. Binaların da qəzalı olmasına gətirib çıxaran bir sıra səbəblər var. Belə ki, həm binalar uzun müddət baxımsız qalıb. Həm də diqqət etsək görərik ki, yol kənarında olanların hər birinin birinci mərtəbəsi sökülərək, qeyri-yaşayış obyektinə çevrilib. Həmçinin binaların zirzəmiləri qazıldı, ora da qeyri-yaşayış obyektləri oldu, qapı-pəncərələri açıldı. Bu isə binaların ümumi təməlinə böyük zərbə vurdu. Digər tərəfdən, binalara edilən əlavələr onları deformasiya uğradıb, hesaba alınmış tarazlığı tamamilə pozub. Bu tip məsələlər binaları qəzalı vəziyyətə gətirib çıxarıb.

Daha bir məsələ, tutaq ki, hansısa binaların zirzəmiləri qeyri-yaşayış obyektinə çevrilməsə də, zirzəmilər çirkab suları ilə dolub. Həmin çirkab suları isə binanı bərbad vəziyyətə salıb. Təsəvvür edin, bina su içərisində qalıb, onun sementinin, daşının, qumunun yuyulması keyfiyyətdən düşməsinə gətirib çıxarıb. Əlbəttə ki, zamanında bu binalara diqqət olsaydı, sürətli şəkildə istismar müddəti bitməzdi, qəzalı vəziyyətə düşməzdi. Bəzən görürük ki, binaların fasadını boyayır, dam  örtüyünü dəyişirlər. Bu, binanın yenilənməsi deyil. Yenilənmə bünövrədən başlamalı, kommunikasiya xətləri və sairə dəyişdirilməlidir ki, istismar müddəti uzadıla bilsin.

Daha bir məsələ, qeyd etdiyim kimi, zamanında rayon icra hakimiyyətləri tikintilərlə bağlı sərəncam veriblər, nəticədə elə yerlərdə çoxmərtəbəli binalar tikiblər ki, onların ən yaxın məsafəsində qəzalı vəziyyətdə olan binaları söküb, yeni bina tikməyə imkan yoxdur. Yəni, binaları o qədər yaxın tikiblər ki, binalar arası məsafə qaydaları tamamilə pozulub və yenisini tikmək mümkün deyil.  Binaların sökülüb-tikilməsinə özəl sektor, MTK-lar, tikinti şirkətləri baxır. Bu həm də o deməkdir ki, özəl sektor dövlətin üzərinə düşən yükü öz üzərinə götürüb – sökür, tikir, pul da qazanır, insanları evlə də təmin edir. Amma bu prosesin davamlı şəkildə irəli getməsi üçün hesab edirəm tikinti şirkətlərinə müəyyən güzəştlər olmalıdır ki, onlar öz işlərini davamlı görə bilsinlər”.

Xalidə Gəray
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR