İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Qətərin Milli Günü keçirilib - Fotolar


Dekabrın 15-də Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tədbir təşkil edib.

Musavat.com bildirir ki, ilk öncə hər iki dövlətin dövlət himnləri səsləndirilib. Daha sonra Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab çıxış edib. Səfir bildirib ki, Milli Günün qeyd olunmasının bu il xüsusi əhəmiyyəti var:

"Bu il Qətər FIFA Dünya Çempionatına ev sahibliyi edir. Hər iki tədbir Qətər xalqının mədəniyyətini dünyaya nümayiş etdirmək imkanı yaradır. Dünya Kuboku həm də mənim ölkəm olan Qətərin mədəni varlığını, iqtisadi, təhlükəsizlik və təşkilatçılıq imkanlarını nümayiş etdirdi. Bu ərəfədə Qətərə səyahət edənlər  tariximizin və bu günümüzün parlaq sahələri və digər mədəniyyətlərlə sivil qarşılıqlı əlaqəyə inamımız, ərəb islam dəyərlərimizlə, iftixarımızla tanış olurlar".

Səfir qeyd edib ki, 2023-cü ildə Qətər-Azərbaycan ikitərəfli münasibətlərinin 30 illiyi qeyd olunacaq:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasındakı əlaqələr bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və sosial sahələrdə dostluq və əməkdaşlıq tellərinin möhkəmləndirilməsi, xalqlarımız və ölkələrimiz üçün daha çox tərəqqi və firavanlığa nail olmağa yönələn maraq və əzmlə səciyyələnir.
Qətər Dövləti siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməklə, ticarət mübadiləsini və investisiya imkanlarını asanlaşdırmaqla Azərbaycan Respublikası ilə əlaqələri gücləndirməyə çalışır”.

Tədbirdə energetika naziri Pərviz Şahbazov çıxış edib. Nazir Azərbaycan ilə Qətər arasındakı münasibətlərdən söz açaraq, bildirib ki, iki dövlətin liderləri arasındakı dostluq, qarşılıqlı səfərlər münasibətlərimizin inkişafında mühüm rol oynayır:

"Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın, Dohada Azərbaycan Ticarət Evinin fəaliyyəti ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verir. İki ölkənin tərəfdaşlığının genişləndirilməsi üçün energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində böyük potensial var.

Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində və neft-qaz məhsullarının ticarəti ilə məhdudlaşan enerji əməkdaşlığının yeni müstəvidə qurulması üçün münasib vaxtdır.
Xüsusilə azad edilmiş ərazilərin “xalis sıfır” emissiyaya malik “yaşıl enerji” zonası konseptində inkişafı, eyni zamanda, “yaşıl artım” və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma çox istiqamətli enerji əməkdaşlığı üçün fürsət yaradır.
Hazırda Qətərin “Nebras Power” şirkəti ilə energetika sahəsində müxtəlif layihələr, o cümlədən Yaşmada inşası planlaşdırılan qaz-turbin elektrik stansiyası layihəsi üzrə müzakirələr aparılır.
Bizim hədəfimiz Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafının təmin edilməsidir və bu prosesdə “Nebras Power” şirkəti ilə əməkdaşlıq üçün yeni imkanlar mövcuddur”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR