Onlayn ictimai-siyasi qəzet
“Zeromap” MMC-nin təsisçisi, “İdrak” şirkətinin prezidenti Tural Rasim oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyev nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.
Musavat.com xəbər verir ki, cinayət dosyesi Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə araşdırılır. Prosesdə Tural Əliyev vəkilin və hakimin suallarını cavablandırıb.
İstintaq zamanı Tural Əliyevin evindən götürülən noutbukda ziyanverici proqramlar, kiberhücumların təşkil edilməsini təsdiqləyən dəlillər aşkar edilib. Aşkar edilmiş fayllar arasında fişinq kodlar da var. Həmçinin müəyyən olunub ki, o, danışıqların məsafədən gizli şəkildə əldə edilməsi üçün zəruri tədbirlər görüb. Tural Əliyevin ABŞ, İsrail və başqa ölkələrin şirkətlərinin serverlərinə daxil olmaqla bağlı teleqramda danışıqlar apardığı da üzə çıxıb. O, kiber müdaxilə yolu ilə İsrail dövlətinə məxsus şirkətin 25 meqabayt, ABŞ-yə məxsus şirkətin isə 1 meqabayt məlumatlarını əldə edib.
Müttəhim deyib ki, o, xarici şirkətlərdə nüfuz qazanması, həmçinin işlədiyi yerdə özünü sübut etməsi üçün bu addımları atıb:
“Mənim maddi gəlir əldə etmək məqsədim olmayıb. Xarici şirkətlərə özümü göstərmək üçün edirdim. Azərbaycandakı fəaliyyətimi isə dövlət üçün etmişəm. Hazırladığım proqramı istifadə etmək üçün dövlətə təqdim etmək niyyətində idim”.
Tural Əliyev qeyd edib ki, proqramları “İdrak” şirkətinin prezidenti, “Zeromap” MMC-nin təsisçisi Hikmət Abdullayevin razılığı ilə hazırlayıb. O, həmçinin kibercinayətkar qruplarla əlaqə saxlayaraq ABŞ-dakı şirkətlərdən birinin məlumatlarını əldə edərək 500 dollara, Argentinadakı şirkətin məlumatlarını isə 350 dollara satıb. O, xarici şirkətlərin təhlükəsizliyini yoxlamaq üçün belə addım atdığını deyib. Hakim müttəhimin addımlarının başadüşülən olmadığını deyib:
“Sənə nə düşüb ki, gedib Amerika şirkətinin təhlükəsizliyini yoxlayırdın? Camaatın məlumatlarını alıb başqasına satmısan. Belə güclü ekspert idinsə, xarici şirkətlərdən biri ilə müqavilə bağlayıb, sonra onları yoxlayardın. Deyirsən, bunu guya dövlət üçün etmisən. Dövlətə bunun nə xeyri var?! Əksinə ziyanı var. Xarici ölkələr müraciət edirlər ki, sizin vətəndaş bizim şirkətə kiber müdaxilə edir”.
Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.
Proses mayın 1-də davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ