İnsanlara hürriyət, millətlərə istiqlal!

İran naxçıvanlılardan “Tramp marşrutu”nun heyfini çıxır

Bakıya yük daşıyan sürücülərimiz qonşu sərhəddə incidilir; dövlət agentliyindən və deputatdan xəbərdarlıq

Sosial medianın Azərbaycan seqmentində yayılan məlumata görə, Naxçıvandan Bakıya yük daşıyan sürücülər çətinliklərlə üzləşirlər. Musavat.com xəbər verir ki, sürücülər “Gündəlik Naxçıvan”a İranda gözlədildiklərinə dair müraciət ediblər.

Onlar bildiriblər ki, günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxılırlar. İddiaya görə, İran rəsmiləri sürücülərə məsləhət görüblər ki, yeni qayda xoşlarına gəlmirsə, gedib “Tramp Marşrutu”ndan istifadə eləsinlər. Sürücülər bildirirlər ki, keçiddə növbə olduğunu bəhanə gətirib, onları Biləsuvar gömrüyündən xeyli aralıdakı çöllüyə göndərirlər:

“Burda nə yemək var, nə də su. Almaq üçün gərək kilometrlərlə yolu piyada gedəsən. Bir neçə gündür belə ediblər. Əvvəl gömrüyün qarşısında bir neçə saat gözlədikdən sonra buraxılırdıq. Sülh sazişi imzalandıqdan sonra bizi və türkiyəli sürücüləri gətirib, çöllüyə doldurublar, günlərlə gözləməyə məcbur edirlər. Kefləri gələndə 1-2 maşın buraxırlar. Ac-susuz, toz-torpaq içində gözləməyimiz bir tərəfə, burada tualet də yoxdur. Həm də bizimlə heyvan kimi davranırlar”.

Sürücülər deyirlər ki, İran rəsmiləri bu münasibətin imzalanan sülh sazişinə görə olduğunu onlara açıq bildirblər:

“Açıq deyirlər ki, sizin hökumət ermənilərlə birləşib, İranın başının üstündən iş görüb. Buna görə də xoşunuz gəlmirsə gedin, sazişdə göstərilən ”Tramp Yolu"ndan istifadə edin, ya da Ermənistan özü sizə yol versin. Əlləri heç yerə çatmır, qorxudan bir şey edə bilmirlər, sülh sazişinin acığını bizdən çıxırlar", deyə sürücülər narazılıq edirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Musavat.com-un sorğusuna cavabda bildirilib ki, gömrük-buraxılış məntəqələrində növbələrin tənzimlənməsi həmin məntəqənin yerləşdiyi ölkənin aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Qurumun mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında qeyd edib ki, AYNA-ya daha əvvəl də sürücülər tərəfindən Biləsuvar ərazisində növbələrin təşkili ilə bağlı şifahi müraciətlər daxil olub və müraciətlər əsasında qarşı tərəfin aidiyyəti qurumları ilə işçi qaydada müzakirələr aparılıb;

Donald Tramp: “Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan ilə  birləşdirəcək

“Hazırda yayılan iddiaları aydınlaşdırmaq üçün Naxçıvandan olan bir qrup sürücü AYNA-ya dəvət olunub, onlarla görüş keçiriləcək və daha sonra qarşı tərəflə müzakirə ediləcək.

AYNA qarşılıqlı əməkdaşlıq çərçivəsində yük nəqliyyat vasitələrinin keçidi, növbələrin təşkili və digər məsələlərlə bağlı mütəmadi olaraq qarşı tərəflə görüşlər keçirir və sürücülərin rahatlığının təmin olunması istiqamətində fəaliyyətini davam etdirir".

Dini təhsilə vəsaiti daha çox artırmalıyıq - Fazil Mustafa | Modern.az

Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa sözügedən hadisəni qeyri-humanist davranış kimi dəyərləndirdi. Millət vəkili “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sıravi insanlara bu qədər əziyyət verilməsi insani yanaşma deyil: “Təbii ki, bu, yuxarıdan gələn qərardır. Bu qərara yenidən baxılmalıdır. Bu cür məsələlərdə atılan addımlar sonradan onların özlərinin əleyhinə çevrilir. Odur ki, İran sərhədçilərinin bu davranışları qəbuledilməzdir və bu məsələ onların diqqətinə çatdırılmalıdır”.

P.S. Qeyd edək ki, axşam saatlarında sürücülərin problemi həllini tapmamışdı.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR