İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı nöqtəni qoydu - sülhməramlılar bu tarixdə gedəcək, sonra...

Rus hərbi kontingentinin təyinatını dəyişərək, Qarabağda qalmasına cəhd edilə bilər, lakin təhlükəsizlik və siyasi ekspertlər fərqli fikirdədir; “Onlar Qərbi Zəngəzura yerləşdiriləcək” - sensasion proqnoz

Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsində Qarabağdakı rus sülhməramlıları ilə bağlı açıqlamalar verib və bu, müzakirələrə səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı kifayət qədər aydın bir bəyanat yayıb. “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyası Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

“Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb. Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsi zamanı Rusiyanın sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılma mərhələsində olduğunu bildirib. XİN-in açıqlamasından çıxan nəticə odur ki, 2025-ci ilədək - yəni 10 noyabr müqaviləsinə uyğun olaraq sülhməramlılar bölgədə qalacaq və bunun üçün hazırda bunu şərtləndirən amillər də kifayət qədərdir. Bəs 2025-dən sonra bu şərtlər yenə də qala bilərmi? Yaxud Rusiya kontingentin təyinatını dəyişərək, ordusunun Qarabağda qalmasına cəhd edə bilərmi? 

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin isə TASS agentliyinə müsahibəsində sülhməramlılar və Qarabağı öz istəyi ilə tərk edən ermənilər barədə dedikləri diqqət çəkir. Birincisi, Qaluzin deyib ki, Rusiya Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır. “Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə”, - Qaluzin bildirib.

M.Qaluzinin bu sözləri Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik, daxili işinə kobud müdaxilədir. Əvvəla, erməniləri Qarabağdan Azərbaycan çıxarmayıb, öz xoşları ilə gediblər. Öz istəkləri ilə ərazini tərk etsələr də, rəsmi Bakının mövqeyi və şərtləri bəllidir: qayıtmaq istəyən ermənilər ilk növbədə Azərbaycan vətəndaşlığı üçün müraciət etməli, qanunlarımıza hörmət edib, bayrağımız altında yaşamağı qəbul etməlidirlər. Onların hüquq və təhlükəsizliyinin təmin edilməsi isə Azərbaycanın işidir. Rəsmi Bakı bu və digər məsələləri özü etmək iqtidarındadır. Rusiya sülhməramlılarının mandatları xaricində nəsə etməsi qanunsuzdur.

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğluna görə, Rusiya rəsmiləri və diplomatları hər dəfə “Rusiya hərbi kontingenti 2025-ci ildən sonra da bölgədə qala bilər” dedikcə Azərbaycan rəsmiləri və diplomatları “2020-ci il 10 noyabr bəyanatına görə Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır” cavabını verirlər. Ekspertin fikrincə, bununla iki ölkə rəsmiləri və diplomatları arasında qiyabi polemika gedir, Rusiya “qalmaq istəyirik” dedikcə, Azərbaycan “qalmaq müddətiniz gələn il bitir” cavabını verir. “Moskvadan bir ara açıqlama gəldi ki, guya Rusiya hərbi kontingenti ərazidə minaların zərərsizləşdirilməsi ilə məşğul olacaq. Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənın açıqlamasından bəlli olur ki, Rusiya hərbi kontingenti minaların zərərsizləşdirilməsinə maraq göstərmir, əks halda, azərbaycanlı diplomat "ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur" cümləsini işlətməzdi. Deməli, minaların zərərsizləşdirilməsi ilə bağlı ortaq fəaliyyət yoxdur. Lap yaxşı, bu bizim bir il sonra Qarabağda işsiz-gücsüz qalan Rusiya hərbi kontingentini evinə yola salmağımızı asanlaşdıracaq", - deyə analitik belə proqnozlaşdırır.

Alp Arslan İmamqulu – BAYRAQDAR MEDİA

Alp Arslan İmamqulu

Təhlükəsizlik eksperti Alp Arslan İmamqulu “Yeni Müsavat”a qeyd etdi ki, rus qoşunlarının Qarabağda işi qalmayıb, onların təyinatının dəyişməsi də gözlənilmir. Ekspert hesab edir ki, heç bir halda sülhməramlı kontingentin regionda qalmasının müddəti uzadıla bilməz. “Rus hərbçilərinin fəaliyyətini uzatmaq üçün yeni ərazilər nəzərdə tutulacaq. Zənnimcə, bu da Qərbi Zəngəzurdur. Həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır, bizim nəzarətimiz tam təmin edildikdən sonra bölgənin bərpası üçün sülhməramlıların orada fəaliyyətinə ehtiyac yarana bilər. Bu istiqamətdə ciddi proseslərin baş verəcəyini düşünürəm”, - deyə A.A.İmamqulu vurğuladı. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR