İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın yüksəlişi: Avropa ancaq Əliyevlə hesablaşır, Paşinyan kölgədə - TİRANA GÜNDƏLİYİ

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin VI zirvə toplantısında iştirakı ölkəmizin Avropa ilə siyasi və iqtisadi əlaqələrinin genişlənməsinin növbəti göstəricisi oldu.

Azərbaycan 2022-ci ildə Praqada baş tutan ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin bütün zirvə görüşlərində fəal şəkildə təmsil olunub. Bu iştirak Azərbaycanın Avropanın siyasi platformalarında söz sahibi olma istəyini və regional inteqrasiyada fəallığını göstərir. Prezident İlham Əliyevin bu zirvə toplantılarında müntəzəm iştirakı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun əyani sübutudur.

Azərbaycanın "Avropa Siyasi Birliyi"ndə ən uğurlu çıxışı 2022-ci ilin oktyabrında Praqada baş tutan toplantıda qeydə alınıb. Məhz bu zirvədə Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini və regional təhlükəsizlik məsələlərini Avropa liderlərinin diqqətinə çatdırdı. Ən əlamətdar məqam isə zirvə çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşündə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması oldu. Bu, Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə təsdiqlənməsinə doğru atılan mühüm addım idi.

 IMG_0479.png (583 KB)

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində əvvəllər mövcud olan soyuqluq isə artıq keçmişdə qalıb. Aİ-nin əvvəlki rəhbərliyi dövründə Azərbaycanla bağlı qərəzli və birtərəfli qərarlar qəbul edilsə də, rəsmi Bakının qətiyyətli siyasəti bu neqativ yanaşmanı aradan qaldırdı. Tiranada keçirilən sammit də bunun təsdiqi oldu.

Zirvə toplantısına Azərbaycan Prezidentinin dəvət edilməsi Avropanın rəsmi Bakının mövqeyini diqqətə aldığını və regionda Azərbaycanın artan əhəmiyyətini qəbul etdiyini göstərdi.

Sammit çərçivəsində Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə görüşlər keçirdi. Avropa liderləri Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirərək, Bakının Avropanın enerji təminatında strateji əhəmiyyətə malik olduğunu bildirdilər. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu dedi, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğuladı.

Bu, Azərbaycanın Mərkəzi Asiya və Orta Dəhlizdə aparıcı rolu ilə yanaşı, qlobal enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul edildiyinin göstəricisidir.

 IMG_0480.jpeg (748 KB)

Prezident İlham Əliyevin zirvə çərçivəsində Avropa liderləri ilə ikitərəfli görüşləri Azərbaycanın Avropadakı mövqeyini daha da gücləndirdi. İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla söhbəti zamanı Fransa Prezidenti Emmanuel Makronun Əliyevə yaxınlaşaraq səmimi salamlaşması isə diqqətdən qaçmadı. Makronun bu jesti Fransanın Cənubi Qafqaz siyasətində Bakının önəmini qəbul etdiyini təsdiqlədi. Söhbət zamanı Makronun Paşinyana doğru işarə etməsi isə Ermənistanın taleyinin artıq Parisdən yox, Bakıdan asılı olduğunu simvolizə etdi.

Bu, həm də Fransanın Cənubi Qafqaz siyasətinin iflasa uğramasını təsdiqləyən anlar idi. İlham Əliyevin Paşinyanla ikili söhbəti də əsl qalib lider performansına uğun görüntülərlə müşayiət olundu.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm Şərq, həm də Qərb istiqamətində xarici siyasətində ciddi uğurlar əldə edib. Çinin də daxil olduğu strateji tərəfdaşlıq münasibətləri, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə genişlənən əlaqələr bunun bariz nümunəsidir. Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlər qarşılıqlı maraqlar əsasında inkişaf etdirilir. Kaya Kallasın Bakıya səfəri, Antonio Koştanın telefon danışığı və Ursula von der Leyenin İlham Əliyevlə görüşdə iştirakı Avropa İttifaqının Azərbaycanın bölgədəki strateji rolunu qəbul etdiyini göstərir.

Bu gün Aİ ilə Azərbayca arasında siyasi münasibətlər tamamilə bərpa olunub və normal məcradadır. Ermənistan Aİ ilə münasibətlərində regionda əlahiddə və inhisarçı mövqeyə sahiblənməyə, ayırıcı xətlərin yaranmasına çalışırdı. Aİ-də də bu cəhdləri dəstəkləyən qüvvələr də vardı. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu.

 IMG_0481.jpeg (1.05 MB)

Avropa İttifaqı üçün Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq artıq geosiyasi zərurətə çevrilib. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan, hazırda 10 Avropa ölkəsinə qaz ixrac edir. Ölkəmizin coğrafi mövqeyi isə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizdə daşımaların artırılmasına şərait yaradır.

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısına siyasi, iqtisadi və geosiyasi üstünlüyə malik lider kimi qatıldı. Onun Avropa liderləri ilə keçirdiyi müzakirələr Azərbaycan diplomatiyasının yüksək səviyyədə qəbul edildiyini və ölkəmizin qlobal proseslərdə mühüm mövqe qazandığını bir daha nümayiş etdirdi.

Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizlərində Azərbaycanın rolu artmaqdadır. "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı isə Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində müsbət dəyişikliyin əyani sübutuna çevrildi.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR