İnsanlara hürriyət, millətlərə istiqlal!

İstilik təchizatı haqqında qanunda nələr var? - İlham Mirzəliyev Musavat.com-a danışdı

Milli Məclisin cümə günü keçirilən plenar iclasında əhalinin böyük hissəsini maraqlandıran “İstilik təchizatı haqqında Qanun” layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

Məlum olduğu kimi, qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında geniş müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub. Komitənin sədri Sadiq Qurbanov Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin müvafiq bəndinə uyğun olan bu qanun layihəsinin istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyən, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən ilk qanunvericilik aktı olduğunu bildirib. Bildirib ki, qanun layihəsi hazırlanarkən Avropa ölkələrinin və digər ölkələrin təcrübəsinə istinad edilib.

Müzakirələrdə parlamentarlarla yanaşı, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri İlham Mirzəliyev və digər rəsmi şəxslər iştirak edirdi.

İlham Mirzəliyev Musavat.com-a açıqlamasında qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb.

İlham Mirzəliyev bildirib ki, “İstilik təchizatı haqqında Qanun” layihəsi Azərbaycan Respublikasında istilik enerjisinin istehsalı, paylanması - o cümlədən ötürülməsi - satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyən, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən ilk qanunvericilik aktıdır: “İstilik təchizatı sahəsində ilk normativ sənəd kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları” hesab edilir və qaydalar istilik enerjisindən istifadə sahəsində enerji təchizatımuəssisəsi ilə istehlakcı arasında yaranan qarşılıqlımunasibətləri və bununla əlaqədar digər məsələləri, o cumlədən istehlakcının istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (guc) alınması ucun texniki şərtlərin verilməsi məsələlərinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlərin həlli istiqamətində əhəmiyyətli olsa da, ümumilikdə ölkədə mərkəzi istilik təchizatı sistemlərinin fəaliyyəti, enerjisəmərəlilik, İstilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin məqsədləri və dövlətin vəzifələri, İstilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri və s. məsələlərələ bağlı "İstilik təchizatı haqqında Qanun” layihəsinin müzakirəsi və qəbulu kifayət qədər əhəmiyyətlidir”.

İ.Mirzəliyev yeni qanunun qəbulunu zəruri edən amillərdən də bəhs edib: “Əvvəlki illərdə, yəni sovet hakimiyyəti illərində təbii olaraq həmin dövrlərdə qüvvədə olan qanunvericilik aktlarından istifadə olunsa da, müstəqillik illərində istilik təchizatı sahəsində istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən hər hansı bir birbaşa qanunvericilik aktları olmayıb, yalnız dolayısı aktlardan istifadə edilib. Qanunvericilik sahəsində yaranmış boşluğun nəticəsi olaraq bu sahədə çox ciddi və təhlükəli isitmə vasitələrinin tətbiqi geniş vüsat almış, texniki, istismar və ekoloji təhlükəsizlik amilləri tamamilə kənara atılmış və tədricən müxtəlif tipli fərdi sistemlər tətbiqi edilməyə başlamış və artıq müzakirə mövzusuna çevrilərək mərkəzi yoxsa fərdi sistemlərinin tətbiqi sualı gündəmə gəlmişdir. Qanunvericilik sahəsində yaranmış boşluğun nəticəsi olaraq yaranmış problem və çətinliklərin bundan sonrakı dövrlərdə də təkrarlanmaması üçün daha sivil, təhlükəsiz, ekoloji təmiz, enerji resurslarına qənaət etməyə imkan verən optimal istilik təchizatı sisteminin qurulması üçün bu qanunun qəbul edilməsi mütləqdir”.

“Azəristiliktəchizat” ASC-nin sədri qanun layihəsindəki əsas aspektlərdən də bəhs edib: “İlk növbədə qeyd edilməlidir ki, dünya təcrübəsi, araşdırmalar və təhlillər İqtisadi, təhlükəsizlik, ekoloji və ümumilikdə səmərəlilik baxımından mərkəşləşdirilmiş istilik təchizatının üstünlükləri şübhə doğurmasa da onun səmərəliliyini şərtləndirən əsas amillərdən hər hansı birinə riayət edilməməsi və ya fərqləndirilməsi nəticələrə təsir etməklə mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqini ümumiyyətlə səmərəsiz edə bilər. Əsas amillər isə bunlardır: binaların enerji effektivliyi, fərdi tənzimləmə, müasir istilik infrastrukturu. Tikilən binalar enerji effektivlik tələblərinə cavab vermədiyi halda binaların isidilməsinə sərf edilən enerjinin miqdarı normallaşdırılan göstəricilərə uyğun olmayacaq ki, bu da enerji sərfiyyatının, itgilərin və enerjinin istehsalına çəkilən xərclərin kəskin şəkildə artmasına səbəb olacaq.

Qeyd edilənlər nəzərə alımaqla mərkəzi sistem birmənalı olaraq bütün prizmalardan səmərəlidir, təhlükəsizdir, enerji resurslarından ən səmərəli istifadə imkanlarına malikdir. Buna görə də qanun layihəsində çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulması, çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrdə hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilməsi kimi müddəaların daxil edilməsi enerji resurslarından səmərəli istifadə etməklə bərabər yanğın və partlayış, həmçinin dəm qazı təhlükələrinin aradan qaldırılmasına imkan verəcək”. ASC sədrinin sözlərinə görə, qanun layihəsinə bərpaolunan enerji mənbələrindən və su ehtiyatlarından istifadə, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, ətraf mühitin mühafizəsinə dair müddəaların daxil edilməsi sahənin inkişafı üçün ciddi əsasların və stimulların yaranmasına imkan verəcək.

İ.Mirzəliyev əlavə edib ki, bu gün sahənin ən aktual problemlərindən biri istilik təchizatı sektorunda istiliklə təmin edilən yaşayış binalarında binadaxili mühəndis istilik kommunikasiyalarının balans mənsubiyyəti ilə əlaqədar onların saxlanması, təmiri və bərpası ilə əlaqədar mövcud problemlərin həllində balans saxlayıcısı olaraq dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələrinin aydın şəkildə əks edilməsidir: “Bu gün “Mülki Məcəllə” və “Mənzil Məcəlləsi”ndə əks edilmiş müddəaların, xüsusilə yaşayış sahəsi mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquq və vəzifələri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması və fəaliyyəti, yaşayış sahələrinə və kommunal xidmətlərə görə ödəmələr bölmələrində istilik təchizatı sahəsinə aid müdəaların dəqiqləşdirilməsi və konkretləşdirilməsinə böyük ehtiyac var”.

İ.Mirzəliyev qeyd edib ki, qanun layihəsində xüsusi olaraq diqqət çəkan məqamlardan biri də İstilik təchizatı sektorunda istilik qurğularının, şəbəkələrin, istilik istehlakı qurğularının təhlükəsizliyinə dair tələblərin müəyyən edilməsi ilə bərabər Azərbaycan qanunvericiliyində ilk dəfə olaraq istilik təchizatı obyektlərinin mühafizəsinin təmin edilməsi və şəbəkələrin mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı müddəaların yer almasıdır:

“Belə ki, uzun illər ərzində istilik təsərrüfatlarının mühafizə zonasının müəyyən edilməsi ilə bağlı tələblərin qeyri müəyyənliyi səbəbindən bu ərazilərdə qeyri qanuni olaraq tikinti işlərinin aparılması bu gün istismar müddəti başa çatmış qazanxaların modernləşdirilməsi və ya yenidən quruması ilə bağlı ciddi çətinliklərin yaranmasına səbəb olub”.

“Azəristiliktəchizat” ASC-nin sədri qeyd edib ki, digər önəmi məsələlər istilik təchizatı sektorunda fəaliyyət növlərinin təsnifatlaşdırılması, yəni istilik enerjisinin istehsalı, istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi), istilik enerjisinin satışıdır: "Gələcəkdə bu sahəyə özəl sektorun cəlb edilməsi imkanlarını yaradır. Qanun layihəsində istilik təchizatı sektorunun inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və istilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı müddəalarının əks olunması sahənin qanunvericiliklə müəyyən edilmiş gələcək inkişafı üçün əsaslarının yaradılmasına imkan verəcək. Hazırlanmış layihə enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərər vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtləri rəhbər tutularaq istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi nəticələrin əldə edilməsinə imkan verəcək. Bunun üçün layihədə istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri dəqiq müəyyən edilib”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 1-də İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR