İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Kiyevə işıq verir, rus generaliteti bunun acığını çıxır...

Azərbaycanın Ukraynanın enerji infrastrukturunu bərpa etməyə humanitar yardımı Kremli qəzəbləndirə bilər - Qarabağda baş verənlər bununla bağlıdır?

Rusiya qışda Ukraynanı enerji ilə sınağa çəkmək planlarını gerçəkləşdirmək istəyir. “Yeni Müsavat” yazır ki, Kreml lideri son açıqlamasında bunu gizlətməyib də. Sitat: “İndi qonşu ölkənin energetik infrastrukturuna zərbələrimizdən dolayı çox səs-küy salırlar. Bəli, biz bunu edirik... Biz bir az hərəkət edən kimi bütün aləmə hay-küy, gurultu salırlar. Amma bunlar bizim döyüş tapşırığını yerinə yetirməyimizə əngəl ola bilməz...”

Putin etiraf edir ki, Ukrayna xalqı ilə döyüşürlər, onları qışın sazağında işıqsız, susuz qoyurlar və bu, guya “xüsusi əməliyyatdır”. Belə vəziyyətdə isə Azərbaycan növbəti humanitar dəstəyini nümayiş etdirdi. Belə ki, Bakıdan Ukraynaya tranformator və generatorlar göndərildi. Yaxın günlərdə humanitar yardımın növbəti hissəsi də Ukraynaya yola salınacaq. "Azərenerji" ASC nümayəndəsi Səməd İslamov bildirib ki, müharibə nəticəsində Ukraynanın infrastrukturuna çox ciddi zərər dəyib: “Bu səbəbdən Ukrayna ərazisində enerji təminatı baxımından böyük problemlər yaşanır. Məhz ona görə Azərbaycan dövləti elektrik avadanlıqlarından ibarət növbəti yardımı Ukraynaya yola salır. "Azərenerji" ASC tərəfindən göndərilən bu yardıma 45 güc transformatoru və 50 generator daxildir. Ümumi dəyəri 1 milyon 422 manat, çəkisi 52 ton olan yardımın ilk hissəsi hazırda yola çıxır. Növbəti hissəsi isə yaxın günlərdə yola salınacaq. Ukrayna xalqına tezliklə sülhün bərqərar olmasını arzulayırıq və bu yardımlar mütəmadi olaraq göndəriləcək”.

Amma Azərbaycanın bu humanitar dəstəyinə Rusiya hərbi rəhbərliyinin diş qıcaması istisna deyil. Hətta bəzi analitiklər Qarabağda Rusiya sülhməramlılarının özbaşınalığı ilə bağlı yaranmış son gərginliyin səbəbləri haqda bu versiyanı da istisna etmirlər. Yəni Azərbaycanın Ukraynanın enerji təchizatını bərpa etməyə yardımı, Ukraynanı işıqsız qoymamaq istəyinin Qarabağda “əks-sədası” çıxıb.  Bəli, Rusiya hərbi isteblişmenti bütün gücünü ona hesablayıb ki, bu yolla Ukraynanı təslimçi sülhə məcbur edə biləcək. O halda, Bakının yardımı Rusiyanı qəzəbləndirə bilərmi? Erməni mediası da Azərbaycanın Ukraynaya humanitar yardımını xüsusi xəbər kimi təqdim edərək eyham vurmağa çalışır. Bu halda bizim dəstəyimiz Moskvanı qıcıqlandıra bilərmi?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan müharibə başlayandan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və dəfələrlə humanitar yardım göndərib: “Müharibə aparan dövlət özü humanitar yardım edilməsinə qarşı çıxa bilməz. Rusiyaya sanksiyalar var, Kreml rəhbərliyinin beynəlxalq məhkəmə səviyyəsində cəzalandırılması gündəmdədir, istintaq qrupları bu işi Haaqa Məhkəməsinə təqdim ediblər. Belə vəziyyətdə Ukraynaya humanitar yardım edilməsinə qarşı addım ata bilməzlər, amma öz içlərində hansısa inciklik mümkündür. Ukrayna xalqı soyuqda, şaxtada əziyyət çəkir və Rusiyanın necə düşünməyindən asılı olmayaraq, biz humanist bir addım atmışıq.  Amma bu addımlarımıza görə rusların Qarabağda özbaşınalıq etdiklərini düşünmürəm”. Ç.Qənizadə hesab edir ki, ruslar bölgəyə yerləşəndə Ukraynada müharibə başlamamışdı: “Onlar ilk gündən necə fəaliyyət göstərirdisə, bu gün də Qarabağda oxşar addımlar atırlar. 22 fevral sənədində separatizmə qarşı birgə fəaliyyət qeyd olunub, amma Rusiya Qarabağda separatizmi dəstəkləyir. İctimai fəallar Laçın yolunu bağlayıb, Şuşa-Xankəndi istiqamətində aksiya keçirir, rusların buna münasibəti də göz qabağındadır. Ona görə Ukraynaya humanitar dəstəyi davam etdirməliyik, Qarabağdakı yataqların istismarının monitorinqinin keçirilməsinə də nail olmalıyıq. Sülhməramlılar öz fəaliyyətinə yenidən baxmalıdırlar, əks halda, silahlı erməni dəstələrinin təmizlənməsi üçün əməliyyata başlamalı olacağıq”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova deyir ki, Bakının Ukraynaya humanitar yardımı Rusiyanın xoşuna gəlməyə bilər, amma biz hər hansı hərbi dəstək verməmişik: “Diplomatik şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik və belə də olmalıdır. Əgər Rusiyanın xoşuna gəlmirsə, müharibədən iki gün əvvəl imzalanmış 22 fevral bəyannaməsini də yada salsın. Düşünmürəm ki, Rusiya bunun acığını Qarabağda çıxır. Sadəcə, rus imperiyasının maraqları, hədəfləri var. Pyotrdan bəri dəyişməyən bir plan var və onun üzərində gedirlər. Bu plana Cənubi Qafqaz, Qarabağ aiddir. Düşünmürəm ki, Volkovun davranışları bizim Ukraynaya işıq dəstəyi verməklə bağlıdır”.

Ekspert hesab edir ki, Ukraynaya bir çox ölkələr humanitar dəstək verir, Azərbaycan isə bu məsələdə Rusiyanı qıcıqlandırmadan addımlar atır: “Moskva bu böhranda Bakını başa düşür. Putinin hər hansı narahatlıq doğuran açıqlaması olmayıb. Qarabağda olan özbaşınalıqlar isə bir günün, yaxud bir həftənin işi deyil. Son iki ildə rus hərbçiləri orada etmədikləri qanunsuzluq qalmayıb. Bu da damla-damla toplandı, səbir kasamızı daşırdı və indi buna açıq etiraz edirik. Onlar 2 ildə bir dəfə təhlükəsizliyi təmin etməklə Xocalı sakinlərinin öz şəhərlərinə səfərini təşkil etsəydi, Azərbaycan və erməni icmaları ilə görüşlər baş tutsaydı, sülh üçün addımlar atsaydılar, ermənilərin inteqrasiyasına şərait yaratsaydılar, biz narazı qalmazdıq. Amma kimi gəldi bölgəyə buraxırlar, ermənilərlə şərik olublar, sanki onları qorumağa gəliblər, nəhayət ki, bunun cavabı verildi. Ukraynada isə müharibə 9 aydır gedir, biz yerdə qalan müddətdə də rus hərbçilərinin Qarabağda addımlarını görmüşük. İstər Rüstəm Muradov komandan olanda, istər qısamüddətli bir general təyin ediləndə... Yəni problem köklüdür, müqavilə əsasında regiona yerləşən rus hərbçiləri özlərini buranın sahibi kimi aparırlar, ermənilərə qulluq edirlər, onların nazı ilə oynayırlar”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR