İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İrəvanda yeni "Ukrayna savaşı" başladıb: ABŞ və Rusiya Ermənistanda "hibrid müharibə" aparır

Rusiya Paşinyan hakimiyyətini devirməyə, ABŞ və Qərb isə qorumağa çalışır, indi bu iki dünya nəhəngi ölkə Ukraynadan sonra bu dəfə Ermənistanda üz-üzə gəlib... Ağ Ev və Kreml öz geopolitik maraqları naminə erməniləri parçalayaraq, bir-birinə qarşı vuruşdururlar və bu, yaxın vaxtlarda Ermənistanın eynilə Ukraynanın taleyini yaşaya biləcəyini göstərir...

Azərbaycan tarixi uğur qazanıb. Lokal antiterror tədbirləri bütün Cənubi Qafqazın gələcək taleyini müəyyən edəcək yeni situasiya yaradıb. İndi bu regionda maraqları olan bütün kənar güclər bu yeni situasiyanın təsiri altına düşməyə başlayıb. Və bundan sonra onların regional maraqları birbaşa rəsmi Bakının verəcəyi prinsipial qərarlardan asılıdır.

Məsələ ondadır ki, Cənubi Qafqazda "erməni faktoru" artıq mövcud deyil. Çünki "erməni faktoru"nun 30 illik geopolitik məzmunu öz əhəmiyyətini tamamilə itirib. Yəni, bundan sonra Cənubi Qafqazda maraqları olan kənar güclərin bu faktordan geopolitik məqsədlərlə istifadə etmək şansı qalmayıb. Və ona görə də, indi yeni strategiya müəyyən etmək məcburiyyətində qalıblar.

Maraqlıdır ki, Azərbaycanın Qarabağ iqtisadi regionunda olan erməni separatçı-terrorçular silah-sursatlarını və hərbi texnikalarını təhvil verməyə başlayıblar. Onlar tərksilah prosesi sona çatdıqdan sonra Azərbaycan ərazisindən çıxarılacaqlar. Qarabağ regionundakı erməni azlığı isə Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaq. Və hazırda bu proses intensiv şəkildə davam edir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Təbii ki, rəsmi Bakının erməni separatçı-terrorçuların 30 il ərzində nəzarətdə saxladığı "boz zona"nı həmişəlik ləğv etməsi Cənubi Qafqaz uğrunda mübarizənin istiqamətlərini ciddi şəkildə dəyişməyə başlayıb. Rusiya olduqca önəmli regional təsir mexanizmini itirib. İndi Kreml bu itkini kompensasiya etmək məcburiyyətində qalıb. Və bu, Rusiyanın regiondakı mövqelərinin ciddi şəkildə zəiflədiyini göstərir.

Məsələ ondadır ki, əgər, Rusiyanın müqavimət və müdaxilə resursları yetərli olsaydı, rəsmi Bakının lokal antiterror tədbirlərinə əngəl törətməyə çalışardı. Ancaq Azərbaycanın hərbi gücü və regional iradəsi, Türkiyənin Cənubi Qafqaza təsir imkanları, rəsmi Bakıya verdiyi dəstəyin prinsipial xarakter daşıması Rusiyanı reallıqla barışmaq məcburiyyətində buraxdı. Və rəsmi Bakının Qaradağa tam nəzarəti ələ keçirtməsindən sonra Kreml Cənubi Qafqazda prioritetlərini dəyişməli oldu.

Məsələ ondadır ki, Kremldə artıq anlayırlar ki, Rusiya sülhməramlı qüvvələrinin 2025-ci ildə Azərbaycan ərazisindən çıxarılması qaçılmaz xarakter daşıyır. Ona görə də, Rusiya hazırda Qarabağa nəzarəti itirmək perspektivini Ermənistanda kompensasiya etməyə can atır. Yəni, Azərbaycanın lokal antiterror tədbirlərinin nəticələrindən ortaya çıxan gərginlik mərkəzini Ermənistana yerləşdirməyə çalışır.

Belə anlaşılır ki, Kreml mövcud situasiya ilə böyük ölçüdə barışıb. Ancaq Rusiyanın Cənubi Qafqazdakı mövqelərini tam itirməmək üçün Ermənistanı yenidən nəzarət altına almaq niyyətindədir. Üstəlik, Kremldə onu da anlayırlar ki, Rusiyaya bağlı revanşist siyasi qüvvələr hakimiyyəti ələ keçirə bilsələr belə, Azərbaycana qarşı Qarabağ iddialarını davam etdirmək şansına artıq malik olmayacaqlar.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Bütün bunlar onu göstərir ki, Ermənistan indi Rusiyanın Cənubi Qafqazda "regional düşərgə" qura biləcəyi yeganə ölkədir. Ancaq Kremlin bu "regional düşərgə"ni təkrar qurması o qədər də asan olmayacaq. Çünki son üç il ərzində Paşinyan hakimiyyəti Ermənistanın bütün uğursuzluqlarını və problemlərini Rusiyanın üzərinə yükləməyi bacarıb.

Ermənistan cəmiyyətində Rusiyaya qarşı açıq düşmənçilik münasibəti maksimum həddə qədər güclənib. Nəticədə Rusiyanın nəzarətində olan Qarabağ klanı Paşinyan hakimiyyətinin devrilməsi üçün vacib xarakter daşıyan sosial baza defisiti ilə üzləşib. Yəni, Kreml nə qədər tələssə də, Ermənistanda hakimiyyət çevrilişi üçün yetərli resurslara malik deyil.

Digər tərəfdən, Paşinyan hakimiyyətinin təmsilçiləri çevrilişin onların şəxsi taleyinə necə təsir göstərəcəyini anlamamış deyillər. Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin "Ermənistana xəyanət edənlər mütləq cəzalandırılacaq" məzmunlu açıqlaması çevrilişdən sonra baş verəcək hadisələri təxmin etmək imkanı verir. Halbuki, yekun nəticə dəyişməsə belə, Dmitri Medvedevin açıqlamasını "Rusiyaya xəyanət edənlər" kimi qəbul etmək daha doğru yozum olardı.

Təbii ki, Paşinyan hakimiyyəti sona qədər müqavimət göstərmək niyyətində olduğunu qətiyyən gizlətmir. Baş nazir Nikol Paşinyanın öz yaxın ətrafına heç bir halda, istefa verməyəcəyini bildirməsi barədə yayılan məlumatlarda Ermənistanda hakimiyyət uğrunda amansız daxili savaşın başlandığını göstərir. Erməni baş nazir hətta dolayısı ilə ölkədə törədilən iğtişaşlara görə Rusiyanı günahlandırır.

814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)

İndi Paşinyan hakimiyyəti vaxt udmaq üçün maksimum səviyyədə müqavimət resurslarını cəmləşdirmək ehtiyacı duyur. Çünki bir müddətdən sonra daxili gərginliyin zəifləyəcəyi də qətiyyən şübhə doğurmur. Məhz həmin mərhələyə qədər duruş gətirəcəyi təqdirdə, Paşinyan hakimiyyəti öz mövqelərini yenidən möhkəmləndirmək şansı qazana bilər. Və buna nail olacağı haldasa, "Qarabağ yükü"ndən artıq xilas olan Paşinyan hakimiyyəti həm Azərbaycan, həm də Türkiyə ilə sülh müqaviləsi imzalamaqla, Rusiyanın pressinqindən tamamilə yayınmaq şansı qazanmış olacaq.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərb Paşinyan hakimiyyətinin müqavimətini artırmaq üçün bütün mümkün imkanlardan istifadə edir. Bəzi məlumatlara görə, Ermənistanda kütləvi iğtişaşların yatırılmasında Qərbdən, xüsusilə də, Fransadan olan qüvvələr də iştirak edir. Ermənistanda olan 100 nəfərə yaxın ABŞ hərbçilərinin isə Paşinyana bağlı xüsusi təyinatlı qüvvələrə kütləvi iğtişaşların yatırılması üzrə təlimlər keçdiyi də bildirilir. Və əgər, bu, doğrudursa, Ermənistanda baş verən hadisələrin arxasında gizlənən məqamları müəyyən etmək çətinlik doğurmaz.

Belə anlaşılır ki, Ukraynadan sonra ABŞ və Qərb Rusiya ilə bu dəfə Ermənistanda üz-üzə gəlib. Azərbaycanın lokal antiterror tədbirlərinin nəticələri Ermənistanda yeni "Ukrayna savaşı"na yol açıb. Yəni, Ermənistanda ABŞ və Rusiya arasında hibrid savaş mövcuddur. Bu iki nəhəng dövlət öz maraqları naminə erməniləri bir-birinə qarşı vuruşdururlar. Və bu, yaxın vaxtlarda Ermənistanın eynilə Ukraynanın taleyini yaşaya biləcəyini göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR