İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahar Muradova: “Cins seçimi məsələsi yenə də fokusda qalıb”

“2021-ci ildə respublikada qadınlara qarşı zorakılıqla müşayiət olunan 2197 cinayət qeydə alınıb. Bu cinayətlərin 20%-i və yaxud hər beşincisi qısqanclıq və sair ailə-məişət münaqişəsi səbəbindən baş verib”. 

Musavat.com xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, cinsi zorakılıqla bağlı dünyada da artım müşahidə edilib: “2021-ci ildə ölkəmizdə zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə verilmiş mühafizə orderlərinin sayı artıb. Ailə münaqişəsi zəminində görülən operativ сavab tədbirləri ilə 10 600 hüquqazidd əməlin qarşısı alınıb. Məişət zorakılığı ilə mübarizə sahəsində işlərin gücləndirilməsi məqsədilə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya” şöbəsi ötən il ərzində fəaliyyətə başlayıb”.

Bahar Muradova bildirib ki, 2021-ci ildə qadını nikaha daxil olmağa məcburetmənin baş verməsi ilə bağlı çoxsaylı faktlara rəğmən, cəmi bir cinayət qeydə alınıb. Erkən nikahla əlaqəli olan əmələ görə 6 cinayət işinə başlanılıb:

“Dövlət Komitəsinin ictimaiyyət və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə təhsildən yayınma hallarının qarşısının alınması sahəsində görülmüş tədbirlər nəticəsində 60 nəfər (onlardan 21-i qızdır) müəyyən edilərək təhsilə cəlb edilməsi təmin olunub. 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917, 2021-ci ildə 1650 olub”.

Komitə sədri deyib ki, 2021-ci ildə bu sahədə ən yuxarı göstərici Aran iqtisadi rayonunun payına düşür, daha sonra Gəncə-Qazax, Lənkəran və Yuxarı Qarabağ iqtisadi rayonları gəlir: “Ötən illə müqayisədə Abşeron, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında azalmaya doğru müsbət tendensiya müşahidə olunub. 2021-ci ildə cins seçimi məsələsi yenə də fokusda qalıb. Hətta 2020-ci ilə nisbətən cüzi artım müşahidə olunur. Cins nisbəti hər 100 qıza 115 oğlan təşkil edir ki, bu göstəricinin bioloji normadan yüksək olması ölkədə hələ də uşaqların doğulanadək cins seçiminə məruz qaldığını göstərir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR