İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağçalara, yoxsa tərbiyəçilərə nəzarəti gücləndirməli?

Sertifikasiyaya və nəzarət kameralarına bəslənən ümidlər

“Bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənədin hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyində iş başlayıb”.

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib. O bildirib ki, 2026-cı ilə qədər bu proses icra olunacaq. Şöbə müdiri həmçinin bağçalarda kameraların quraşdırılmasının nəzərdə tutulduğunu söyləyib.

Onun sözlərinə görə, bəzi bağçalarda artıq kameralar var, yerdə qalanlarda da kameralar quraşdırılacaq.

Bu tədbirlər dövlət və özəl uşaq bağçalarında körpələrə qarşı zorakılıq hallarının aradan qalxmasına nə dərəcədə müsbət təsir edəcək? Aydındır ki, bütün otaqlarda, künc-bucaqda kamera qoyulmayacaq. Demək, tərbiyəçi amili yenə ön plana çıxır. Bu xüsusda tərbiyəçilərin sertifikasiyası problemin həllini nə dərəcədə tezləşdirə bilər?

Psixoloq | Psixoloq.az - "Müsbətə köklənin, bu halda immun sistemi də  güclənir"-Psixoloq Əfsanə Rüstəmova

Tanınmış psixoloq Əfsanə Rüstəmova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ümumilikdə məktəbəqədər təhsil çox çətin, yüksək intizamlı bir sistemin olmasını tələb edir: “İntizam və sistem olmadığı hər yerdə xaosun olması, hansısa kənara çıxmaların olması qaçılmazdır. Bundan başqa, bizdə tərbiyəçilərin və müəllimlərin, pedaqoji heyətin uşaqlarla rəftarı birmənalı deyil və adətən müzakirələrə səbəb olur. Bunun səbəbi hər hansı bir vahid sistemin olmamasından qaynaqlıdır. Misal üçün, Arzu müəllimə bu cür metodika tətbiq edir, onun yerinə başqa müəllimə gəlirsə, başqa metodika yaradır. Əslində isə vahid sistem olmalıdır. Burada Arzu, Aysel, yaxud kimlərinsə oturmasının fərqi olmamalıdır. Birinci biz bunun düzəlməsi üçün çalışmalıyıq.

Bu gün beynəlxalq məsələlərə baxanda harada kı, insanlar uğur qazanır, onların hamısında danışan işçi yox, sistemdir. Bəzi özəl məktəblərdə artıq bunu qismən təmin edə biliblər. Biz övladlarımızı çox rahatlıqla ora göndərə bilirik. O ki qaldı Elm və Təhsil Nazirliyinin bu yanaşmasına, onlar da problemə dair nə isə etməyə çalışırlar. Onların bu atdığı addım heç də digərinin olmayacağına zəmanət vermir. Kamera sisteminin yaranması ilə hər hansı monitorinqlərin aparılması ilə bağlı məhdudiyyət yaratmır. Əksinə, müasir valideyn 24 saat video nəzarət istəyir. Evə gələndə isə övlad tamamilə nəzarətsizdir. Əgər bir uşağın taleyi bir müəllimin vicdanına qalırsa, bu çox böyük problemdir. Məhz bunu aradan qaldırmaq üçün çalışmalıyıq. Əlbəttə, təhlükəsizlik baxımdan kameraların olması müsbətdir. Bu kameralar hər yeri görmür yox, mütləq elə sistem qurulmalıdır ki, uşaqların daha çox vaxt keçirdiyi bölgələri görsünlər. Amma bu özlüyündə tərbiyəçini də əlavə stressə, işin keyfiyyətini isə aşağı salacaq. Valideynin də məktəbəqədər müəssisəyə birbaşa müdaxilə ehtimalını yaradacaq, çox böyük xaos yaradacaq. Bu günə qədər onsuz da əksər bağçalarda kamera var idi. Sadəcə, valideynlərə baxmaq üçün icazə verilmirdi. Burada birbaşa valideyn müdaxiləsi olacaqsa, düşünürəm ki, bu sistemin idarə edilməsi çox çətinləşəcək. Necə ki, biz məktəblərdə valideynləri müəllimlə birgə işə dəvət etdikdən sonra az qala gəlib məktəbdə direktorluq edir.

Əlbəttə, çox yaxşı olardı ki, həm bağçalarda, həm də məktəblərdə vahid sistem olsun. O sistemdən kənara çıxmalar böyük şəkildə rezonans doğursun və istər cərimə üsulu ilə, istər qınaqla nəticələnsin. Çünki tərbiyə üsuluna daha çox bunlar təsir göstərir. Digər hallarda kameraların olmadığı yerlərdə onlar öz bildiklərini edəcəklərsə, bu, uğursuz olacaq. Əgər bununla bağlı büdcə ayrılacaqsa, sistem qurulması üçün lazım olan bu pedaqoji, psixoloji heyət formalaşdırılmaldır. Hər bir halda atılan addım təqdirəlayiqdir. Heç nə edilməməkdənsə, bu, daha yaxşıdır".

Psixoloq əlavə edib ki, kameraların quraşdırılmasını bir test olaraq məktəbəqədər təhsildə yoxlamaq lazımdır: “Görək, gözlənilən faydanı verdimi? Bağçalara övladını gətirən valideynlər qarışıq bir qrupdur. Onların hamısını aktiv şəkildə görəcəksə, müdaxilə edəcəksə, pedaqoji işin gedişinə mane olacaqsa, mən bir pedaqoq kimi bunun uğurlu olacağını düşünmürəm. Amma burada əldə olunacaq fayda nədir. Kamera ilə bağlı təklifi verənlərin burada gözlədikləri maraq nədir? Onlar hansı fayda üçün bunu edirlər? Bunu müəyyən edəndən sonra müqayisə etməliyik ki, bu fayda bu büdcə ilə bizə lazımdır ya yox. Onun yerinə alternativ olaraq başqa nə təkliflər var.

Mən daha çox istəyərəm ki, pedaqoji kollektivin psixoloji sağlamlığını müəyyən edən hansısa bir qrup yaradılsın. Mütləq onlar ayda, rübdə bir dəfə hansısa yoxlamadan keçsinlər. Əks halda, qoyulan kameralar formal olacaq. Bir gün işıq sönəcək, kamera işləməyəcək, ya da texniki problem yaranacaq işləməyəcək. Eyni zamanda yalnız şəhərin mərkəzində olan bağçalara kameralar quraşdırılacaqmı? Doğrudan da, düşünürük ki, problem yalnız şəhərin mərkəzindədir? Biz ümumi faydalılıq istəyiriksə, niyə eyni marağı kənarda da təmin etmirik? Yenə deyirəm, ola bilər ki, idarə edə bilməyəcəyimiz xaos yaransın".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR