İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azyaşlı qızları zorlayanı cəmiyyətə təqdim etmək cinayətdir”

Aleksandr Gertsenin kitab haqqında belə bir deyimi var: “Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir”.

Amma bu ifadəni bütün dövrlərə və bütün nəsillərə şamil etmək olmaz. Çünki tarixdə neçə-neçə kitabların “pozulduğunu” da görmək olar. Hətta bəzən hansısa bir kitabın gələcək nəsillərə ötürülməsi cinayət kimi dəyərləndirilib. 1954-cü ildə SSRİ-də olduğu kimi...

KİTABLARİ.jpg (208 KB)

Yəqin ki, SSRİ dövrünü görənlər sovet vətəndaşlarının kitaba olan marağını yaxşı xatırlayırlar. Kitab mağazalarında olan növbələr də, əl altından satılan kitablar da, kitab alverçiləri də yaddan çıxmayıb. Bununla yanaşı, elə kitablar da olub ki, onları yalnız abunə yolu ilə əldə etmək mümkün olub. Bu sırada Böyük Sovet Ensiklopediyası siyahıda ilk yerlərdə dayanıb.

SSRİ-də Böyük Sovet Ensiklopediyası üç dəfə nəşr olunub, 1926-cı ildən 1947-ci ilə qədər nəşr olunan ensiklopediya 65 cilddən və bir əlavə “SSRİ” cildindən ibarət olub. İkinci dəfə ensiklopediyanın nəşrinə 1949-cu ildə başlanılıb, 1958-ci ildə 49 cild və bir əlavə “SSRİ” cildi ilə nəşr tamamlanıb. 1969-1978-ci illərdə nəşr olunan ensiklopediya isə 30 cilddə təqdim edilib. Bütün dövrlərdə ensiklopediyanın hazırlanmasına Mərkəzi Komitə tərəfindən ciddi şəkildə nəzarət olunub. Yalnız Mərkəzi Komitənin ideologiya üzrə katibinin imzasından sonra məqalələr toplusu çapa buraxılıb.

Ensiklopediyaya olan tələbatla bağlı maraqlı faktlar da az deyil. 1990-cı illərdə Moskvada və keçmiş SSRİ-nin böyük şəhərlərində ensiklopediyanın bütün cildləri böyük məbləğlərə satılıb. 1949-cu il nəşrinin “düzəliş” edilməyən 5-ci cildinin qiyməti isə bütövlükdə 50 cildin qiymətindən baha satılıb.

Maraqlıdır, “düzəliş” edilməyən 5-ci cildə maraq hansı səbəbdən yaranıb?

XRUSİK.jpg (86 KB)

1954-cü ildə Nikita Xruşov SSRİ-nin ən böyük kitabxanası sayılan Lenin adına Dövlət Kitabxanasında keçirilən tədbirdən sonra kitabxananın zallarını gəzib. Adi bir təsadüf sovet liderinin qəzəbinə səbəb olub. Böyük Sovet Ensiklopediyasının düzüldüyü rəflərin qarşısından keçən Xruşov cildlərdən birini götürüb və bir neçə saniyədən sonra o, əsəblərini boğa bilməyərək səsinin tonunu qaldırıb:

- Bu ensiklopediya ilə siz sovet vətəndaşlarına kimi təqdim edirsiniz? Cinayətkarı, xalq düşmənini, azyaşlı qızları zorlayan bir şəxsi, dövlət çevrilişi etmək istəyən bir canini? Yoxsa bu ölkədə baş verənlərdən xəbəriniz yoxdur? Bəlkə siz bunu qəsdən edirsiniz? Azyaşlı qızları zorlayanı cəmiyyətə təqdim etmək cinayətdir.

Xruşovu müşayiət edənlər nə baş verdiyini anlamayıb. Baş katibə ən yaxında dayanan Mərkəzi Komitənin katibi Mixail Suslov və həmin dövrdə Moskva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Yekaterina Furtseva isə Xruşovun açdığı səhifəni görəndə onun qəzəbinin səbəbini dərhal başa düşüblər. Belə ki, Xruşov təsadüfi olaraq rəfdən Böyük Sovet Ensiklopediyasının 1949-cu il nəşrinin 5-ci cildini seçib və kitabı səhifələyəndə 22-ci səhifə onun diqqətindən yayınmayıb. Həmin səhifədə isə Lavrenti Beriya haqqında məqalə olub.

Xruşovun qəzəbənin əsas hədəfinə Mərkəzi Komitənin idelogiya üzrə katibi Suslov düşüb. Elə həmin gün Mərkəzi Komitə hərəkətə keçib. “Böyük Sovet Ensiklopediyası” Dövlət Elm Nəşriyyatının rəhbərliyi Kremlə, Suslovun qəbuluna dəvət olunub. Üç saatdan artıq davam edən iclasın sonunda qərara alınıb ki, ensiklopediyaya abunə olanlara, ensiklopediyanın olduğu bütün kitabxana və digər qurumlara tələb məktubu göndərilsin.

Hazırlanmış məktubun mətnində tələb qoyulub ki, Böyük Sovet Ensiklopediyasının 5-ci cildinin 21, 22, 23, 24-cü səhifələri kəsilərək götürülsün. Hətta məktubda səhifələrin necə kəsilməsi də qeyd olunub. Daha sonra məktubda kəsilmiş səhifələrin yerinə hansı materialın yapışdırılması da göstərilib. Məktuba yeni məqalə əlavə olunub. Bu, Berinq dənizi ilə bağlı məqalə olub.

BERİYA.jpg (109 KB)

Maraqlı məqamlardan biri o olub ki, ensiklopediyada Berinq dənizi haqqında məqalə Sakit okeanla bağlı məqalədən iki dəfə böyük olub. Beriyanı sıradan “çıxarmaq” üçün ensiklopediya rəhbərliyi bu məcburiyyət qarşısında qalıb.

Məktubun icrasına nəzarəti Mərkəzi Komitə öz üzərinə götürüb. Bu işə daxili işlər orqanlarının əməkdaşları da cəlb olunublar. Ensiklopediyanın olduğu kitabxanalarda və digər qurumlarda məktubun icrasını yerli partiya komitələrinin əməkdaşları yoxlayıblar. Fərdi abunəçilərin məktubun tələblərinə necə əməl etmələrinə nəzarət isə ərazi üzrə milis əməkdaşlarına, sahə müvəkkillərinə həvalə olunub. Tələbə əməl etməyənləri partiya cəzası gözləyib.

Mərkəzi Komitənin növbəti iclaslarının birində Nikita Xruşov görülən tədbirlər haqqında maraqlanıb. Mixail Suslov Xruşovu sakitləşdirməyə çalışıb:

- Nikita Sergeyeviç, biz Beriyanı Berinq ilə əvəzlədik. Belə hesab edirəm ki, Beriyanın ensiklopediyaya düşməsində kimisə günahlandırmaq düzgün deyil. Dövr belə tələb edirdi.

Suslovun bu izahatı Xruşovu yenidən qıcıqlandırıb:

- Dövr bundan sonra daha çox işlər tələb edəcək və siz də fəaliyyətsiz oturub baxacaqsınız? Biz həmin ensiklopediyanı səhifələsək, köhnə dövrün ünsürləri ilə çox rastlaşacağıq. Buna görə də yeni ensiklopediyanın hazırlanması haqqında düşünməliyik. Mən sizə xəbərdarlıq edirəm, bu işlərlə ciddi məşğul olun.

Xruşov yeni ensiklopediyanın hazırlanması təşəbbüsünü irəli sürsə də, bu məsələ qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Xruşovdan sonra hakimiyyətə gələn Leonid Brejnev isə yeni ensiklopediyanın hazırlanmasında qərarlı təşəbbüskarlıq göstərib və bununla bağlı 1969-cu ildə sərəncam imzalayıb. Baş katibin əsas məqsədlərindən biri yeni ensiklopediyada özü haqqında hazırlanmış daha geniş, daha ətraflı və yeni vəzifələrinin təqdimatı ilə yeni məqaləni görmək olub.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR