Onlayn ictimai-siyasi qəzet
Hər bir insanın həyatında doğulduğu torpağın, böyüdüyü mühitin və aid olduğu xalqın böyük rolu var.
Bu baxımdan, mənsub olduğumuz millət, doğulub böyüdüyümüz torpaq, danışdığımız dil və sahib olduğumüz mədəniyyət bizim həyatımızın mənəvi dayaq nöqtəsidir.
Azərbaycanlı olmaq, bir millətin və dövlətin bir parçası olmaqdan daha çox, zəngin tarixi, mədəniyyəti, adət-ənənələri və dəyərləri ilə yaşayan bir ruh halı və yalnız coğrafi bir məkanla məhdudlaşmayan, dərin bir milli kimliklə dolu bir anlayışdır.
Azərbaycanlı olmaq, tarix, mədəniyyət, adət-ənənə, dil və torpağa bağlılıqdan başlayıb, tolerantlıq, birgəyaşayış və milli mənsubiyyətlə daha da dərinləşən bir mənadır.
Azərbaycanlı olmaq, əsrlərin sınaqlarından keçərək formalaşmış, Orxon-Yenisey abidələrindən və Dədə Qorqud dastanlarından başlayaraq müasir dövrümüzə qədər gələn zəngin bir irsin daşıyıcısına çevrilmiş bir varislikdir.
Azərbaycanlı olmaq, minilliklər boyu formalaşan, Nizami Gəncəvi, Xətai, Füzuli kimi dahilərin yaradıcılığına qədər uzanan tarixi irsi qürurla daşımaqdır.
Azərbaycan dili, bizim varlığımızın əsas sütunlarından biridir və azərbaycanlı kimliyinin ən önəmli elementidir. Hər bir azərbaycanlı üçün dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin və mənəvi irsin bir hissəsidir və xalqımızın mədəniyyətini və ənənələrini əks etdirən güzgüsüdür.
Azərbaycanlı olmaq, multikultural bir mühitdə müxtəlif etnik və dini qruplarla bir arada, sülh içində yaşamaq və fərqlərimizi bir güc mənbəyinə çevirmək və birlikdə daha güclü olmaq deməkdir.
Azərbaycanlı olmaq, digər mədəniyyətlərə hörmət etmək və öz dəyərlərini itirmədən başqalarının zənginliyindən ilham almaqdır.
Azərbaycan, yalnız coğrafi baxımdan Şərq və Qərb arasında körpü olmaqla qalmır, eyni zamanda fərqli mədəniyyətlər, müxtəlif xalqlar və dinlərin bir arada harmoniya içində yaşadığı bir ölkə kimi dünyaya unikal nümunədir.
Azərbaycan, multikulturalizm siyasətini yalnız ölkə daxilində deyil, dünyaya örnək olaraq təqdim etmişdir. Bu yanaşma sayəsində, Azərbaycan dünya miqyasında çoxmədəniyyətlilik və dini tolerantlıq modeli kimi tanınır.
Bu torpaqlarda bir arada yaşayan türk, talış, ləzgi, avar, kürd, udin, tat, rus, yəhudi və digər etnik qruplar mədəni müxtəlifliyi zənginləşdirməklə, Azərbaycanın ümumi mədəni irsinə böyük töhfə verməklə yanaşı, azərbaycanlı kimliyinin ayrılmaz bir parçasına çevriliblər. Bu müxtəliflik, Azərbaycanı zəngin bir mozaikaya çevirir.
Buna görə də, azərbaycanlı olmaq, yalnız müəyyən bir etnik qrupu deyil, ölkədə yaşayan bütün millətlərin və mədəniyyətlərin birliyini ifadə edir. Bu, Azərbaycanın tarixi boyunca formalaşmış və onun möhkəmliyini təmin edən əsas sütunlardan biridir.
Azərbaycanlı olmaq, vətən uğrunda canından keçməyi bacarmaq, şəhidlərimizin ruhuna hörmət etmək və bu torpağın hər qarışını müqəddəs bilməkdir.
Vətənimizi qorumaq üçün canını fəda edən igidlərimizin qəhrəmanlığı da azərbaycanlı olaraq ən böyük fəxr mənbəyidir. Onların mübarizəsi və şücaəti sayəsində biz bu gün müstəqil və suveren Azərbaycan Respublikasının vətəndaşları olaraq azad nəfəs alırıq.
Azərbaycanlı olmaq, yalnız millət, torpaq və dil anlamına gəlmir, bu, həm də milli qürur, şəxsiyyət və ləyaqət deməkdir. Bizim bir-birimizə dayaq olaraq, irsimizi qoruyaraq, gələcək nəsillərə yaşamaq üçün güclü və qürur duyduğumuz bir Azərbaycan miras qoymaq hədəfimiz olmalıdır.
Azərbaycanlı olmaq, həm də müasir dünyaya açıq olmaq, inkişafı və yeniliyi qəbul etməklə öz milli dəyərlərini qorumaq arasındakı tarazlığı tapmaq, milli-mənəvi irsini unutmadan yeni elm və texnologiyaları mənimsəyərək dünyada öz layiqli yerini tapmaqdır.
Azərbaycanlı kimliyi, keçmişə bağlı olmaqla yanaşı, həm də müasir dünyaya inteqrasiya olunmaqdır. Bu, Azərbaycan xalqının həm ənənələri qoruyub saxlaması, həm də elm, texnologiya və qlobal inkişafla ayaqlaşması ilə özünü göstərir.
Azərbaycanlı olmaq, qəlbinlə vətəni hiss etmək, onun uğurları ilə qürur duymaq, dəyərlərini yaşamaq və gələcək nəsillərə çatdırmaqdır. Bu, sadəcə bir kimlik deyil, bir həyat fəlsəfəsidir.
Hər birimiz fəxrlə azərbaycanlı olduğunu deyə bilməli, vrlığımızın ayrılmaz parçasına çevrilmiş bu kimliyi qürurla daşımalıdır.
Çünki bu kimlik, bizim ürəyimizdə həm tarixin zənginliyini, həm də gələcəyə ümid işığını daşıyır. Hara getsək, harda yaşasaq və hansı dildə danışsaq da, içimizdə kök salmış bir Azərbaycan var. Bu sevgi və bağlılıq, bizim həyat yolumuzda hər zaman ilham qaynağı olmalıdır.
Azərbaycan bizim üçün sadəcə vətən deyil, həm də damarlarımızda axan qan, danışdığımız dil, qəhramanlıqlarla dolu tarix və zəngin bir mədəniyyəti özündə birləşdirən milli həmrəylik ruhudur.
07 Yanvar 2025
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ