Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik müraciətində bu il yanvarın sonlarından başlayaraq Azərbaycana qarşı diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacağına ümid etdiyini bildirib.
Musavat.com-un məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, dövlət başçısı “yanvarın sonlarından başlayaraq” dedikdə böyük ehtimalla yanvarın 20-də ABŞ-ın Yeni Prezidenti Donald Trampın andiçmə mərasimini nəzərdə tutub:
“İlham Əliyev Co Bayden administrasiyasından fərqli olaraq Donald Tramp administrasiyasının Cənubi Qafqaz və Azərbaycan siyasətinin fərqli olacağı qənaətindədir. Bunu İlham Əliyevin Trampın Prezident seçilməsi münasibətilə onunla 25 noyabrdakı telefon söhbəti də sübut edir. Birincisi, İlham Əliyev telefon söhbətində Prezident Donald Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacağını vurğulayıb. İkincisi, İlham Əliyev birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyərək, ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylərin göstəriləcəyinə ümidvarlığını bildirib. Öz növbəsində Donald Tramp ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini söyləyib.
İsti mesajlardır. Önəmli olan Trampın dövlət katibi vəzifəsinə təyin edəcəyi Marko Rubionun və onun başçılığı ilə Dövlət Departamentinin Azərbaycanla tərəfdaşlıq münasibətlərini gücləndirməyə çalışmasıdır”.
E.Şahinoğlu digər məqamlara da toxunub: “Rubio senator kimi ermənilərin mövqeyini müdafiə edib, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə fikirlər səsləndirib. Dövlət katibi vəzifəsi Amerikanın dövlət maraqlarını ön planda tutmağı diqtə edir. Azərbaycanla əməkdaşlıq Amerikanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Azərbaycan üçün də ABŞ-la münasibətləri inkişaf etdirmək vacibdir. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan təyyarəsinin vurulmasıyla bağlı İlham Əliyevin iki – kompensasiya və cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirməyə həvəsli deyil. Üstəgəl, bu ildən başlayaraq Rusiyada miqrantlara qarşı siyasət sərtləşəcək, bunun qonşu ölkədə çalışan bir qrup azərbaycanlıya da mənfi təsiri olacaq”.
Politoloq hesab edir ki, belə vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməyə və ABŞ-la münasibətlərdə yeni səhifə açmağa ehtiyacı var.
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ