İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qlobal xarici siyasət kursu: Hadisələrin həm iştirakçısı, həm də istiqamətləndiricisi olacaq

Bu gün beynəlxalq siyasi sistem yenidən formalaşır. Planetin ayrı- ayrı yerlərində baş verən hadisələr, o cümlədən toqquşmalar, müharibələr və bunların nəticəsi olaraq qütbləşmənin sürətləndiyi bir vaxtda dövlətlərin xarici siyasət kursunun əhəmiyyəti daha da artır. Çünki xarici siyasət kursu təkcə ikitərəfli və çoxtərəfli əlaqələrin formasını özündə ehtiva etmir, həm də gələcək məqsədlərdən, ambisiyalardan xəbər verir.

İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbiri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yarandı. Bu isə öz-özlüyündə Azərbaycanın xarici siyasətində üçün yeni çağırışlara səbəb oldu.

Bir neçə il əvvələ kimi, rəsmi Bakının xarici siyasət kursu üçün əsas vəzifə ərazi bütövlüyünün təmin olunması istiqamətində diplomatik addımların atılması idisə, hazırda yeni missiyalar, çağırışlar var.

Azərbaycan Prezidenti İlham Əliyev yenidən prezident seçilməsi ilə bağlı olaraq fevralın 14-də keçirdiyi andiçmə mərasimində bu məqamlara da toxundu. Dövlət başçısı Azərbaycanda Vətən müharibəsindəki qələbədən sonra yeni dövrün başladığını diqqətə çatdırdı.

DİQQET.jpg (184 KB)

Ölkə lideri üçüncü dünya müharibəsinin faktiki olaraq çox yaxın olduğunu söylədi. Əlbəttə, bu, Azərbaycan xarici siyasətində də müəyyən düzəlişləri zərurətə çevirir. Prezident İlham Əliyev çıxışında bu barədə danışaraq qeyd etmişdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcək: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Prezidentin “Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır” ifadələri Azərbaycan xarici siyasət kursunun prinsipial xarakter aldığını göstərir. Artıq Azərbaycan təkcə qonşu ölkələrlə əlaqələri inkişaf etdirməklə, yaxud regional, lokal siyasətlə kifayətlənməyəcək. Bundan sonra rəsmi Bakı beynəlxalq aktora çevriləcək. Bir sıra mühüm beynəlxalq təşkilatlarda, o cümlədə Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında oynadığı rol onu deməyə əsas verir ki, bu gün Azərbaycan dünyada və regionda baş verən proseslərin əsas leymotivlərindəndir. Dünya dövlətlərinin Azərbaycana diqqəti, beynəlxalq aləmdə ölkəyə göstərilən inam və etimad dediyimiz fikirləri təsdiqləyir.

COP.jpg (112 KB)

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində onu da xatırlatdı ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək: “Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”.

Azərbaycana investisiya ayrılması uğrunda beynəlxalq rəqabət bir daha onu deməyə əsas verir ki, dünyanın aparıcı ölkələri və təşkilatları rəsmi Bakının qlobal siyasi aktor olması ilə razılaşır və bu faktla hesablaşırlar.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə davam edən Antalya Diplomatiya Forumu çərçivəsində çıxışı zamanı deyib ki, rəsmi Bakı artıq qlobal xarici siyasət kursuna keçir:

"Azərbaycan həmçinin bizim Qoşulmama Hərəkatına sədrliyimizə, Azərbaycanın COP29-da sədrliyinə əsaslanaraq strateji tərəfdaşlıq və dəyişkən həndəsə əsasında daha qlobal xarici siyasətə keçir. Biz, həmçinin, Braziliya, Azərbaycan və BƏƏ-nin iqlimlə mübarizədə birgə işlədiyi yeni dəyişən həndəsə modelləri qururuq. Biz Qafqazda, Yaxın Şərqdə və dünyanın digər yerlərində Mərkəzi Asiyadan olan qardaşlar və tərəfdaşlarla daha çox tərəfdaşlıq quracağıq. Dəyişən həndəsə yanaşması - yəni təşkilatda dəyişkən formada iştirak edilir. Üzv dövlətlərə əməkdaşlıqlarının daha da inkişaf etməsi üçün razılığa gəlməyə şərait yaradır və üzvlər arasında hər hansı bur məsələdə razılığın olmaması səbəbindən təşkilatın dalana dirənməsinin qarşısını alır.".

Beləliklə, Azərbaycanın qlobal xarici siyasət kursuna keçməsi kifayət qədər ciddi hadisədir. Bu o deməkdir ki, rəsmi Bakı bundan sonra beynəlxalq aləmdə baş verən hadisələrdə daha fəal rol oynayacaq, hadisələrin nəinki iştirakçısı, həm də istiqamətləndirici olacaq.

Kənan Novruzov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR