Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Azərbaycan ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından heç də geri qalmayan mühüm beynəlxalq tədbirə evsahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə mühüm ev tapşırıqlarının verilməsi də tədbirin önəmindən və mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlirdi.
COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Bu mənada bir neçə gün bundan əvvəl COP29 beynəlxalq konfransın Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın namizədliyinin tam yekdilliklə dəstəklənməsi ölkəmizin növbəti böyük uğura imza atmasının bariz nümunəsidir. Dövlət başçısının da söylədiyi kimi, bu qərarı bütün dünya ölkələrinin qəbul etməsi Azərbaycana növbəti dəfə böyük etimad və hörmətdir. Azərbaycanın əleyhinə olan mərkəzlərin xüsusilə Qarabağ Zəfərimizdən sonra ölkəmizə qarşı hər cür qaralama kampaniyalarını davam etdirdikləri halda, ölkəmizə göstərilən etimad həm də o məkrli paytaxtlara zamanında beynəlxalq müstəvidə verilmiş cavab oldu. Bəli, bu nəticə ilə Azərbaycan “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq” - cavabını vermiş oldu. On illərlə sürmüş işğalın nəticələrini təkbaşına ortadan qaldırmaqla, BMT Təhlükəsizlik Şurasının ayaq altı edilmiş qətnamələrinin icrasına nail olmaqla, heç kəsdən yardım ummadan yenə də təkbaşına, özünə güvənərək azad olunmuş bölgələrini dirçəltməklə özünü bir daha təsdiq etmiş Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Məhz QALİB ölkə olmağın məntiqi nəticəsidir, məğlublarla kimsə hesablaşmır.
Baxmayaraq, ki, Azərbaycan hələ işğalın davam etdiyi dönəmdə də qaliblərdən geri qalmırdı, ölkəmiz ən müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etməklə VARlığını nümayiş etdirirdi, imzasının imzalar içində olduğunu təsdiqləyirdi. Amma ərazi bütövlüyümüzün tam təmin olunmasından, separatçılığın kökünün kəsilməsindən sonra bu kimi beynəlxalq tədbirlərin öz yeri və rolu var. Xüsusilə də azad edilmiş Qarabağı, Şərqi Zəngəzuru həm də turizm ünvanı, yaşıl enerji mənbəyinə çevirməyi, on illər boyunca talan edilmiş sərvətlərimizi təkcə Vətən övladlarının deyil, həm də bəşər övladlarımızın rifah ünvanına çevirməyi hədəfləyən Azərbaycanın COP29 törənlərinə sahib çıxması tarixi hadisədir. Prezidentin qeyd etdiyi kimi, bu hadisənin önəmi, o cümlədən ondadır ki, varilən qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün (!) razılığı ilə mümkün olub. Yəni, burada yekdil mövqe bir daha özünü göstərib. Ancaq bu nəticə asanlıqla qazanılmayıb. Çünki antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürüblər. Heç şübhəsiz, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Dövlət başçımız son müşavirədə bu mövzuya toxunaraq qeyd edib ki, bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil: “Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”. Heç şübhəsiz, barışacaqlar, çünki Azərbaycanın regiondakı rolu və yeri danılmazdır, bunu bir sıra hallarda bizə düşmən münasibəti bəsləyənlər də etiraf edirlər.
Azərbaycan hələ iki öl əvvəlki tədbirdə, COP26-də iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün erkən xəbərdarlıq sisteminin yaradılması məqsədilə hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi barədə həyata keçirdiyi işlərdən bəhs etmişdi. Eyni zamanda “yaşı enerji” sahəsində atılan addımları diqqətə çatdırmışdı. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tədbirlrə haqqında Sərəncam imzalayıb. Azərbaycan “yaşıl enerji”ni artıq özünün enerji siyasətinin ayrılmaz hissəsi elan edib. Bu il Azərbaycanda bu istiqamətdə çox mühüm addımlar atıldı. Belə ki, külək enerjisindən istifadə ilə bağlı ciddi addımlar atıldı. Bu kimi əməli addımlar Azərbaycanın COP29-a evsahibliyi etməyə haqqı çatan ölkələr sırasında olduğunu bir daha təsdiqləyir.
Dövlət başçısının qeyd etdiyi kimi, bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Bəli, beynəlxalq birlik 30-40 ölkə deyil, beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərib. Ölkə rəhbəri xatırladıb ki, bu dəstək ilk deyil. Sitat: “Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir”. Azərbaycan Qoşulmama Hərəkatına üzvlüyə qəbul olunarkən bir çoxları bu qərara fərqli reaksiya verir, ölkəmizi Avroatlantika blokanda görmək istədiklərini bildirirdilər. Ancaq postsovet məkanının bir çox nöqtələrində yaşananlar, Qərbin oynadığı oyunlar, yaşanan dəhşətlər Azərbaycan rəhbərliyinin nə qədər uzaqgörən və dəqiq seçim etdiyini bir daha təsdiqlədi. Qoşulmama Hərəkatında məhz Azərbaycanın sədrliyi dönəmində canlanmanın baş verməsi, bu qurumun ayrı-ayrı şəbəkələrinin yaranması, təşkilatın qısa müddətdə böyük inkişaf yolu keçməsi hətta bir çox ölkələr tərəfindən də etiraf olunur. Vətən Müharibəsi zamanı, ondan əvvəl və sonrakı dövrlərdə rəsmi Bakının siyasətinə ədalətli dəstək verən təşkilatlardan biri də məhz Qoşulmama Hərəkatı oldu, deməli, seçimimiz tam doğru olub!
Haqlı olaraq vurğulanıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq yuxarıda qeyd olunduğu kimi, bu, Azərbaycanın ilk “imtahan”ı deyil, ölkəmiz bu günə qədər bir çox beynəlxalq tədbirlərə evsahibliyi edib, özü də yüksək səviyyədə. Prezident İlham Əliyev də xatırladıb ki, hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirdi. Sitat: “Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.
Çox ciddi rəqəmlərdir, bir orduya bərabər qonaqlar gələcək ölkəmizə! Hazırlıqlar üçün qarşıda 11 aydan da az vaxtın qalması səbəbindən dövlət başçısının sədrliyi ilə ilk müşavirənin keçirilməsini, müvafiq tapşırıqlarının verilməsini zəruri edib. Dövlətimizin başçısı əminliklə bildirib ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək. İqlim qurşaqları ilə zəngin ölkəmiz gələn il təkcə seçki prosesi ilə diqqət mərkəzində olmayacaq, həm də mühüm COP29 kimi beynəlxalq tədbiri ilə də beynəlxalq aləmin nəzər-diqqətini cəlb edəcək. Bu kimi mötəbər tədbirlər isə sabitliyin ən yüksək səviyyədə təmin olunduğu, ali iradəsi hörmət qoyulan, ciddi qəbul edilən dövlətlərin ərazisinə etibar edilir. Bu arada, Ermənistanın COP29-la bağlı Azərbaycanın namizədliyini qəbul etməsi və etirazını bildirməməsindən çox danışılır. Belə ki, Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir. “Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir”, - açıqlamada deyilir.
Artıq rəsmi İrəvan da Azərbaycanın bütün müstəvilərdə ondan çox irəlidə olduğunu yaxşı başa düşür və reallığı qəbul edir. İllər öncə Azərbaycan dövləti pandemiya bəlası ilə əlaqədar BMT-nin xüsusi sessiyasının çağırılması təşləbbüsünü irəli sürərkən 130-adək ölkənin dəstəklədiyi bu təşəbbüsün əleyhinə çıxan təkcə Ermənistan olmuşdu. O zamanla indiki arasında “yerlə-göy qədər” fərq var: indi Azərbaycan ərazi bütövlüyünü tam təmin etmiş, QALİB DÖVLƏTdir! Qalib dövlətin əleyhinə çıxmaq heç də uğura aparmır, gec də olsa, anlayıblarsa, bu, həm də özləri üçün yaxşıdır. Həm də mənəvi haqq məsələsi var axı... Azərbaycanın cənnət bölgələrində fəlakətlər yaşadan, çaylarımızı zəhərləyən, atmosferə tullantılar püskürən zavodunu təmirə belə imkanı yetməyən bir ölkənin iqlim dəyişikliyi ilə bağlı çıxış yolları aranmasına evsahibliyi etməsi absurd görünərdi. Üstəlik, bu səviyyədə beynəlxalq tədbirlərə evsahibliyi etmək hər ölkənin hünəri deyil. Azərbaycan dövlət başçısı Bakıda keçirilən beynəlxalq yarışda hətta Ermənistan idmançısına medal təqdim etdiyi halda, İrəvanda elə bu il keçirilən idman yarışında, bu ölkənin rəhbərliyinin əyləşdiyi zaldaca bayrağımız yandırılmışdı... Müqayisə ortada. Ermənistanın mövcud durumu hətta iştirakçı dövlətlərin bayraqlarını belə, qorumağa imkan vermir, o ki qaldı, yüz minədək qonağın təhlükəsizliyini təmin etməyə. Elə bu gün İrəvanda 3 nəfər güllələnib...
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ