Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Musavat.com xəbər verir ki, bu barədə qərar UNESCO-nun Paraqvayın Asunsion şəhərində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyasında verilib.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də elan edilib.
Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.
Qərarın elan edilməsinin ardınca çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni irs nümunəsini dəstəklədiklərinə görə təşəkkür edərək çıxış üçün sözü Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifovaya verib.
Sessiyada çıxış edən nazir müavini Səadət Yusifova ilk növbədə müsbət qərarın qəbuluna görə Qiymətləndirici orqana və Katibliyə təşəkkür edib. Qədim ənənələrə söykənən təndir sənətkarlığının Reprezentativ Siyahıya daxil edilməsinin xalqımız üçün əlamətdar olduğunu vurğulayıb. Sürətlə müasirləşən dünyada mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının xüsusi önəm daşıdığını qeyd edən S.Yusifova bu istiqamətdə Mədəniyyət Nazirliyinin təşəbbüslərindən də danışıb. COP29 çərçivəsində təqdim edilən İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsü haqqında məlumat diqqətə çatdırılıb.
Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilib. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur.
Sessiya dekabrın 7-dək davam edəcək.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ