Onlayn ictimai-siyasi qəzet
Bakıda, Türk Ticarət Mərkəzində Beynəlxalq Demokratlar Birliyinin (UİD) Azərbaycan üzrə nümayəndəliyi fəaliyyətə başlayıb.
Musavat.com bildirir ki, bununla bağlı qurumun ofisində möhtəşəm tədbir keçirilib. Tədbirdə, Türkiyə və Azərbaycanın millət vəkilləri, iş adamları, ziyalılar, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, Antalyadan olan millətvəkili, Türkiyənin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu, media nümayəndələri, Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycan təmsilçisi Ufuk Turganer, gənclər və digər qonaqlar iştirak edib.
UİD-in Azərbaycan nümayəndəliyinin rəhbəri Könül İbrahimova giriş nitqi ilə çıxış edərək bildirib ki, təşkilat dünyada yaşayan türklərin və türkdilli insanların problemlərini diqqətə saxlayıb. UİD-in Azərbaycan üzrə yeni rəhbəri Çengiz Aygör isə bundan sonrakı fəaliyyəti haqqında məlumat verərək deyib ki, məqsədimiz türkdilli xalqların birliyinə və üzləşdikləri problemlərini həll edilməsi istiqamətində ciddi fəaliyyət göstərəcəyik. UİD rəhbəri Kenan Hasan Aslan çıxışında bildirib ki, məqsəd bu gün dünyadakı, xüsusən də Qərbdə ayrıseçkiliyə qarşı mübarizə aparmaq, multikulturalizmi, demokratik dəyərləri təşviq etmək, soydaşlarımızın hüquqlarını müdafiə etməyə çalışacağıq.
Xatırladaq ki, UİD 2004-cü ildə Almaniyanın Köln şəhərində qurulub. Məqsəd Türkiyədən kənarda yaşayan Türk toplumu və türkdilli xalqların qarşılaşdığı sosial, siyasi və mədəni problemlərinin həlli istiqamətində addımlar atmaqdır.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Demokratlar Birliyinin Bakı bürosunun əhəmiyyətli işlər həyata keçirəcəyinə böyük inam bəslədiyini söylədi: “Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən və iş dünyasını təmsil edən Azərbaycan-Türk İş Adamları Birliyi və MÜSİAD Azərbaycanın da olduğu bir yerdə UİD Azərbaycanın Bakıda yeni bir komanda ilə fəaliyyətə başlaması mühüm addımdır”. Diplomat dedi ki, Türkiyənin Avropadakı bu təsisatının Bakıda da bürosunun fəaliyyət göstərməsi birliyimizi daha da gücləndirir və əməkdaşlığımızın inkişafına zəmin yaradır.
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu iştirakçıların böyük sevgisi və alqış sədalarının müşayiəti ilə tribunaya qalxdı. Vətən müharibəsi zamanı Azərbaycanın apardığı haqq davasını dəstəkləyən və hər an yanımızda olan diplomat bildirdi ki, Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur. M.Çavuşoğlu bildirdi ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyində torpaqlarını işğaldan azad edib: “Azərbaycanda sabah baş tutacaq Qərbi Azərbaycan İcmasının tədbirinə qatılmaq üçün gəlmişəm. Bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilməkdən qürur duydum. Milli Məclis üzvləri ilə də görüşməkdən çox şad oldum. Bütün bunlar göstərir ki, biz xoş gündə də, dar gündə də birlikdəyik”. M.Çavuşoğlu ardınca Azərbaycan-Ermənistan sülh danışıqlarından söz açaraq müsbət nəticələrin əldə ediləcəyini əminliklə söylədi: “Müzakirələr davam edir və müsbət nəticələrə inanırıq. Ermənistanın Azərbaycanın xoşniyyətli təkliflərinə müsbət cavab verməlidir”. Eyni zamanda o, yurd-yuvalarından didərgin düşmüş Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmalı olduğunu bəyan etdi: “Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində mədəniyyət abidələrinin dağıdılmış şəkildə olması və mina təhdidi kimi problemlər mövcuddur. Ancaq bərpa-quruculuq işləri də sürətlə həyata keçirilir və məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıdırlar. Qərbi azərbaycanlıların da qayıtmasına şərait yaradılmalıdır”.
M.Çavuşoğlu bu il Azərbaycanın azad edilmiş əraziləri daxil, bütün torpaqlarında parlament seçkilərinin keçirilməsini xüsusilə vurğuladı. Bildirdi ki, cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bayrağının dalğalandığı torpaqlarda böyük inkişaf var və qaçqın-köçkünlər də öz yurdlarına dönürlər. Millət vəkili Cənubi Qafqazın enerji baxımından rolunun artmasından da danışdı. Bildirdi ki, bölgənin enerji və digər bir sıra məsələlərlə bağlı rolu artır və bu da əməkdaşlıq imkanlarını daha da genişləndirir. Ardınca təsis olunan təşkilatdan bəhs etdi: “UİD-in yarandığı gündən qət etdiyi yol olduqca təqdirəlayiqdir. Birlik olduğu yerlərdə türk icmaları üçün böyük işlər həyata keçirib, həmçinin azərbaycanlılarla üçün də xidmət göstərib. Hazırda diqqətdə olan məsələlərdən biri xaricdə yaşayan azərbaycanlılarının hüquqlarının müdafiə edilməsinə daha çox dəstək göstərməkdir ki, bu istiqamətdə UİD-nin işlərinin genişlənəcəyinə inanırıq. Xeyirli-uğurlu olsun”.
Yekunda M.Çavuşoğlu bildirdi ki, hər zaman Türkiyə və Azərbaycan olaraq bir yerdəyik, bərabərik: “Bir millətik, iki dövlətik. Amma gərək olan zaman bir dövlət kimi hərəkət etməyə də hazırıq”.
Sonda xatirə hədiyyələri təqdim olundu, fotolar çəkdirildi.
Elşad Paşasoy,
Musavat.com
05 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ