Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdə görüş Dekabrın 4-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
Qonağı səmimi salamlayan Milli Məclis sədrinin müavini, ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan dövlətlərarası münasibətlərdən söz açıb. Dünya dövlətləri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ölkə başçılarının rolu xüsusi qeyd edilib, iki qardaş ölkə arasında dostluq münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin rolu vurğulanıb.
Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayan Vitse-spiker Ziyafət Əsgərov, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin bağlanmasına ən böyük maneə olduğuna, Fransa və digər ölkələrin normallaşma prosesinə müdaxilələrinin, eləcə də Ermənistanın sürətlə silahlanmasının regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığına diqqəti çəkib.
TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Türkiyə və Azərbaycan arasında bütün sahələr üzrə uğurla inkişaf edən münasibətlərin strateji xarakterinə toxunub, ölkəmizə səfərinin məqsədinin Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirak olduğunu bildirib. Qonaq qeyd edib ki, konfrans, öz dədə-baba yurdlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın haqlarının qorunması, beynəlxalq ictimaiyyətə reallıqlar barədə məlumatların çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Söhbətdə, bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ən yüksək səviyyədə təşkil olunması və burada qəbul edilmiş qərarların böyük əhəmiyyət daşıdığı vurğulanıb. Tədbirdə, xeyli sayda dövlət və hökumət başçısının, o cümlədən Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı yüksək qiymətləndirilib.
Musavat.com
05 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ