İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda repetitorluq bu halda ləğv ediləcək - Ekspert deyir ki...

Kamran Əsədov: “Əgər o yanaşmalar həyata keçirilərsə, gələcəkdə repetitorluq ehtiyacdan çıxa bilər”

“Repetitorluq direktivlə ləğv edilən sahə deyil”. “Yeni Müsavat” bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, məktəbin nüfuzu qalxdıqca repetitorluğun nüfuzu düşəcək: “Ancaq repetitorluq və onun kimi başqa hansısa prosesi nazir əmri, Milli Məclis qərarı ilə dayandıra bilmərik”.

Bəs nazirin əmri ilə olmasa da, nə vaxtsa repetitorluğun ləğvi mümkünmü? Bu yöndə dövlətin edə biləcəkləri nədir?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, repetitorluq hazırda Azərbaycanın təhsil sistemində paralel və qeyri-rəsmi şəkildə mövcud olan, lakin sistemin içindən qidalanan bir fenomendir: “2023-cü ildə aparılan qeyri-rəsmi sorğulara əsasən, Bakı şəhərində 11-ci sinif şagirdlərinin 78 faizi heç olmasa bir fənn üzrə repetitor yanına gedir. Regionlarda bu göstərici bir qədər aşağı olsa da, artmaqda davam edir. Bu isə göstərir ki, repetitorluq artıq istisna hal deyil, geniş yayılmış sosial davranış modelidir. Əgər bir fenomen geniş yayılıbsa, deməli onun səbəbləri sistematikdir və fərdi seçimdən daha çox struktur zəifliklərinin nəticəsidir”.

Ekspertə görə, ödənişli repetitor dərsləri sosial təbəqələşməni artırır və maddi imkanı olan şagirdlərlə olmayanlar arasında ciddi fərqlər yaradır: “Bu, təhsil nəticələrinin ədalətli bölgüsünə ciddi şəkildə mənfi təsir göstərir. Bununla belə, repetitorluğun mövcudluğunun səbəbləri dərindən araşdırıldıqda, onun yalnız ailələrin təşəbbüsü ilə deyil, məktəb sistemindəki keyfiyyət çatışmazlıqları ilə bağlı olduğu aydın görünür. Bir çox məktəbdə tədris proqramı sadəcə kurikulumun icrasına yönəlib, şagirdin qəbul imtahanlarına sistemli şəkildə hazırlanması isə nəzərə alınmır. Müəllimlərin əlavə gəlir əldə etmək məqsədilə məktəbdə əsas bilikləri verməyib repetitor kimi fəaliyyət göstərməsi də etiraf edilməli acı reallıqdır. Bu isə məktəbdə verilən biliklərin səmərəliliyinə olan inamı sarsıdır və repetitorluğa tələbi artırır”.

Kamran Əsədov:Bu keçid dövrünü planlı şəkildə həyata keçirsək, həm ali  təhsilin keyfiyyəti yüksələcək, həm də şəhərin nəqliyyat problemi həll  olunacaq...

K.Əsədovun fikrincə, müsbət cəhət ondan ibarətdir ki, repetitorluq bəzi hallarda fərdi yanaşma və şagirdin potensialının tam inkişafı üçün real imkan yaradır: “Məktəblərdə 30 nəfərlik siniflərdə fərdi yanaşma, demək olar ki, mümkün deyil. Amma repetitor yanına gedən şagirdlər daha çox diqqət və fərdi izah alır. Bu isə nəticəyə müsbət təsir edir. Amma bu nəticə yalnız fərdi səviyyədədir və sistemin bütövlükdə keyfiyyətini yüksəltmir. Dünya təcrübəsi göstərir ki, repetitorluq yalnız zəif təhsil sistemlərinə xas deyil. Hətta inkişaf etmiş ölkələrdə də müəyyən mərhələlərdə repetitorluğa müraciət halları var. Məsələn, Cənubi Koreyada repetitor sənayesi (hagwon sistemi) çox güclüdür, lakin dövlət bu sahədə ciddi nəzarət və lisenziyalaşdırma mexanizmləri tətbiq edir. Finlandiyada isə repetitorluğa ehtiyac çox azdır, çünki məktəb təhsili yüksək keyfiyyətlidir və təhsil bərabərliyi təmin olunub. Bu ölkədə şagirdlərin 95%-dən çoxu repetitorluq olmadan universitetə qəbul ola bilir. Bu isə göstərir ki, təhsil sistemi gücləndikcə, repetitorluq təbii şəkildə zəifləyir”.

Ekspert də hesab edir ki, repetitorluğun inzibati yollarla, nazir əmri və ya Milli Məclis qərarı ilə ləğvi mümkün deyil: “Təhsilin idarə olunmasında fərqli yanaşmaların tətbiqi vacibdir. Məsələn, ABŞ-da ”Response to Intervention" (RTI) modeli ilə məktəb daxilində ehtiyacı olan şagirdlər üçün mərhələli şəkildə əlavə dəstək göstərilir. Bu model Azərbaycanın təhsil sistemi üçün də adaptasiya edilə bilər. Əlavə olaraq, müəllimlərin motivasiyası və maaşlarının artırılması, peşəkar inkişaf proqramlarının stimullaşdırılması repetitorluğun qarşısının alınmasında mühüm rol oynaya bilər. Çünki hazırda bir çox müəllim, məktəbdə verdiyi dərslərin yanında əlavə repetitorluqla dolanışığını təmin edir. Bu isə təhsildə maraqların toqquşmasına səbəb olur.

Repetitorluğun nəzarətsiz və qeyri-rəsmi şəkildə fəaliyyət göstərməsi həm vergi itkilərinə, həm də təhsildə şəffaflıq probleminə yol açır. Dövlət bu sahədə minimal tənzimləmə və qeydiyyat sistemini tətbiq edərək həm şəffaflığı artıra, həm də keyfiyyəti izləyə bilər. Bu zaman repetitor fəaliyyəti lisenziyalaşdırılmalı, keyfiyyət göstəricilərinə görə qiymətləndirilməli və təhsil siyasətinə inteqrasiya edilməlidir.

Əgər bu yanaşmalar həyata keçirilərsə, gələcəkdə repetitorluq ya ümumiyyətlə ehtiyacdan çıxar, ya da formal təhsil sisteminə dəstək verən tənzimlənmiş mexanizmə çevrilər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR