Onlayn ictimai-siyasi qəzet
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin 5 ayı ərzində 19381 nikah, 9040 boşanma halı qeydə alınıb. Bu müddətdə rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 544 yeni doğulmuş körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6-dan 4,6-ya qədər azalıb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə yüksəlib.
Aradakı fərq sözsüz ki, əhalinin təbii sayına öz neqativ təsirini göstərib. Əhali sayı, genofond isə həm də milli təhlükəsizlik məsələsidir.
Bəs Azərbaycan üçün demoqrafik problem nə dərəcədə ciddidir? Bəllidir ki, bir çox ölkələrin, o cümlədən qonşu Rusiya və Ermənistanın əhalisi ilbəil azalır. 2025-ci ilədək onların əhali sayı minimal həddə düşəcək. Azərbaycan üçün aşağı-yuxarı belə təhlükə varmı? Mütəxəssislər bu barədə nə düşünür?
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bəli, statistika da onu göstərir ki, ölkədə boşanmaların sayında dinamika müşahidə olunur. Göstərilən statistika da rəsmi rəqəmlərdir, reallıq bu statistikadan daha çox ola bilər. Qeyd edim ki, hazırda nikaha girmə yaşı da artır. Bu gün gənclər arasında sorğular keçirəndə görürük ki, nikaha girmədə gecikmələr var. Səbəb isə odur ki, qızlar və oğlanlar indi daha çox karyeralarını düzəltməyə, yalnız bundan sonra, yəni tam təminatdan əldə etdikdən sonra ailə qurmağa çalışırlar”.
Sosioloqa görə, digər ölkələrlə müqayisədə Azərbaycanda ciddi dərəcədə demoqrafik təhlükə yoxdur: “Ölkəmizdə vəziyyət hələ ki ümidvericidir. Lakin bəzi ölkələrdə, xüsusilə də Çində, Yaponiyada vəziyyət xeyli fəlakətlidir. Çünki həmin ölkələrdə gənclər arasında bir subaylıq sindromu var. Virtual həyat, internet, sosial şəbəkə gənclərin həyatına o qədər daxil olub ki, artıq onlar ailə qurmaq haqqında düşünmürlər.
Azərbaycana gəldikdə, məlum olduğu kimi, cəmiyyətimiz ənənəvi cəmiyyətdir. Adətən ənənəvi cəmiyyətdə ailə qurmaq önəm daşıyır. Lakin Azərbaycan müstəqillik əldə etdikdə sonra ailə dayanıqlığında müəyyən dəyişikliklər var ki, bu da səbəbsiz deyil. Ümumiyyətlə, qlobal dəyişmədə baş verən hadisələr bütün ölkələrə təsir edir, o cümlədən də Azərbaycana. Belə ki, əvvəllər qadınlar iqtisadi fəal əhali kimi az idilər və kişilərdən iqtisadi cəhətdən asılı olurdular və buna görə daha çox ailə dayanıqlığı var idi. Ancaq indi artıq qadınlar da kişilərlə bərabər işləyir, onlar müstəqil yaşamaq istəyirlər, əvvəlki kimi təzyiqlərə tolerant yanaşa bilmirlər və sairə. Təbii ki, bu da öz təsirini mütləq göstərir.
Həmçinin televiziyalara bəzi şou proqramlar var, hansı ki, ailə dəyərlərinin məhv olmasına gətirib çıxarır. Bütün bu məsələlərin özünə məxsus təsirləri olur. Digər önəmli məqamlardan biri də budur ki, gənc ailələrin qayğıları artıb, xüsusən də mənzil problemləri ilə bağlı. Çox yaxşı olardı ki, aztəminatlı ailələrə dövlət dəstəyi daha artsın və davamlı olsun. Gənc ailələr uçun güzəştli mənzillərin ipoteka şərtləri bir qədər də sadələşdirilə bilər. Hesab edirəm ki, bu da ailə dayanıqlığına öz təsirini göstərə bilər".
Sosioloq həmçinin qeyd edib ki, ailə dayanıqlığı üçün ailə quran cütlüklərlə sosial-psixoloji iş aparmalıdır: “Müvafiq qurumlar, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə və sairə yerlərdə də bununla bağlı fəaliyyət göstərməlidir. Ailə psixoloqları, ailələrlə işləyən sosial işçilər olmalıdır. Çox yaxşı olardı ki, orta, həmçinin ali məktəblərdə ailə dərsləri tədris olunsun, ailə dəyərləri təbliğ edilsin. Televiziyalarda örnək ailələrlə bağlı portret verilişlər hazırlansın.
Daha bir məsələ, ailənin böhranlı dövrləri olur ki, çox yaxşı olardı həm dövrlər müvafiq qurumlar, psixoloqlar, ailə psixoloqları və sosial işçilər həmin ailələrlə söhbətlər aparsın, müvafiq qurumların pozitiv, humanist müdaxilə proqramları tətbiq olunsun. Eyni zamanda münaqişəli ailə yaxşı olar ki, qeydiyyata götürülsün və həmin ailə ilə iş aparılsın.
Ailələr bütövlükdə sağlam əsaslarla qurulmalıdır, nəinki hesablar əsasında. Boşanmalarla bağlı araşdırmalar onu göstərir ki, boşanmalar daha çox hesabla qurulan ailələrdə baş verir. Reproduktiv sağlamlıq da önəmli məsələlərdən biridir. Çünki boşanmaların statistikasına diqqət edəndə görürük ki, daha çox uşaqsız ailələrdə boşanmalar baş verir. Adətən uşaq ailəni, cütlükləri bir birinə bağlayan amildir. Beləliklə, hesab edirəm ki, dövlət tərəfindən ailələrə diqqət daha da artırılmalı, xüsusən çoxuşaqlı ailələrə sosial dəstək tədbirləri olmalıdır. Çünki ailə sağlamdırsa, demək, cəmiyyət də sağlamdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ