İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məhkəmənin ölmüş hesab etdiyi şəxs Suriyada tutulub -məhkəmə işi  

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakini  Şahin Salayevə hökm oxunub. Hökmə əsasən, 57 yaşlı Şahin Salayev Suriyada dini radikalizm zəminində silahlı münaqişələrə qatılmaqda təqsirli sayılıb və ona 7 il həbs cəzası kəsilib.

Musavat.com xəbər verir ki, Şahin Salayevin həbsindən sonra məlum olub ki, 7 il əvvəl Suraxanı Rayon Məhkəməsi onun ölmüş hesab edilməsi barədə qərar verib.

Şahin Salayevsə Bakıda ölüm hesab edildiyi bir vaxtda Suriyaya döyüşməyə gedibmiş. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları onu 2023-cü ilin yanvarında həbs ediblər.

İttiham aktına görə, dini ləqəbi “Abu Muhəmməd” olan Şahin Salayev Suriya ərazisindəki silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2020-ci ilin ortalarında İdlib şəhərinə gedib. Orada dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, “Taifatul Mansura” adlı qanunsuz silahlı qruplaşmaya qoşulub və 2021-ci ilin sonlarınadək həmin qruplaşmanın tərkibində silahlı münaqişələrdə iştirak edib. 

1966-cı il təvəllüdlü Şahin Salayev ittiham üzrə özünü təqsirli bilmir. O, məhkəmədə Suriyaya getdiyini, bir müddət orada yaşadığını etiraf edib. Ancaq iddia edir ki, məqsədi döyüşmək olmayıb, arvadıyla uşaqlarının arxasınca gedib. Onun sözlərinə görə, üç arvadı olub – birincisiylə rəsmi nikah bağlayıb, sonrakı ikisiylə isə qeyri-rəsmi nikahda yaşayıb.

Məhkəməyə ifadəsində Suriyaya ikinci arvadı və ondan olan övladlarının arxasınca getdiyini söyləyir. Deyir ki, 2010-cu ildə - üçüncü arvadıyla yaşadığı dövrdə onunla və övladıyla birlikdə Bakıdan Dubaya, oradan Misirə gediblər. Həmin vaxt Misirin paytaxtında universitetdə təhsil alırmışlar:

“Orada olanda mənə xəbər verdilər ki, ikinci arvadım uşaqları da götürüb, Suriyaya gedib. Mən onların arxasınca getdim ki, götürüb Qahirəyə gətirim. Suriyanın Hələb şəhərinə çatanda gördüm ki, darmadağındı. Türkiyə ilə sərhədə yaxın bir yerdə qalırdım. Orada ev bombalanarkən sənədlərim məhv oldu. Sonra azərbaycanlıları tapdım, onların yanına gedib-gəldim...”

Şahin Salayev şəxsi silahının olmadığını, döyüşmədiyini iddia edib. Onun sözlərinə görə, bir müddət sonra Suriyada yaşadığı yerə “Əl-Qaidə” terror təşkilatının üzvləri hücum edərək, onları əsir götürüblər:

“Bizi ölkədən çıxardılar. Mən bir müddət Türkiyədə saxlandım. Sonra Azərbaycana təhvil verildim”.

Şahin Salayevin 7 il öncə məhkəmə qərarıyla ölmüş elan olunması məsələsinə də aydınlıq gətirilib. Bilinib ki, onun rəsmi nikahı olub, sonradan boşandığı arvadının müraciətindən sonra məhkəmə belə bir qərar çıxarıb.

Həmin qadın da Bakı Ağır Cinayətlər Məhkəməsində şahid kimi dindirilib. O deyib ki, 1993-cü ildə ailə qurublar, amma fərqli inancları baxımından ayrılmaq qərarına gəliblər və 2006-cı ildə boşanıblar. Əvvəllər övladlarına görə aliment ödəsə də, sonradan dayanıb. Aliment problemiylə əlaqədar şikayətçi olanda öyrənib ki, sonuncu dəfə Bakı-Dubay reysilə ölkədən çıxıb. Onun olduğu yer 5 il ərzində müəyyənləşdirilmədiyindən, məhkəmə keçmiş ərini ölmüş elan edib.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR