İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İlham Əliyevə mühüm siyasi jest: Bu, həm də o deməkdir ki...

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib. Bu barədə dövlət başçısı "X" sosial səhifəsindəki hesabında paylaşım edib.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.

Qeyd edək ki, fotoşəklin üzərində bu sözlər yazılıb: "Ilham, You are Great Leader" ("İlham, Siz böyük lidersiniz").

Siyasi şərhçi Kənan Novruzov Musavat.com-a bildirdi ki, avqustun səkkizində Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılıqlar nəticəsində regionda yeni reallıqlar yarandı: “Bu yeni “oyun qaydaları”nın formalaşmasında Ağ Ev rəhbəri Donald Trampın mühüm rol oynadı. Faktiki olaraq ABŞ-nin səyləri nəticəsində bölgədə sülh təmin olundu. O da bəllidir ki, Ağ Evdə keçirilən görüşdə Tramp Azərbaycan liderinə xüsusi ehtiram nümayiş etdirdi. Trampın İlham Əliyevi Ağ Evin qarşısında qarşılaması, onu Ağ Evin simvolik açarını təqdim etməsi, tərəflər arasında səmimi dialoqlar bunun bariz təzahürüdür.

ABŞ dövlət başçısının "İlham, Siz böyük lidersiniz" sözləri yazılmış fotonu Azərbaycan liderinə göndərməsi isə rəsmi Vaşinqtonun Bakıya göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir. Bu ritorika, əlbəttə, təsadüfi deyil. Görünən odur ki, ABŞ Azərbaycanın regionda və dünyada oynadığı rolu yaxşı anlayır.

Ümumiyyətlə, Trampın Cənubi Qafqaz siyasəti təkcə Azərbaycan faktoru ilə yox, həm də məhz İlham Əliyev fenomeni ilə bağlıdır. Ağ Ev rəhbəri təkcə Azərbaycanın deyil, həm də həmkarının dünyada artan nüfuzunu anlayır və bununla hesablaşır.

Onu da deyək ki, Trampın azərbaycanlına həmkarının ünvanına səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətin də diqqətindən kənarda qalmayıb.

Beləliklə, Trampın "İlham, Siz böyük lidersiniz" sözü yazılmış fotoşəkli azərbaycanlı həmkarına göndərməsi həm də çox böyük siyasi jest və mesajdır”.

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR