Onlayn ictimai-siyasi qəzet
“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə tarixi fotoşəkillər hədiyyə etməsi və üzərinə “Siz böyük lidersiniz” sözlərini yazması onun Azərbaycan dövlətinə və onun liderinə verilən yüksək qiymətin bariz nümunəsidir”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, bu addım eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyada artan nüfuzuna, ölkəsinin milli maraqlarını qətiyyətlə qoruması bacarığına, xüsusən də Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindəki qətiyyətinə verilən böyük dəyərdir: “Bu mesaj həm də ABŞ–Azərbaycan münasibətlərində yeni bir səhifənin açıldığını nümayiş etdirir. Hesab edirəm ki, bu səhifə strateji əməkdaşlığın daha da dərinləşməsinə, regionda sülh və inkişafın möhkəmlənməsinə xidmət edəcək”.
S.Salmanova bildirib ki, Azərbaycan–ABŞ münasibətləri ötən illər ərzində qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub: “Enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadi və humanitar sahədə əmıkdaşlıq əlaqələri iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. Bu gün isə münasibətlər sadəcə əməkdaşlıq çərçivəsindən çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. ABŞ-nin Cənubi Qafqazda sülh təşəbbüslərinə verdiyi dəstək, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə göstərdiyi qətiyyət regionda dayanıqlı sülhün formalaşmasına xidmət edir. Azərbaycan isə öz növbəsində sülhün təşviqində lider mövqeyini nümayiş etdirərək həm region dövlətlərinin, həm də beynəlxalq ictimaiyyətin etibarını qazanıb”.
Parlamentari söyləyib ki, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən müstəqil siyasət Azərbaycanı bölgənin aparıcı dövlətinə çevirib: “Bu siyasətin əsas qayəsi ölkəmizin milli maraqlarının qorunması, suverenliyinin təmin olunması və xalqımızın gələcək inkişaf yolunun möhkəmləndirilməsidir. ABŞ Prezidentinin cənab İlham Əliyevə verdiyi yüksək dəyər də məhz bu qətiyyətli dövlətçilik xəttinin beynəlxalq miqyasda qəbul olunduğunu sübut edir”.
Cavanşir ABBASLI
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ