Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah əldə etmək hüququnun 21 yaşına qaldırılması haqda dəyişikliklərin gündəmə gəlməsi cəmiyyətdə birmənalı qarşılanmır.
Bundan əvvəl mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilərdi. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən psixi sağlamlıq da daxil olmaqla sənədlər tələb olunur.
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz feysbuk səhifəsində belə reaksiya verib:
“Əvvəla, bu dəyişiklik ölkədə mülki silah sahibi olanların sayını artıracaq. Buna nə dərəcədə ehtiyac var? İkinci, hamının ovçu olmasına nə ehtiyac var? Əgər təbiətdə heyvanat aləminin insan müdaxiləsi ilə azacıq tənzimlənməsinə ehtiyac varsa, rəsmi ovçuların məhdud sayda olmasını təmin etmək ən yaxşı variantdır. Bunun üçün 21 yaşlılara yox, 40 yaşdan yuxarı insanlara silah əldə etmək hüququnun verilməsi daha yaxşı olar.
Üçüncüsü, 21 yaşlı gənclərin ovçuluq etməkdən başqa əlindəki mülki silahla hər an, hətta ailədə cinayət törətmək təhlükəsi daha böyükdür, nəinki 40 yaşdan yuxarı az-çox oturuşmuş insanların. Dördüncü, Azərbaycanın özünün mülki silah istehsalı üçün bazar lazımdırsa, o bazarı başqa ölkələrdə axtarmağımız daha doğru olardı.
Altıncı, 21 yaşlılara silah hüququnun verilməsinin ölkədə silah biznesi ilə məşğul olanların bazarını qızışdırmaqdan başqa “faydası” yoxdur. Deputatların silah biznesinə lobbiçiliyi normal hal sayıla bilməz. 21 yaşlılara silah hüququ tanımağın guya çox vacib olması barədə hörmətli deputatlardan inandırıcı arqumentlər eşitsəm, çox şad olaram”.
“Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli də öz səhifəsində məsələyə fərqli münasibət bildirib:
“Mülki odlu silah əldə etmək asanlaşmır, sərtləşir. Milli Məclisdə mülki odlu silahla bağlı müzakirəyə çıxarılan qanuna dəyişiklik (21 yaşı olan şəxslərə mülki odlu silahın əldə edilməsi məsələsi) müəyyən müzakirələr yaradıb. Qayda əslində sərtləşir. Təşvişə düşməyin. Əvvəl mülki silah əldə etməklə bağlı qanunda yazılırdı ki, mülki silahı (odlu və odsuz, pnevmatik, tir və s.) 18 yaşı olan (təbii ki, sağlamlıq, psixoloji durumu yerində olan) vətəndaş qanun çərçivəsində əldə edə bilər. Yeni qanunda isə 18 yaşı tamam olanlar yalnız odsuz (tir və s.), 21 yaşı tamam olanlar isə odlu mülki silah ala bilər. Bundan sonra odlu mülki silahı 18 yaşını tamamlayan kimi almaq mümkün olmayacaq, yalnız 21 yaşdan sonra almaq mümkün olacaq. Yəni qayda sərtləşir və bu cür daha yaxşıdır”.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Qafqaz xalqlarının odlu silaha marağı daim üst səviyyədə olub:
“2024-cü ilin məlumatına görə, Gürcüstanda 299 min 924 mülki silah var. Bu, Gürcüstan əhalisinin təxminən 10 faizinin silaha malik olması deməkdir. Amma vətəndaş silahı qeydiyyatdan keçirməzdən əvvəl müvafiq imtahan verməlidir. İmtahan özünümüdafiə üçün nəzərdə tutulan odlu və qazlı silahların, idman üçün nəzərdə tutulan odlu silahların və ov üçün nəzərdə tutulan odlu silahların istifadə qaydaları haqda bilikləri yoxlamaq üçün keçirilir.
Qonşu ölkədə də silah-sursat almaq istəyən şəxs müvafiq sənədləri Daxili İşlər Nazirliyinə təqdim etməlidir və yalnız bundan sonra ona mülki silah saxlama icazəsi verilir.
Azərbaycanda da mülki silahın alınmasına həm icazə verən, həm də nəzarət edən qurum Daxili İşlər Nazirliyidir. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazinin polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Müraciət əsasında mülki silahın alınmasına xüsusi icazə verilir. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş silahı 2 həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Silahın sahibinə onun saxlanılması və təyinatı üzrə istifadəsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən müvafiq rüsum ödənilir.
Bundan başqa, ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadəsinə icazə verilmiş ov silahları əldə edə bilər. Bu silahlar da rəsmi qeydiyyatdan keçirilir, bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olub.
Azərbaycanda 1 şəxsin mülkiyyətində 7 ədəddən artıq odlu silah olduqda, haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı əks göstərişi olduqda, ağır cinayətlərə görə, silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda, digər hüquqpozmalar törətdikdə, polis orqanlarında profilaktik, əməliyyat uçotunda olduqda və s. hallarda mülki silah ala bilməz. Mülki silahın istifadəçisi onu həyatı, sağlamlığı, mülkiyyəti və ya mənzil toxunulmazlığını cinayətkar qəsdlərdən qorumaq, digər şəxs tərəfindən silahın ələ keçirilməsinin qarşısını almaq, insana hücum edən və ya əhaliyə təhlükə yaradan heyvanı məhv etmək, yardım çağırmaq üçün tətbiq edə bilər. Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır.
İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır”.
Natiq Ələsgərov odlu mülki silahlarla bağlı yaş senzinin qaldırılmasını cəmiyyətdə gedən proseslər, aparılan təhlillərə əsaslandığını bildirib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ