Onlayn ictimai-siyasi qəzet
“Cəbrayılın azad edilməsi tarixi gündür. Çünki Cəbrayıl erməni işğalından azad olunmuş ilk şəhərimizdir və bu şəhərin azad olunması digər rayonlarımızın da azad olunmasına yol açdı. Azərbaycan ordusu 44 gündə 300-dən çox şəhər və kəndimizi işğaldan azad etməklə tariximizin yeni bir səhifəsini yazmış oldu. Bu səhifə qəhrəmanlıq tariximizdir. Azərbaycan xalqı öz haqqının tapdalanması ilə heç vaxt barışmayacağını döyüş meydanında sübut etdi. Halbuki, torpaqlarımızın işğal altında olduğu 30 ildə bizi aldatmaqla, məğlubiyyətlə barışdırmaq istəyirdilər. Amma dövlət başçımız bütün görüşlərdə xalqımızın torpaqlarımızda erməni işğalı ilə heç vaxt barışmayacağını bəyan edirdi və danışıqlar yolu ilə ədalət bərpa olunmazsa, bunu güc yolu ilə edəcəyimizi açıq bildirirdi. Amma bizi işğalla barışdırmaq istəyənlər bizə münaqişənin güc yolu ilə həllinin olmadığını bildirirdilər. ATƏT-in Minsk qrupunun misiyasının 28 ildəki fəaliyyətinin məqsədi də bu idi. Təbii ki, Fransanın və ABŞ-nin iştirak etdiyi missiyanın başqa bir xidməti ola bilməzdi. Torpaqlarımızı işğaldan azad etdikdən sonra onların açıq sərgilədikləri münasibətində biz bunu daha aydın şəkildə görürük”.
Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov bildirib.
Azərbaycan dövlətinin ermənilərin viran qoyduğu əraziləri yenidən qurub bərpa etdiyinə diqqət çəkən millət vəkili qeyd edib ki, Azərbaycanın suverenliyini bərpa etməsi həm də bəzi qərb dairələri üzərində qalibiyyətdir:
“Keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq. Yeni şəhərlər və kəndlər salınır. Dağıdılaraq viran qoyulan yaşayış məntəqlərimizi də bütün dünya görür.
Ermənistan işğal etdiyi ərazilərimizdə azərbaycanlıların bütün mədəni, dini irsini yer üzündən sildi və bacardığı qədər təhqir etdi. Bu gün ermənilərin irsinin qorunması ilə bağlı bizə məsləhət vermək istəyənlər o vaxt ermənilərin törətdikləri vəhşilikləri görmürdülər? Görsələr də özlərini görməməzliyə vururdular. Çünki, onlara azərbaycanlıların əzilməsi lazım idi. Amma Prezident İlham Əliyevin uzaqgörən siyasəti xalqımızın əyilməz ruhunu bütün dünyaya sübut etdi. Biz uzun illər bizə qarşı azərbaycanofob və islamofob baxışları olan qərb dairələrə qalib gəldik. Onlar bu gün həmin ərazilərin yenidən bərpasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını həzm edə bilmirlər. Ona görə də Ermənistanı silahlandırırlar, Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar və yenidən bizə qarşı öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər”.
Millət vəkili Azərbaycanın demək olar ki, hər zaman haqlı mübarizəsində yalnız olduğunu vurğulayıb: “Ukraynanın ərazi bütövlüyünü pozmuş Rusiyaya qarşı bütün qərb birləşib, silahlanma da daxil bütün dəstəyini göstərir. Bizim günahımız nədir? Biz heç kimin dəstəyi olmadan öz ərazilərimizin bütövlüyünü təmin etmişik. Biz başqa bir ölkənin ərazisinə girməmişik. Amma qələbəmizi, ədalətimizin bərpasını həzm edə bilmirlər. Təbii ki, hamı bilməlidir ki, bu gün yeni qalib Azərbaycan var. 4 il əvvəl 44 gündə 300-dən çox yaşayış məntəqəmizi azad etmişdiksə, keçən il bir neçə saat ərzində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarbağda erməni separaçılarının yuvasını dağıtdıq. Bu, Azərbaycanın qəhrəman ordusunun gücünün artdığını və hər bir təhdidə qarşı hazır olduğunu bir daha sübut etdi. Ermənistan hakimiyyətinin nala-mıxa vurması heç də onlara yenidən özlərinin çirkin niyyətlərinin reallaşdırılmasına kömək etməyəcək. Reallıq odur ki, bu gün güclü Azərbaycan və ölkəni monolit birliyə çevirən böyük liderimiz var”.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ