Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Rumıniyanın strateji tərəfdaşlığa əsaslanan əlaqələri daim inkişaf edir. Bu əlaqələrin ildən-ilə daha da genişləndirilməsi Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin başlıca məqsədidir.
Musavat.com xəbər verir ki, bu fikir əmək və əhalinin sosial müdafiəsi naziri, Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə ölkəmizdə səfərdə olan Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın görüşündə vurğulanıb.
S.İ.Burdujanı Komissiyanın Rumıniya tərəfindən həmsədri təyin edilməsi münasibətilə təbrik edən S.Babayev ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün işlərin davam etdiyini bildirib.
Azərbaycan və Rumıniya arasında iqtisadi əlaqələrin inkişaf etməkdə olmasının növbəti göstəricisi kimi, iki ölkə arasında ticarət dövriyyəsində davamlı artım olduğu qeyd edilib.
S.İ.Burdujanı Azərbaycana səfərindən məmnunluğunu və bu səfərlə bağlı xoş təəssüratlarını ifadə edib. Ölkəsinin Azərbaycanla dost münasibətlərini və əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini bildirib.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib. Enerji, nəqliyyat, investisiya, sosial, kənd təsərrüfatı, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin sahibkarlarının iştirakı ilə təşkil olunan biznes forumların önəmi vurğulanıb.
Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın bu il Bakıda 8-ci iclasının keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Sosial sahədə də əməkdaşlığın genişlənməsi üçün aparılan işlərdən, DOST mərkəzləri modelinin Rumıniyada tətbiqi perspektivlərindən bəhs olunub.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ