İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiyanı hansı sərhədlər içində tanıyır? - Moskva bəyannaməsinin sualı...

İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır, amma bəyannamədən sonra Rusiyanın ilhaq edib özünə birləşdirdiyi Ukrayna əraziləri var; hüquqşünas: “Əgər qanuni referendum olsaydı...”

“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurur”.

“Yeni Müsavat” xatırladır ki, bu sitat Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı 22 fevral 2022-ci Moskva bəyannaməsinin 1-ci bəndində əskini tapıb. Ancaq məlumdur ki, Rusiya sənəd imzalanandan bir neçə ay sonra Ukraynanın daha üç bölgəsini öz ərazisinə qatıb, konstitusiyasında müvafiq düzəlişlər edib. Yəni indi rəsmi Moskva “Rusiya Federasiyası” dedikdə heç də SSRİ tərkibindən çıxarkən Rusiyaya qalan ərazi, sərhədlər yox, daha geniş ərazi, başqa sərhədlər nəzərdə tutulur. O zaman Moskva bəyannaməsindəki Rusiya Federasiyasının ərazi bütövlüyü, sərhədləri hansı anlam daşıyır indi? Azərbaycan hansı Rusiyanın ərazi bütövlüyünü tanıyır - əvvəlki, yoxsa indiki? Yəni bu sənəd Azərbaycan qarşısında hansısa öhdəlik yaradırmı? Yaxud Rusiya öz ərazisinin zorla, işğalçılıq yolu ilə böyüdüb deyə, Moskva bəyannaməsi Bakı üçün qüvvədən düşmüş sayıla bilərmi? 

Bir tərəfdən isə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bura ilhaq edilən Krımdan Luqanska, Donetskdən Zaporojyeyə qədər bütün Ukrayna əraziləri daxildir. Yəni Moskva sənədinə baxmayaraq, Azərbaycan Rusiyanın özünə birləşdirdiyi Ukrayna torpaqlarını onun suveren ərazisi hesab etmir.

ILK XƏBƏR: Qulamhüseyn Əlibəyli: "Soçi Bəyanatı rəsmi Bakının siyasi  xəttinə uyğun bir sənəd kimi qiymətləndirilməlidir"

Qulamhüseyn Əlibəyli 

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, həmin bölgələr qeyri-qanuni ilhaq edildiyinə görə Rusiya ərazisi kimi tanınmır. Onun sözlərinə görə, Rusiya Ukrayna şəhərlərini işğal etməsəydi, qanuni referendum keçirib özünə birləşdirsəydi, beynəlxalq aləm, BMT bunu qəbul etsəydi, o halda biz də həmin əraziləri Rusiyanın torpağı kimi tanıya bilərdik: “Amma Ukrayna əraziləri işğal edilib, orada saxta referendum keçirilib, heç bir beynəlxal təşkilat həmin əraziləri Rusiya ərazisi kimi tanımır, o zaman biz də Ukrayna əraziləri olaraq tanımaqda davam etməliyik”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR