İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qlobal Cənub və Qlobal Şimal üçün cazibə mərkəzidir: Bakı Cənubi Qafqazı "geopolitik tunel"dən keçirir

Azərbaycan Avropa Birliyi ölkələri ilə enerji təhlükəsizliyi sahəsində geniş tərəfdaşlığa malik olmaqla yanaşı, digər rəqib qlobal qütbün də maraqları üçün vazkeçilməz ölkədir... BRİCS toplantısında Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın tranzit dəhlizlər baxımından, böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulaması qətiyyən təsadüfi deyil...

Cənubi Qafqazın gələcək taleyi ilə bağlı həlledici proseslər artıq intensiv xarakter almağa başlayıb. Bu proseslərin hansı istiqamətlər alacağı, neçə nəticələnəcəyi hələlik qeyri-müəyyən hesab oluna bilər. Çünki bu geopolitik proseslərin yekun nəticələri Cənubi Qafqaz dövlətlərinin xarici siyasət prioritetlərindən və bu ölkələrin daxili siyasət məkanlarında baş verən hadisələrdən də asılıdır. Və bu baxımdan, regiona kənar müdaxilənin intensivliyi də böyük önəm daşıyır.

Onu da qeyd etmək lazımdır ki, hazırda Gürcüstan növbəti parlament seçkilərinə hazırlaşır. Bu seçkilər həm Gürcüstan, həm də ümumiyyətlə, bütün region üçün böyük əhəmiyyət daşıyır. Cənubi Qafqazda geopolitik situasiyanın yaxın gələcək üçün məzmun və keyfiyyətinə Gürcüstanda hakimiyyət dəyişikliyinin olub-olmayacağı birbaşa təsir göstərə bilər. Və bu baxımdan hesab etmək olar ki, Cənubi Qafqaz Gürcüstanda "geopolitik tunel"dən keçmək üzrədir.

 5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Ermənistana gəldikdə isə rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasətinə məcbur buraxılıb. ABŞ və Qərb Ermənistanı özünün geopolitik müstəmləkəsinə çevirməyə nail olub. İndi rəsmi İrəvan Qərbdən gələn bütün təlimatları icra etmək məcburiyyətindədir. ABŞ və Qərbin Ermənistana verdiyi vədlər yerinə yetirilməsə də, rəsmi İrəvanın mövcud xarici siyasi kursdan geriyə dönüş şansları o qədər də ümidverici deyil. Və bu səbəbdən də, rəsmi İrəvan müxtəlif bəhanələr ilə Qərbin dəstəyinə bağlı manevrlər etməklə, indiki qəliz situasiyadan çıxış yolları axtarır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti noyabrda Bakıda keçiriləcək COP29 sammitindən Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə can atır. Belə ki, rəsmi İrəvan ABŞ və Qərbin dəstəyi ilə Azərbaycanın bu sammit ərəfəsində Ermənistanla "yarımçıq sülh sazişi"nə imza atmaq məcburiyyətində buraxılmasına cəhd göstərir. ABŞ və Qərb Ermənistanın maraqları çərçivəsində Azərbaycana təzyiq göstərməyə çalışsa da, rəsmi Bakının prinsipial mövqeyi bütün məkrli planları boşa çıxarmaqdadlr.

Maraqlıdır ki, rəsmi İrəvan hələ də "yarımçıq sülh ümidləri"nə bağlı qalmaqda israrlı mövqe tutur. Ermənistan baş naziri Nikol Paşinyan BRİCS toplantısında bildirib ki, Bakıda keçiriləcək COP29 sammiti iki ölkə arasında sülh prosesini müzakirə etmək üçün önəmli bir fürsətdir: "COP29 diqqətimizi regionda mövcud olan problemlərə, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə, regional sabitliyə və inkişafa cəmləmək üçün yaxşı fürsətdir".

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB) 

Göründüyü kimi, erməni baş nazir COP29 sammitini sabotaj və manipulyasiya etməyə cəhd edir. Belə ki, bu sammitin Cənubi Qafqazdakı sülh prosesi ilə heç bir birbaşa əlaqəsi mövcud deyil. Üstəlik, COP29 sammiti Cənubi Qafqazın problemlərini müzakirə etmək üçün keçirilmir və tamamilə fərqli, daha qlobal gündəliyə malikdir. Rəsmi İrəvan isə ABŞ və Qərbin dəstəyi ilə Ermənistanın maraqlarına uyğun "süni gündəliyi" COP29 sammitinə qəbul etdirmək niyyəti güdür. Və bu, ənənəvi erməni fürsətcilliyindən başqa bir şey deyil.

Ancaq rəsmi Bakının həm ABŞ və Qərbə, həm də Ermənistana COP29 sammitini süni gündəlik ilə yükləməyə imkan verəcəyi qətiyyən inandırıcı görünmür. Çünki Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarının tamamilə fərqli şərtləri mövcuddur. Bu prosesin uğurla nəticələnib, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün ilk növbədə həmin geopolitik şərtlərin yerinə yetirilməsi qaçılmazdır. Və rəsmi Bakı COP29 sammitinə görə yekun sülh sazişinin imzalanması üçün qaçılmaz olan həmin şərtlərin heç birisindən vaz keçmək niyyətində deyil.

Əksinə, rəsmi Bakı Azərbaycan və Ermənistan arasında olan bütün problemləri kənar müdaxiləyə imkan vermədən, birbaşa ikitərəfli müzakirə formatında nizamlamaq niyyətindədir. Üstəlik, rəsmi Bakı Azərbaycanın və ümumiyyətlə, Cənubi Qafqazın gələcək taleyində həlledici rol oynaya biləcək prioritetlərini reallaşdırmaq üçün yekun sülh sazişinin imzalanmasını gözləmək niyyətindən də çox-çox uzaqdır. Çünki Azərbaycanın son dövrlərdə verdiyi qərarlar rəsmi Bakının öz qarşısına qlobal hədəflər qoyduğunu göstərir.

Məsələ ondadır ki, hazırda BRİCS-ə üzvlük qərarı verməklə, beynəlxalq məkanda yalnız Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni geopolitik prioritet müəyyən edib. İndi rəsmi Bakı Azərbaycanın və ümumiyyətlə, regionun gələcək taleyi üçün multilateralizm prinsipi əsasında çoxtərəfli siyasi-diplomatik manevrlər edir. Rəsmi Bakı Azərbaycanın Qoşulmama Hərəkatında liderlik fəaliyyətində qazandığı geniş təcrübəni BRİCS təşkilatı ilə əməkdaşlıqda da istifadə etmək niyyətindədir.

 brics-azer.JPG (41 KB)

Qoşulmama Hərəkatında Azərbaycanın aktiv və səmərəli fəaliyyəti hələ də davam edir. Buna əlavə olaraq, rəsmi Bakı Azərbaycanı COP29 sammitinin təşkilatçısına çevirməklə, beynəlxalq fəaliyyət sferasını daha da genişləndirməyə nail olub. İndi rəsmi Bakı dünyanın iqlim diplomatiyasının formalaşdırılmasında aparıcı mövqeyə sahibdir. Nəticədə rəsmi Bakının Qlobal Cənub və Qlobal Şimal arasında dialoq formalaşdırmaq potensialı Azərbaycana "qlobal siyasi körpü" roluna iddia etmək imkanları açır.

Göründüyü kimi, Azərbaycan son illərdə yürütdüyü qətiyyətli xarici siyasət kursunun nəticələrini artıq tədricən toplamağa başlayıb. Belə ki, rəsmi Bakı qlobal qütbləşmə prosesinin intensiv xarakter aldığı bir şəraitdə bütün tərəflər ilə birbaşa və qarşılıqlı faydalı əməkdaşlıq imkanları qazanmaqdadır. Bu kontekstdə Azərbaycan Qərb ölkələri ilə yanaşı, BRİCS-ə daxil olan dövlətlərlə də dialoq imkanlarına malikdir və bu önəmli beynəlxalq platformanın nüfuzlu təmsilçiləri ilə əməkdaşlığa başlayıb.

Təbii ki, bütün bunlar Azərbaycanın çoxşaxəli xarici siyasət potensialını birmənalı şəkildə təsdiqləyir. Ən əsası isə Azərbaycan Avropa Birliyi ölkələri ilə enerji təhlükəsizliyi sahəsində geniş tərəfdaşlığa malik olmaqla yanaşı, digər qlobal qütbün maraqları üçün də cəlbedici ölkədir. BRİCS toplantısında Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın tranzit dəhlizlər baxımından, böyük əhəmiyyətə malik olduğunu vurğulaması da qətiyyən təsadüfi deyil. Və bütün bunlar onu göstərir ki, Azərbaycan çoxşaxəli xarici siyasət kursu sayəsində öz inkişaf perspektivlərini reallaşdırmaq imkanlarını genişləndirir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR