Onlayn ictimai-siyasi qəzet
Yəqin ki, bir çoxları sosial mediada süni intellektlə hazırlanmış küçə reportajlarını görüb. Bu videoların bir çoxu o qədər real təsir bağışlayır ki, izləyicilər onları ayırd etməkdə çətinlik çəkirlər. Hərçənd ki, bu görüntülər əyləncə və ya məzə məqsədilə yaradılır, ancaq bəzən insanlarda xoşagəlməz təəssürat yaratması da istisna deyil. Bu halda belə videolarda süni intellektdən istifadə olunduğunun açıq şəkildə qeyd edilməsi məsələsini gündəmə gətirir.
İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, süni intellektin etik və hüquqi tənzimlənməsi son dərəcə mühüm məsələdir.
Onun sözlərinə görə, bu sahədə konkret qanunvericilik müddəaları mövcud olmasa da, ümumilikdə fərdi məlumatların qorunması və digər əlaqədar sahələr üzrə qanun və mexanizmlər var ki, onlar süni intellektin yaratdığı bəzi problemlərin qarşısını ala bilir:
“Bununla yanaşı, elə risklər mövcuddur ki, onların qarşısını tam şəkildə almaq mümkün deyil. Artıq bəzi hallarda süni intellektdən etik davranış normalarından kənar, qeyri-qanuni məqsədlərlə istifadə edilməsi faktları təsbit olunub. Məsələn, tanınmış və nüfuzlu şəxslərin razılığı olmadan onların iştirakını əks etdirən videoların və ya səs yazılarının süni intellekt vasitəsilə hazırlanaraq dələduzluq məqsədilə yayılması halları müşahidə edilib”.
F.Mirəliyevin sözlərinə görə, süni intellekt tərəfindən generasiya olunmuş videolara alt yazıların əlavə olunması ilə bağlı hüquqi məcburiyyət yoxdur:
“Lakin düşünürəm ki, gələcəkdə bəzi platformalar, məsələn, “YouTube” bu istiqamətdə müəyyən qaydalar müəyyən edə bilər. Belə ki, süni intellekt vasitəsilə generasiya olunmuş videoları fərqləndirmək üçün həmin videonu yükləyən şəxs mütləq bunu qeyd etməli, yəni “bu video süni intellekt tərəfindən yaradılmışdır” kimi bir bildiriş əlavə etməlidir. Eyni zamanda bu cür videolar “YouTube” tərəfindən xüsusi emblem və ya yazı ilə işarələnə bilər”.
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ