Onlayn ictimai-siyasi qəzet
Ramazandan sonra İslam aləmində ikinci ən mühüm dini bayram - Qurban bayramına sayılı saatlar qalıb. Azərbaycanda bayram iyunun 5-i və 6-sı qeyd olunacaq. İnsanlar artıq heyvan bazarlarına üz tutub, qurbanlıq heyvanların qiymətləri ilə maraqlanırlar. Bəziləri büdcəsinə uyğun heyvan seçməyə çalışır, bəziləri isə qiymətlərdən narazıdır. TV Musavat-ın əməkdaşı bayramqabağı vəziyyəti yerində müşahidə etmək üçün bir neçə heyvan bazarına baş çəkib.
Satıcı Qardaşxan Sadıqov deyir ki, qurbanlıq heyvanların qiymətləri heyvanın çəkisinə görə dəyişir:
“Diri heyvanın çəkisi 9-10 manatdan hesablanır. Ət şəklində isə 20-22 manata qədər dəyişir. Quzunun, qoçun və xüsusilə əmlik quzuların qiymətləri fərqlidir. Ən bahalılar da əmlik quzulardır, amma onlar qurbanlıq üçün yararsız sayılır, çünki 6 ayı keçməlidir”.
Sadıqovun sözlərinə görə, insanlar daha çox 300-350 manatlıq quzulara üstünlük verirlər:
“Adam var deyir ki, 300 manatdan yuxarı olmasın, kimisi isə 350 manata razılaşır. 400 manatlıq heyvanlara isə az adam yaxın durur. Qoç çəki baxımından böyük olduğu üçün onu almağa hər kəsin gücü çatmır. Qiymət münasib olsa da, çəkisi alıcını qorxudur. İribuynuzlunu isə adətən 6-7 nəfər birlikdə alırlar”.
Bazarda satışla məşğul olan digər satıcı Təvəkkül Həmidov da vəziyyətin ürəkaçan olmadığını deyir:
“Heyvanları İmişli və Sabirabaddan gətiririk. Amma bu il alıcılıq zəifdir. Əvvəllər bir ay qabaq 50-60 quzu sifariş verilirdi, indi tək-tək adam gəlir. Ümidimiz sabahadır”.
Təvəkkül bəyin sözlərinə görə, bu il bəzi heyvanların qiymətində fərq var:
“Keçən il eyni çəkidə quzunu 280 manata satırdıq, bu il 350-yə satırıq. Çünki yem bahalaşıb – arpa, ot, su xərcləri artıb. Rayonlarda da qiymət yuxarıdır”.
Zeynal Zeynalov adlı satıcı isə heyvanları əsasən Zəngilan və Bərdədən gətirdiyini bildirir:
“Ən çox yaxşı, kök və ləzzətli heyvan istəyirlər. Amma onları tapmaq da çətindir. Diri çəkisi 8-9 manat arası dəyişir. Hətta 6 manat 80 qəpiyə də satılanlar var. Ən çox qurbanlığa quzu istəyirlər. Qarabağa köç artdığı üçün bəzi təsərrüfatlar da yerində satılır, bazarlara gələn heyvan sayı azalır”.
Zeynalov əlavə edir ki, qurbanlıq seçimində alıcılar xüsusilə erkək quzulara üstünlük verirlər. Qiymətlər isə alıcını düşündürür:
“Diri çəkisi 15-30 kilo arası olanlar daha çox satılır. Amma indi hər kəsin cibinə uyğun deyil. Ona görə də bir az sakitlikdir”.
Qurban bayramı ərəfəsində heyvan bazarlarında gözlənilən canlanma hələ ki müşahidə olunmur. Satıcılar qiymətlərin əvvəlki illərlə eyni olduğunu desələr də, alıcılar üçün əsas məsələ cibdir. Ümumi mənzərədən belə görünür ki, bu il bayram xərclərinə daha ehtiyatla yanaşılır.
Buna baxmayaraq, satıcılar ümidlərini son günə – bayramın astanasına saxlayıblar. Bəlkə də sabah bayram təlaşının özü satışları canlandıra bilər. Amma indilik, bayram bazarına daha çox müşahidə və tərəddüd hakimdir, nəinki alver və təlaş.
Şahanə Rəhimli
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ