Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İlon Maskın Ağ Evin tələblərinə uyğun olaraq hazırlanmış ölkənin büdcə qanun layihəsini tənqid etməsindən məyus olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, bu gün Ağ Evdə jurnalistlərə açıqlamasında “kaş ki, bu qanun layihəsi əvəzinə məni tənqid edəydi” deyib.
Prezident həmçinin deyib: "İlonla mənim əla münasibətimiz var idi. Bunun davam edib-etməyəcəyini bilmirəm. İlon bu qanun layihəsi haqqında hər şeyi bilirdi və o, administrasiyadan gedənə qədər bununla bağlı heç bir problem yox idi".
Bundan əlavə, Tramp bildirib ki, Mask bir dəfə Demokratlar Partiyasının tərəfdarını NASA-nın rəhbəri təyin etməyi təklif edib, lakin rədd edilib.
Öz növbəsində Mask X sosial şəbəkəsində Trampın istəklərinə uyğun olaraq hazırlanmış büdcə qanun layihəsini tənqid edən bir sıra mesajlar dərc edib. Onlardan birində o, Trampın siyasi karyerasına başlamazdan xeyli əvvəl sosial şəbəkələrdə etdiyi çıxışlara istinad edir. Onlarda, xüsusən də Tramp dövlət borcu limitinin artırılmasının əleyhinə çıxış edib və balanslaşdırılmış büdcəyə çağırıb.
"Bütün bunları yazan adam bu gün haradadır?" - deyə iş adamı bu kimi açıqlamalara münasibət bildirərək soruşub.
Mask həmçinin əmin edib ki, Tramp biznesmenin qanun layihəsinə etiraz etmədiyini deyəndə tamamilə haqlı deyil: "İş ondadır ki, bu qanun layihəsi mənə heç vaxt göstərilməyib. Və onlar onu (Nümayəndələr Palatasında – red.) gecənin bir yarısında və o qədər tez təsdiqləyiblər ki, Konqresdə heç kimin onu oxumağa belə vaxtı olmayıb. Bütün bəşər sivilizasiyasının tarixində heç vaxt həm "böyük", həm də "gözəl" olan qanun layihəsi olmayıb. Ya "böyük hesab" alırsınız (xərclərin məbləğinə görə -red.), amma çirkin olacaq, ya da "kiçik", lakin həqiqətən gözəl olacaq".
Xatırladaq ki, may ayında ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın vergilərin azaldılmasını və müdafiə də daxil olmaqla xərclərin artırılmasını nəzərdə tutan təklif etdiyi büdcə layihəsini 215 səsə qarşı 214 səslə təsdiqləyib. İndi ona Senat baxır.
Tramp qanun layihəsini "böyük və gözəl" və eyni zamanda ABŞ tarixində "yəqin ki, ən əhəmiyyətli" adlandırır.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə səsləndirdiyi tənqidə görə Maskın X hesabında yazdıqlarından qəzəblənərək Truth Social hesabında milyarderi Tesla şirkətini ABŞ dövlət güzəştlərindən məhrum etməklə hədələyib: "Büdcəmizə, milyardlarla və milyardlarla dollara qənaət etməyin ən asan yolu, dövlətin Mask üçün subsidiyalarını və müqavilələrini dayandırmaqdır. Mən həmişə Baydenin niyə bunu etmədiyini düşünürdüm".
Trampın bu açıqlamalarından sonra Amerika Teslasının səhmləri Nasdaq elektron birjasında 10 faizə yaxın ucuzlaşıb.
Mask isə X hesabında Tarmpın “ağ yalan” danışdığını vurğulayaraq, ABŞ-da 80 faizin iradəsini əks etdirəsək yeni partiyanın yaradılmasının gərəkdiyini bildirib.
Milyarder İlon Mask isə Donald Trampa qarşı ağır ittiham olan açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, X hesabında qeyd edib ki, Trampın adı cinsi alverdə və azyaşlı qızlarla münasibətdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı sənədlərdə keçir: "Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Tramp Epşteyn davasında iştirak edir. Bu, faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbidir. Gününüz xeyir, Donald Tramp!"
Qeyd edək ki, Epsteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar 2002-2005-ci illər arasında onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın ziyarətini təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epsteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil, həm də bir çox başqa ölkələrdən, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olan çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar var idi. Maliyyəçinin ABŞ-da cinayət təqibi 10 avqust 2019-cu ildə həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ