İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qarabağdakı erməniləri siyahıya alacaq

Korotçenkonun təklifini necə reallaşdırmalı; deputat: “Qarabağda yaşayan ermənilərin sayını şişirtmək separatçıların siyasətidir”

Laçın yolunda davam edın etiraz aksiyası ilə bağlı erməni tərəfinin qaldırdığı hay-küyün içində tez-tez belə bir tezis keçir: “Artsax”a gələn yeganə yolun bağlanması nəticəsində 120 min əhali, o cümlədən 30 min uşaq humanitar fəlakətlə üzləşib".

Halbuki BMT rəsmisinin də etiraf elədiyi kimi, Rusiya hərbçilərinin müvəqqəti nəzarətindəki ərazimizdə cəmi 20-25 min əhali qalıb.

Ermənilərin nə dərəcədə saxtakar bir toplum olduğu bütün dünyaya məlumdur. Onlar bununla təbii ki, həm “erməni əzabı”nın miqyasını böyüdüb dünyanın özlərinə daha çox acımasına nail olmaq, həm də guya heç bir erməninin Qarabağı tərk eləmədiyini Azərbaycana “isbatlamaq”la psixoloji təhdid yaratmaq istəyirlər. Hərçənd anklavda bəlkə də indi “yerli” Qarabağ ermənilərindən cox, Ruben Vardanyan kimi gəlmə-dələduzlar çoxluq təşkil edir. 

“Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin dəqiq sayını və onların statusunu müəyyən etmək üçün Azərbaycan Statistika Komitəsi və DİN orqanları 2023-cü ildə orada siyahıyaalınma həyata keçirməlidir”.

Musavat.com-un məlumatına görə, belə bir təklifi “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko irəli sürüb.

“Bakı bu əraziləri və orada yaşayanları Azərbaycan hüquq məkanına inteqrasiya etmək üçün öncə erməniləri siyahıya almalıdır. Onların qarşısına iki seçim qoyulmalıdır: ya Azərbaycan vətəndaşlığı almalı, ya da bölgəni tərk edərək İrəvana, Marselə və ya San-Fransiskoya getməlidirlər”.

Analitikin sözlərinə görə, Qarabağ iqtisadi rayonu ərazisində faydalı qazıntıların çıxarılması və hər hansı digər sahibkarlıq fəaliyyəti müstəsna olaraq Azərbaycanın hüququdur.

Bəs bu təklifi tez bir zamanda necə reallaşdırmalı? Siyahıya almaq üçün ən məqbul zaman nə vaxt ola bilər? Rusiya sülhməramlı kontingenti monitorinqə şərait yaratmadığı kimi, Azərbaycanın bu qanuni fəaliyyətinə də əngəl yarada bilərmi?

Azər Badamov: Koronavirusla mübarizədə Azərbaycan həkimləri böyük  fədakarlıq və əzmkarlıq göstərirlər

Azər Badamov 

YAP-çı deputat Azər Badamov səbrli davranışın tərəfdarıdır: “Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin sayını separatçılar süni şəkildə şişirdiblər. 120 minə yaxın deyilsə də, faktiki olaraq 20-25 min ətrafındadır. Qarabağda yaşayan ermənilərin sayını şişirtmək separatçıların siyasətidir. Hətta Ermənistanın özü bir il əvvəl Qarabağda  yaşayan ermənilərin sayının 45 minə yaxın olduğunu açıqlamışdı. Necə olur ki, üstündən bir il keçməmiş bu say birdən-birə 120 minə çatır?  Bu 120 min sayını separatçılar bir müddət əvvəl  görüntü üçün Ermənistandan daşınanların hesabına Xankəndidə təşkil olunmuş mitinqdən sonra gündəmə gətirdilər. Ona qədər isə heç 120 minin yarısını  da demirdilər. Təbii ki, mitinqə ermənilər bir günlüyə gətirilmişdilər və sabahısı günü  rədd olub getdilər. Azərbaycanlıların Laçın yolunda aksiyalara qəfil başlaması separatçıların Xankəndidə yenidən insanları mitinqə yığması ümidini puça çıxarıb. Reallıq odur ki, aktivistlərimizin Laçın yolunda aksiya keçirdiyi dövrdə Qarabağda yaşayan ermənilərin humanitar təminatı rus sülhməramlıların kalonu ilə daşınan az miqdarda yardımla ödənilir. Bu o deməkdir ki, orada heç də 20-25 mindən çox erməni yaşamır. İqor Korotçenkonun qeyd etdiyi kimi, Azərbaycanın rəsmi qurumları tərəfindən  Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin dəqiq statistikası aparılmalıdır. Amma bu prosesi reallaşdırmaq üçün müəyyən qədər zamana ehtiyac olduğunu hesab edirəm. Zaman Azərbaycanın xeyrinə işləyir. Laçın yolunda aksiya keçirdiyimiz bu qısa müddətdə Xankəndidə və digər yaşayış məntəqələrində yaşayan ermənilərin separatçılara qarşı çıxdığı və Prezident İlham Əliyevə yalvaracaqları ilə bağlı da fikirlər eşidilir. Bu o deməkdir ki, separatçıların yaşadıqları ərazilərimizdə dövlət quruluşunun bərpası istiqamətində işlər gedir. Hesab edirəm ki, bir azca da səbirli olmalıyıq. Bizim nə vaxt Xankəndidə əhalinin statistikasını aparacağımızı və digər məsələləri həll edəcəyimizi Ali Baş Komandan İlham Əliyev yaxşı bilir. Xalqımız isə dəmir yumruq kimi Prezidentin ətrafında birləşib və lazımi yerdə sözünü deməyə hər zaman hazırdır”.

Ermənistanın KTMT hikkəsi - İrəvandan “Rusiyaya təpik, Qərbə qucaq” mesajı

Rəşad Bayramov 

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov bu təklifin icrasını mümkünsüz görür: “İlk olaraq onu qeyd edim ki, hazırda Qarabağda nə qədər erməninin qalması elə də əhəmiyyətli məsələ deyil. Laçın yoluna Rusiya sülhməramlıları nəzarət etdiyi müddətdə oraya bir günün içində Ermənistandan nə qədər istəsələr adam daşıya bilərlər, necə ki biz bunu separatçı Vardanyanın Xankəndidə keçirdiyi mitinqdə gördük.

Əsas odur ki, indi orada yerləşdirilmiş ermənilərin böyük əksəriyyətinin Qarabağla yaxından-uzaqdan əlaqəsi yoxdur. Onların bir qismi zamanında Suriyadan köçürülmüş və Ermənistanda yeri-yurdu olmayan, məcburi şəkildə Qarabağda yaşamaq zorunda qalmış adamlardır. İkinci kateqoriyaya müəyyən imtiyazlar və pul müqabilində həmin ərazilərə yerləşmiş erməniləri aid etmək olar. Ermənistanda işi-gücü olmayan, Qarabağda yaşadığı hər aya görə müəyyən maliyyə vəsaiti alan ermənilərin say etibarı ilə üstünlük təşkil etdiyinə dair məlumatlar mövcuddur. Üçüncü kateqoriyaya Qarabağda hərbi qulluq keçən ermənilər və separatçıları aid etmək olar. Yerli Qarabağ erməniləri isə say etibarı ilə sonuncu yeri tuturlar. Çünki Birinci Qarabağ savaşı dönəmində, müharibə səbəbilə Qarabağı tərk edən ermənilərin çox cüzi bir hissəsi Ermənistana üz tutmuşdu. Əksəriyyət isə Rusiyaya və uzaq xarici ölkələrə getmişdir. Başqa sözlə desək, Qarabağda qalan ermənilərin sayının nə qədər olmasından asılı olmayaraq onların çox cüzi bir hissəsinin Azərbaycan vətəndaşı olaraq həmin ərazilərdə yaşamaq hüququ var.

İqor Korotçenkonun təklifinə gəldikdə isə, indiki məqamda bu təklifin icrası mümkün görünmür. Bunun üçün ilk növbədə separatçı rejimin fəaliyyətinə son verilməsinə nail olmaq lazımdır. Yəni ilk əvvəl orada olan erməni hərbi birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması və Laçın yolunun nəzarətə götürülməsi lazımdır. Yalnız bundan sonra Qarabağda olan erməni əhalisinin siyahıya alınması aparıla bilər.

Lakin onu da qeyd etmək lazımdır ki, siyahıya alınmış bütün ermənilərə Azərbaycan vətəndaşlığı verilməsi də düzgün deyil. İlk olaraq birinci Qarabağ savaşına qədər həmin ərazilərdə yaşamış ermənilər və sonrakı dövrdə onların dünyaya gələn övladları, ailə üzvləri qeydə alınmalıdır. Yerdə qalan ermənilərin vətəndaşlıq alması isə Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq olaraq həyata keçirilməlidir. Yəni Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin fərdi qaydada müraciəti əsasında onlara Azərbaycan vətəndaşlığının verilib-verilməməsi ilə bağlı qərar qəbul oluna bilər. Burada ən önəmli məsələ həmin şəxslərin erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda, törədilmiş soyqırımlarda iştirak-edib etməməsinin araşdırılması olmalıdır. Bu cür şəxslərin Azərbaycan vətəndaşı olmaq hüququ yoxdur. Bu həm də işğala qədər Azərbaycan vətəndaşı olmuş ermənilərə də aiddir. Əgər onların müharibə dövründə Azərbaycana qarşı hərbi əməliyyatlarda və cinayətlərdə iştirakı təsdiqlənərsə, bu, artıq vətənə xəyanət deməkdir və vətən xainlərinə də Azərbaycan vətəndaşı adını daşımaq hüququ heç bir halda verilə bilməz".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR