Onlayn ictimai-siyasi qəzet
Qarabağda separatizm ocağı söndürülsə də, Ermənistanla sülh müqaviləsinin yoxluğu, kapitulyant ölkədə əsən revanşizm ruzigarı bizə maksimum diqqətli olmağı diktə edir. Paralel surətdə Qarabağa Böyük Qayıdışı mümkün qədər tezləşdirməliyik.
Tarixi təcrübədən məlumdur ki, belə situasiyalarda demoqrafik amil olduqca böyük, hətta bəzən həlledici rol oynayır. Üstəlik, bu, soydaşlarımızın ana südü kimi halal haqqı. Köklü əhali öz dədə-baba torpağındadırsa, kimin ora nə iddiası-iştahası ola bilər?..
Əlbəttə millət, dövlət olaraq vəzifəmiz təkcə tikinti-quruculuq deyil. Həm də söküntüdür. Məsələn, Xankəndində separatçıların “parlament” kimi istifadə etdikləri qanunsuz tikili uçurulub. Bununla bağlı İnternetdə görüntülər yayılıb. Həmin obyektin yanındakı üzdəniraq qanunsuz “xilaskar döyüşçülər” binası da yerlə bir edilib.
Deyilə bilər ki, binanın nə günahı var? Var. Bunlar hər şeydən öncə erməni separatizminin, zorakılığın rəmzləri, şərin Qarabağdakı simvollarıdır. Onları təkcə ləğv etmək yetərli deyil. Gərəkdir, yerini yaxşıca “dezinfeksiya” da edəsən.
Zira, bəzən bir tikilinin, obyektin, yaramaz abidənin sökülməsi qat-qat doğru, qat-qat məntiqli və humanist addımdır, nəinki onun mövcudluğu. Çünki yazılmamış qanunları, halal-haram məsələsini kimsə ləğv etməyib. Nə qədər ki, bəşəriyyət, insan anlayışı mövcuddur, ilahi mizan-tərəzi də olacaq...
Bişəkk, hər işdə niyyət, təyinat önəmli. Misal üçün, erməninin heç vaxt yaşamadığı Cəbrayılda işğalçı ünsürlər kilsə inşa etmişdilər. Sökdük. Əcəb də etdik.
Sən bir toplumu zülmə, zillətə, etnik təmizləməyə, soyqırımına, allahsızlığa məruz qoy, min illər boyu yaşadığı yurdundan qov, sonra da o yurdda “Allah evi” tik. Allah bunu götürər? Ona xoş gedərmi? Öləri bəndə olaraq bu haqda heçmi düşünmədin, şərəfsiz?..
Bildiyimiz qədər, “Allah evi” - kilsə, məscid, sinaqoq halal ərazidə və halal pula, saf niyyətlə tikilməlidir. O binanın daşı, kərpici heç bir millətin qanına, məsumun göz yaşına bulaşa bilməz. Bu şərtlərin hansı birinə əməl olunub görəsən? Heç birinə!
Belə bir sırtıqlığa, zalımlığa, aşırı qəddarlığa yalnız eqoist və xəbis niyyətli “Qafqaz qaraçıları” gedə bilərdilər. Allaha üsyan edən, O-na asi çıxan, fəqət hələ də utanmazcasına özünü xristianlığı birinci qəbul etmiş “ən dindar”, “ən mədəni” xalq kimi dünyaya sırımağa çalışan vəhşi və mədəniyyətsiz bir qəbiləni deyirik.
Eləcə də iki əsrdir Qafqaz albanlarının mədəni irsinin başına gətirilənlər, bu tarixi abidələrin quldurcasına özününküləşdirilməsi...
Bəs nə bilmişdiniz. Oğurluğun, nankorluğun, zülmün bir sonu gəlməli deyildi? Bədəli olmamalıydı? Hələ qarşıda sizi daha ağlamalı olaylar gözləyir. Ta ki, ilahi ədalət tam bərqərar olana və HAQQ öz yerində oturuşanadək.
Saxta erməni “mədəni-dini irsi” bəhanəsi ilə heç kəs bu prosesi durdura bilməz. Zira, etdiyimiz bəşəriyyət naminə, insanlıq adınadır. Ki, belə vandallıqlar bir daha, heç yerdə təkrarlanmasın, heç bir xalqın, ölkənin başına gəlməsin...
Həyasızlığa bax, erməni Qarabağda az qala hər kol dibinə nəsə edibsə, hamısı “mədəni irs” elan olunub. Özü də xristian Qərb tərəfindən. Yəni əslində ən böyük, ən təhlükəli SAXTAKAR bölgəmizdə yox, uzaqda – Avropada, Amerikada oturub! Saxtakarlığa təhəmmül edən olmazsa, saxtakarlıq da olmaz!
Amma və lakin xeyri yoxdur. İstənilən düz əyrini kəsəcək. Gec-tezliyi var. Uca Yaradan gec edər, amma güc edər. Artıq edir – bizim əlimizlə. Hər halda bütün dünya şahiddir ki, Azərbaycan dövləti separatçı hərəkatdan öncə, sovet dövründə tikilmiş binalara toxunmur. Yalnızca tarixə vurulan “yamaqları” sökür, şər simvollarını yığışdırır.
Əlbəttə ki, həm də ibrət və görk üçün...
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ