İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan mətbuatı hər zaman müstəqillik dəstəkçisi olub" - Rauf Arifoğlu

"Anadolu" agentliyi Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı material hazırlayıb.

Musavat.com xəbər verir ki, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu agentliyə müsahibəsində Azərbaycan mətbuatının keçdiyi yoldan danışıb.

Həmin materialı Azərbaycan dilində təqdim edirik:

Azərbaycanın mətbuat tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdiyi "Əkinçi" qəzeti ilə başlayıb. Bu qəzet təkcə xəbər qaynağı deyil, həm də xalqın maariflənməsi, milli kimliyinin formalaşması və azadlıq ideallarının daşıyıcısı olub.

"Əkinçi" qəzetinin türkcə yayımlanması xalqla birbaşa ünsiyyətə şərait yaratdı və Azərbaycanda dil və düşüncə baxımından milliləşmənin əsasını qoydu. XX əsrin əvvəllərində "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Tərəqqi" kimi nəşrlər çar senzurasına baxmayaraq azadlıq və milli dirənişin ideoloji platformasına çevrildi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda mətbuat dövlətin əsas dayaqlarından birinə çevrildi. "Azərbaycan", "İstiqlal", "Açıq söz" kimi qəzetlər parlament qərarlarını, hökumət proqramlarını və Konstitusiya müzakirələrini xalqa çatdırırdı. Məhəmməd Əmin Rəsulzadə və digər ziyalılar mətbuat vasitəsilə həm xalqı maarifləndirir, həm də beynəlxalq ictimaiyyətə səslənirdilər.

1920-ci ildə sovet işğalından sonra milli mətbuat ağır təzyiqlərlə üzləşdi. Çoxsaylı jurnalistlər sürgün edildi və ya susduruldu. Lakin Azərbaycan diasporası Türkiyə, İran, Gürcüstan və Avropada "Yeni Qafqaz", "Odlu yurd", "Azəri Türk" kimi mətbu orqanlarla mübarizəni davam etdirdi.

1991-ci ildə müstəqillik bərpa edildikdən sonra mətbuat demokratikləşmənin əsas aparıcı qüvvəsinə çevrildi. I Qarabağ müharibəsi zamanı jurnalistlər ön cəbhədən yalnız xəbər vermədi, milli ruhu da gücləndirdi. II Qarabağ savaşında isə Azərbaycan mediası informasiya cəbhəsinin qəhrəmanına çevrildi.

"Mətbuat ideoloji mərkəzə çevrildi"

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycan mətbuatı hər zaman istiqlalçı mövqe sərgiləyib:

"Azərbaycan mətbuatı ölkənin azadlığı, müstəqilliyi uğrunda hər zaman mübarizə aparıb. Bir ideya, fikir, mərkəzi olub. Bu mətbuat xalqın təslimiyyət ruhunun aşılanmasına imkan verməyib. Yeni dövrdə, 1980-ci illərin sonundan başlayan dövrdə də bu, belə olub. Hər zaman Azərbaycan mətbuatı müstəqillik dəstəkçisi olub. Azərbaycan məğlub oldu, amma heç vaxt təslim olmadı. Bu möhkəm duruşda mətbuatın rolu böyükdür. Mən deyərdim ki, 150 illiyi qeyd olunan Azərbaycan mətbuatı qazi mətbuatdır- bir neçə müharibə görüb, ancaq sağ qalıb, formalaşıb, böyüyüb".

Rauf Arifoğlu həmçinin qeyd edib ki, Azərbaycan mediası xaricdən yayılan rusdilli, farsdilli və ingilisdilli dezinformasiyalara qarşı milli qalxan rolunu oynayıb:

"Media Qarabağ savaşında ideoloji cəbhənin önündə idi".

Müsahibənin videosunu təqdim edirik:


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR