İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan çox qürurlu və insanpərvər insanları olan ölkədir” - Slovakiya səfiri ilə MÜSAHİBƏ

Milan Layçak: “Rusiyanın atdığı bombalar bizim sərhədlərə də düşüb”

“Azərbaycana turist kimi gəlmək çox baha başa gəlir, çünki aviabiletlərin qiyməti çox bahadır”

Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Milan Layçak “Yeni Müsavat”a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Cənab səfir, xoş gördük. İlk öncə bu müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirik.

2 il Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili kimi işlədikdən sonra bu ilin avqust ayından etibarən Slovakiyanın Azərbaycandakı səfiri kimi fəaliyyətə başlamısınız. Bu münasibət ilə sizə işlərinizdə uğurlar diləyirik. Bu müddət ərzində  Slovakiya-Azərbaycan arasında hansı sahələr üzrə əlaqələr inkişaf etdi, hansı yeniliklər baş verdi?

- Mən də “Yeni Müsavat”a, “Musavat TV”-yə öz təşəkkürümü bildirir, tamaşaçılarınızı, izləyicilərinizi salamlayır və öz xoş arzularımı diləyirəm. Qeyd edim ki, səfirliyimiz 2018-ci ilin noyabr ayından fəaliyyətə başlayıb. Mən özüm də artıq 3 ildir ki, Azərbaycandayam. Lakin bu o demək deyil ki, səfirlik açılmamışdan əvvəl Slovakiya ilə Azərbaycan arasında heç bir əlaqələr olmayıb.

Bəlkə də bu haqda çoxları bilmir, istifadə etdiyiniz hər bir Azərbaycan qəpiyi Slovakiya istehsalıdır. 155 milyon qəpik keyfiyyətli qəpik istehsalına görə dünyada məşhur olan Slovakiyadakı “Kremnica Mint” adlı fabrikdə istehsal olunub, hansı ki, həmin fabrik 18-ci əsrdən etibarən fəaliyyət göstərir. Artıq yeni qəpiklərin hazırlanması üçün yeni müqavilə imzalamağa hazırlaşırıq.

Başqa bir əməkdaşlığımız haqqında da danışmaq istərdim. Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun siqnalizasiya cihazlarının hamısı Slovakiyadan gəlib.

Üçüncü əməkdaşlığımız - Slovakiyanın “iBross” şirkəti tərəfindən xam neft qazma platformalarında heliportlar üçün bir neçə Hava Hərəkətini İdarəetmə Qüllələri, Azərbaycan dəmir yolları üçün “Vodhospodars” şirkəti tərəfindən 800-ə yaxın dəmir yolu konteyneri gətirilib. Azərbaycan lokomotivləri ZOS Zvolen + ZOS Trnava tərəfindən təmir edilmişdir.

Slovakiya Azərbaycanı hətta xeyli tibbi avadanlıqla da təchiz edib.

Həmçinin ANAMA ilə razılaşma əsasında Slovakiya şirkəti Qarabağda minatəmizləmə üçün avadanlıqlar gətirib.

Daha maraqlı isə, Qarabağda “Ağıllı kənd” salınması kompleks layihəsini təqdim etmişik.

Gələn  il üçün layihələrimiz artıq daha geniş olacaq. Belə ki, növbəti iqtisadi əməkdaşlıq üçün nazirin özü Azərbaycana gələcək. Mövzu təkcə qaz, ticarətlə bağlı olmayacaq, daha geniş, daha başqa mövzulara toxunulacaq. Mənim də əsas vəzifəm ölkələr arasında iqtisadi əməkdaşlıq yaratmaqdır.

- Azərbaycana qədər hansı ölkələrdə diplomat kimi fəaliyyət göstərmisiz və hansı ölkədə işləmək sizin üçün rahat idi?

- Çox maraqlı sualdır. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Çin dili ixtisası üzrə fakültəsini bitirmişəm. Həmin dövrdə Çexoslavakiyada Çin dilini bilən yox idi. Ona görə də universiteti bitirib, hərbi xidmətimi başa vurduqdan sonra məni tərcüməçi kimi Çinə göndərdilər. Əvvəlcə Çexoslavakiya, daha sonra isə Slovakiya diplomatı olmuşam. Bilirsiniz ki, Çexoslavakiya 1993-cü ilin 1 yanvarından etibarən iki müstəqil -Çexiya və Slovakiyaya ayrılıb.

Daha sonra İndoneziyada, Malaziyada, Şimali Koreyada fəaliyyət göstərmişəm. Yəni, diplomatik karyeram Asiyaya aiddir.

O ki qaldı özümü daha çox hansı ölkədə rahat hiss etməyimə, buna cavab vermək çətindir. Çünki hər bir ölkənin özünəməxsus cəlbedici tərəfləri var. Amma mən ilk dəfə Çində diplomatik fəaliyyətə başlamışdım, bu, diplomatik karyeramın başlanğıcı idi. İlki unutmaq olmur, bu sanki ilk məhəbbətə bənzəyir. Həm də həmin dövrdə qızım Çində dünyaya gəldi. Bununla belə hər ölkədə bir maraq, gözəllik tapa bilmişəm.

Ümumiyyətlə, Asiya ölkələri mədəniyyət baxımından da çox fərqlidir. İnsanın insana, hər şeyə rəftarı tam fərqlidir. Başqa ölkələrdə yaşayanda bu fərqliliyi tam duya, başa düşmək olur. Başa düşürsən ki, dünya çox fərqlidir. Həm də anlayırsan ki, fərqliliklərə hörmətlə yanaşmalı, onları qəbul etməlisən.

O ki qaldı ən gözəl ölkəyə, mən özüm dağlıq yerdə dünyaya gəlmişəm. Təbiəti çox sevən və anlayan bir insanam buna görə də təbiət baxımından ən çox sevdiyim yer İndoneziyadır. Burada 13500-ə yaxın adalar var. 5 ada var ki, tam fərqli mədəniyyətə malikdir. Hər dəfə bu adalara gedəndə bu müxtəlifliyi görür, onlar səni cəlb edir və həyəcanlandırır.

Azərbaycana gəldikdə isə ölkənizin çox gözəl potensialı var. Əlbəttə ki, təkcə  qazı, nefti, iqtisadiyyatı, siyasətinizi nəzərdə tutmuram.  Ölkənizin sintezli mədəniyyəti, təbiəti var. Bu da Azərbaycan üçün çox güclü potensiallıq verir. Sanki müxtəlif mədəniyyətlər Azərbaycanın üzərindən keçib, burada həm Qərb, həm də Şərq mədəniyyəti hiss olunmaqdadır.

3 il əvvəl, ilk dəfə Azərbaycana gələndə gözəl bir ölkə gördüm. Qadınlarınız gözəl zövqlə geyinir, üzlərində gözəl təbəssüm var, fikirlərində azaddırlar, karyeralarını inkişaf etdirirlər. Azərbaycana yaxın olan İrana və yaxud Əfqanıstana baxanda isə biz tamam başqa mənzərə görürük. Ona görə də fəxr edə bilərsiniz ki, belə bir ölkədə yaşayırsınız. Bunun üçün sizi təbrik edirəm.

- Azərbaycanın Qarabağ məsələsi haqqında nə dərəcədə məlumatlısınız? İşğaldan azad olunmuş torpaqlarımızda olmusunuzmu?

- Əlbəttə ki, hər bir diplomat hansı ölkəyə gedirsə, ilk öncə həmin ölkənin tarixini araşdırır, öyrənir, hər tərəfli maraqlanır. Azərbaycana gəlməmişdən əvvəl Qarabağ mövzusunu araşdırmışdım. Bura gəldikdə isə həm Azərbaycanın, həm də Ermənistanın hər tərəfli mövqelərini öyrəndim. Slovakiya dövləti olaraq bu məsələyə ərazi bütövlüyü tərəfindən baxırıq. Fərqi yoxdur hansı fikirlər var, bizim üçün  əsas maraq doğuran ərazi bütövlüyüdür və biz həmişə bu mövqeyə  hörmətə yanaşmışıq, qəbul etmişik ki, Qarabağ Azərbaycanın hissəsidir.

Slovakiya kiçik bir ölkədir, hətta əhalisi Azərbaycan əhalisinin yarısı qədər, 5,5 milyon nəfərdir. Əlbəttə ki, kiçik ölkə olaraq, böyük dəstək göstərə bilmərik, amma beynəlxalq hüququ müdafiə etmək bizim borcumuzdur və sizin hüququnuza öz hüququmuz kimi yanaşır, qaydalarınıza sizin qədər hörmət edirik.

- 44 günlük Vətən müharibəsinə siz də şahidlik etdiniz. Gözləyirdinizmi ki, Azərbaycan bu cür qısa zaman ərzində 30 il işğalda olan torpaqlarını azad edər?

- Mən və digərləri gözləmirdik ki, Azərbaycanda müharibə baş verəcək. Bununla bağlı yalnız hansısa təxminlər var idi. Əlbəttə ki, torpaqları işğaldan azad etmək üçün 44 gün çox az bir vaxtdır. Amma hamımız bilirik ki, Azərbaycan Türkiyənin dəstəyi ilə buna çox yaxşı hazırlaşmışdı. Yaxşı hazırlıq da öz nəticəsini verdi, Azərbaycan özünə aid olan torpaqları geri qaytara bildi.

Əlbəttə ki, biz  istərdik ki, bu problem sülh yolu ilə həll olunsun.

Xarici İşlər Nazirliyinin təşkil etdiyi turların hamısında, o cümlədən Kəlbəcərdə, Füzulidə, Ağdamda, Şuşada olmuşam. Çox təəssüf ki, o dağıdılmış yerləri, yandırılmış meşələri, kəndləri gördüm, şahidi oldum.

- İndi bütün dünyanın gözü Rusiya-Ukrayna müharibəsinə dikilib. Bu müharibənin necə bitməsini gözləyirsiniz? Əslində çoxları düşünürdü ki, bu müharibə tezliklə başa çatacaq, tərəflər hansısa razılığa gələcək. Amma bu baş vermədi və indi də tərəflərdən heç kəs geri çəkilmək istəmir.

- Ukrayna bizim qonşumuzdur. Qonşu olaraq da həm demokratik, sülhpərvər, həm də inkişaf etmək istəyən bir ölkədir. Təsəvvür edin, kimsə sizin qonşunuza hücum edir və o millətin hətta yaşamağa hüququ yoxdur. 21-ci əsrdə hansısa ölkəni özündən asılı etməyə çalışmaq - heç nəyə sığmayan bu davranışı yalnız Putin düşünə bilərdi. Halbuki hər bir ölkənin azad yaşamaq, müstəqil olaraq  inkişaf etmək hüququ var. Bu da bizim üçün çox vacib amildir. Amma Putin Avropada təhlükəsizlik konsepsiyasını pozub və nəticə olaraq enerji təhlükəsizliyi problemi də yaranıb.

Kim bilir ki, Putin bizim kimi kiçik ölkələrə də hücum etməyi düşünmür? Bu, əlbəttə ki, bir təhlükədir. Biz sərhədlərə hörmət edirik və istərdik ki, Ukryana əvvəlki sərhədlərində, yəni ora Donbas, Krım və digər ərazilər də daxil olmaqla qalsın.

Slovakiya və digər Avropa ölkələri olaraq Ukraynaya həm humanitar, həm hərbi yardımlar edir, həm də Ukraynadan qaçan çox sayda insanlara sığınacaq veririk, onlar üçün məktəblər açır, iş yerləri təklif edirik. Hətta Slovakiyada Ukrayna dilində televiziya proqramı açılıb. Çox böyük qiymətləndiririk ki, Azərbaycan da Ukraynaya humanitar köməklik göstərir. Ukraynaya köməklik, dəstəklik göstərilməsə, daha da fəlakətli vəziyyətə düşər. Artıq dünya deyir ki, Rusiya ilə Ukrayna sülh danışıqlarına getməlidir. Lakin baxır necə sülh danışıqlarına. Əgər sülh danışıqları nəticəsində Krım, Donbas Rusiyanın tərkibinə keçərsə, bu uzunmüddətli sülh olmayacaq, demək ki, nə vaxtsa gələcəkdə yenə də müharibə baş verəcək. Əsl sülh budur ki, ölkənin suverenliyi, ərazi bütövlüyü qorunub, saxlanılır, bu zaman uzunmüddətli sülh olur.

Rusiya çox aqressiv müharibə aparır, Ukraynanın əsasən infrastrukturunu dağıtmağa çalışır. Qeyd etdiyim kimi, Ukrayna bizim qonşumuzdur, hətta Rusiyanın atdığı bombalar Slovakiyanın sərhədlərinə də düşüb...

- Cənab səfir, istərdim ki, bir qədər də öz ölkəniz, Slovakiya haqqında məlumat verərdiniz. Ölkəniz ən çox nəyi ilə məşhurdur? Hansı gəzməli-görməli yerləri var? Kabinetinizə daxil olanda məni ilk cəlb edən xanım prezidentinizin fotosu oldu. Bu o deməkdir ki, ölkənizdə siyasi səhnədə qadınlara böyük önəm verilir, qadınlarınız hər sahədə aktiv fəaldırlar.

- İstənilən səfirə öz ölkəsi haqqında danışmaq çox xoşdur. Bu ona imkan verir ki, öz ölkəsinin təqdimatını versin. Slovakiya çox gənc ölkədir. 1993-cü ilin 1 yanvarında artıq öz suverenliyinə qovuşub. Çexoslavakiya iki ölkəyə bölünəndə biz sülh yolu ilə bölündük, Yuqoslaviyada olduğu kimi bizim aramızda hansısa müharibə, münaqişə yaranmadı. Çünki sülhpərvərlik artıq bizim qanımızda, təbiətimizdədir.

Slovakiya coğrafi baxımından fərqli ölkədir. Bizdə dəniz yoxdur, lakin çox gözəl, hündür dağlarımız, göllərimiz var. Dağlar vadilərə bölünür. Hər vadinin insanları fərqli mədəniyyətə malikdir, özünə məxsus rəqsləri, adət-ənənəsi var, bu da Slovakiyanı digər ölkələrdən fərqləndirir. Xarici ölkələrdə çalışanda öz ölkəmi təqdim etmək istəyəndə özümə həmişə sula verirdim ki, nəyi təqdim edim ki, o Slovakiyanı birinci yerdə göstərsin. Artıq bu sualıma bir neçə cavab tapmışam. Slovakiya dünyada ən çox saray və qəsrləri olan ölkədir. Çox dağlar var, əsasən saraylar və qəsrlər də dağların üstündədir. Həmin qəsrlər 12-ci və 15-ci əsrlərə aiddir. Bəzi qəsrlər artıq xarabalığa çevrilib, bəzisi isə bərpa edilib. Hətta xatırladım ki, 1924-cü ildə Hollivudun çəkdiyi ilk “Drakula” filmi Rumıniyada deyil, məhz Slovakiyadakı qəsrində çəkilib. Yəni, Slovakiya öz gözəl mənzərələri ilə Hollivudu özünə cəlb etmişdi. 

Turist kimi Slovakiya şəhərlərinin küçələrini gəzəndə fikir verə bilərsiniz ki,  memarlıqda çox böyük müxtəliflik var. Məsələn, gəzişdikdə qarşınıza bir tərəfdə qotik, romantik, digər tərəfdə barokko, rokoko üslubunda inşa edilmiş binalar çıxacaq. Memarlıq Slovakiyada qorunub, saxlanılıb.

Həmçinin Slovakiya dünyada ən keyfiyyətli mineral suları ilə birinci sıradadır. Bu baxımdan siz Slovakiyada çox sayda kurortlar tapa bilərsiniz. Mağazalarda siz 30-a yaxın mineral sular tapa bilərsiniz və onların üzərində yazılıb ki, onlar nə üçün faydalıdır.

Mineral suların qazıntısı zamanı artıq Slovakiyada gizli bir dəniz də tapılıb. Onun suyunu ekspertizadan  keçirdikdə məlum oldu ki, onun tərkibi “Ölü dəniz”in tərkibinə bənzəyir. Artıq orada kurort təşkil etmişik, insanlar gəlib müalicə alırlar.

Üçüncüsü isə Slovakiya avtomobil istehsalı ilə məşhurdur. Demək olar ki, Slivakiyada Almaniyanın çox avtomobilləri, o cümlədən “Kia”, “Peugeot”, “Volkswagen”, “Audi”, “Land Rover”, “Porsche”, “Skoda”, “Porsche Cayenne”, “Audi Q7" və sairə istehsal olunur.

Həmçinin dünyada ilk olaraq ilk “AirCar” uçan avtomobili Slovakiya istehsal edib və yaxın vaxtlarda onu təqdim edəcək.

Bir məsələni də qeyd etmək istərdim. Slovakiya kurort sahəsində yüksək inkişaf edib. Mən Kəlbəcərdə olanda gördüm ki, yaxşı kurortlarınız var, doğrudur, onlar demək olar ki, dağıdılıb. Lakin təklif etmək istərdik ki, Azərbaycandan mütəxəssislər Slovakiyaya gedib, kurort sahəsində daha da peşəkarlaşsınlar və öyrəndiklərini burada tətbiq etsinlər.

Azərbaycan turizmin inkişafı üçün potensial çoxdur. Əlbəttə ki, tək Bakıda deyil, ətraf yerlərdə də. Lakin təəssüf ki, ölkənizdə turizm üçün hazırda tam inkişaf yoxdur. Məsələn, mən bir əcnəbi kimi kənara getmək istəsəm, ingilis dilində naviqator işarələri yoxdur. Və yaxud turistlər gəlmək istəsə, onlar üçün servisləri ucuz etmək lazımdır. Daha bir məsələ, aviabiletlərin qiymətini ucuzlaşdırmaq lazımdır. Azərbaycana turist kimi gəlmək çox baha başa gəlir. Ümid edirəm ki, bir neçə ilə bu məsələlər də öz həllini tapacaq.

- Nə zamansa kimsə sizə sual verərsə ki “Azərbaycanı necə təsvir edərsiniz?”, cavabınız necə olar?

- Çox qürurlu və çox insanpərvər insanları olan ölkə. Çox gözəl xüsusiyyətləriniz var ki, hər şeydə kömək etməyə çalışırsız. Məsələn, öz yolunun üstündə olmasa belə, keçib sənə yolun istiqaməti göstərə bilər. Siz  türk köklü millətsiz. Qonşu Türkiyədən, İrandan nəsə götürmüsüz, sovet hakimiyyətindən qalma nəsə qaydalar var. Dinə  baxanda isə sovet dövründə nə qədər İslam dinini boğmağa çalışsalar da görürsən ki, müsəlmançılıq qalıb, bunların hamısı birləşib maraqlı bir mədəniyyət ortaya çıxıb.

Azərbaycan ölkə olaraq böyük dövlətlərin kəsişən yerində yerləşir. Və kiçik ölkə olaraq çox ağıllı  siyasət aparır, böyük dövlətlərlə dil tapa bilirsiniz.

Turizm baxımından deyə bilərəm ki, turist Bakıya girəndə, çox təəccüblənir, onun gözəliyinə heyran qalır. Hər yerdə kafe və restoranlar var, hər addımda musiqilər səslənir. Turist gözləmədiyi pozitivliyi görür. Hara gedəndə də yaxşı qarşılanırsan, gözəl ab-hava yaranır. Həm də Bakı dünyada canlı, işıqlı gecələri ilə fərqlənir.

Mən Şəkidə, Şəmkirdə Qaxda Zaqatalada, Lahıcda, Gəncədə, Lənkəranda, Şamaxıda, İsmayıllıda və sairə yerlərdə olmuşam. Onların hamısı mənim çox xoşuma gəlib. Bir tək naviqasiya işarələrinin olmaması problemi var.

Mən çox şadam ki, Azərbaycandayam.

Xalidə GƏRAY,
Elçin ƏKBƏROV,
“Yeni Müsavat”

WhatsApp Image 2022-12-17 at 15.46.58.jpeg (27 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR