İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Badamov: "Onların çıxışını təmin etmək üçün dəhliz də açılır" 

"Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan dövlətinin qanunlarına əsasən təmin ediləcək. Qeyri-qanuni silahlıların tərk-silah olunması prosesi davam edir".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, dövlətimiz qeyri-qanuni silahlılara silahları təhvil verəndən sonra Ermənistana sərbəst qayıda biləcəklərini bildirib:

"Amma  erməni əsilli sakinlər üçün heç bir təhlükə gözlənilmir. Prezident İlham Əliyev 20 sentyabrda xalqa edilən müraciətdə bu məsələyə xüsusilə diqqət ayıraraq sıravi ermənilər üçün tarixi şans yarandığını, onların Azərbaycan vətəndaşları kimi normal həyat şəraitlərinin təmin ediləcəklərini deyib. Dövlət başçımızın sözü imzası qədər möhkəmdir və bunu ermənilər də bilirlər. Amma erməni sakinlərdən Ermənistana getmək istəyənlər də var.  Biz heç kimin qarşısını kəsmirik. Seçim azaddır və Qarabağı tərk etmək istəyənlər üçün heç bir məhdudiyyət yoxdur. Hətta onların çıxışını təmin etmək üçün dəhliz də açılır".

Deputat əlavə edib ki, Azərbaycan sıravi erməni əsilli vətəndaşların ərazilərimizi tərk etməsini istəmir:

"Bununla yanaşı, heç kim məcburən saxlanılmır. Ümumiyyətlə, ermənilərin Qarabağa köçürülməsi tarixi bir səhv idi. Ermənilər Qarabağda məskunlaşandan sonra regionda gərginlik yarandı. Onların getməsi ancaq regiona sabitlik gətirər. Bizimlə bir yerdə qalacaq erməni əsilli sakinlər vətəndaşlıq alandan sonra onların sosial-iqtisadi inteqrasiyası həyata keçiriləcək. Azərbaycanın dövlət orqanları Xankəndidə fəaliyyətə başlayacaq. Qarabağda qalacaq ermənilərin bələdiyyə və dövlət orqanlarında təmsil olunmaq hüquqları, sosial təminatları, təhsili və s. olacaq. Beləliklə, onlar cəmiyyətimizə adaptasiya olunacaqlar və bir müddət keçəndən sonra ədavət yavaş-yavaş aradan qalxacaq".

Qeyd edək ki, Musavat.com-un ən müxtəlif qaynaqlardan, eləcə də erməni mediasından əldə etdiyi məlumatlar onu göstərir ki, Qarabağda yaşayan ermənilər oranı tərk etməyə hazırlaşır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün verdiyi açıqlamalar da təsdiqləyir.

Azərbaycan dövləti də bildirir ki, Qarabağı tərk etmək istəyən ermənilərə heç bir maneə törədilməyəcək.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR