İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Aydəmirdən vəkillərin “Əqrəb mövsümü”nə etirazına CAVAB

“Əqrəb mövsümü” serialının ilk bölümündə vəkillərlə bağlı səhnə tənqid olunub.

Belə ki, Rauf (Azər Aydəmir) obrazı Akif (Elşən Məmmədov) obrazından köməkçisi Rənanın başqa vəzifəyə təyin edilməsini istəyib. Akif obrazının isə “Rənanı göndər vəkildən zaddan olsun” deməsi birmənalı qarşılanmayb. Vəkillər sosial media vasitəsilə filmin quruluşçu rejissoru Emil Quliyevə və ssenaristi Azər Aydəmirə etirazlarını bildiriblər.

Tənqidlərlə bağlı Musavat.com-a danışan Azər Aydəmir bildirib ki, ssenarist kimi özünün də, quruluşcu rejissor kimi Emil Quliyevin də vəkillərlə bir problemi yoxdur:

““Əqrəb mövsümü” serialının xalq tərəfindən sevilməsinin əsas səbəbi reallığa yaxın və pafossuz olmasıdır. Serial prokurorluq dairələrində, güc strukturlarında və digər dövlət dairələrində əməkdaşların və qəhrəmanların gündəlik həyat tərzini, danışıq üslublarını, yorğunluqlarını, əməksevərliklərini, fədakarlıqlarını qədərində, dozunda çatdırdığı üçün sevilib. Layihənin ilk günündən dedik ki, biz yalan danışmayacağıq. Bəzi hallarda bədii üsluba əl atıb, müəyyən səhnələri, hekayələri şişirdəcəyik. Bu, kinematoqraf kimi bizim borcumuzdur ki, serialı maraqlı edək.

Real həyatda da insan hər hansı sözü deyir, amma sonra anlayır ki, düz deməyib və ya ayaqüstü danışıqlarda sözgəlişi istifadə etdiyimiz ifadələr var. Biz İvana Çabbak, Çexov üsulunu filmlərimizdə tətbiq etmək istəyirik. İki qurumun əməkdaşının ayaqüstü söhbətini göstərmişik, onlar danışanda istədiyi sözü deyə bilər. Biz çalışırıq söyüşlü dialoqdan qaçaq, səmimi dialoqlar quraq. Bu dialoqların kiminsə xoşuna gəlməməsi də normaldır. Burada heç kimi təhqir etmək fikrimiz yoxdur. Bu ola bilməz.

“Əqrəb mövsümü”nü digər seriallardan fərqləndirən odur ki, burada maksimum reallıq və səmimilik var. Ssenarist kimi mənim də, quruluşcu rejissor kimi Emil Quliyevin də vəkillərlə bir problemi yoxdur, ola da bilməz. Sadəcə serialdakı personajın vəkillərə fərqli münasibəti ola bilər. Bu da tam normaldır”.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR