İnsanlara hürriyət, millətlərə istiqlal!

Az qaldı – Ermənistan fevralda bu səhvi təkrarlasa...

Yola saldığımız 2024-cü il həm də Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı mövqelərinə böyük ölçüdə aydınlıq gəlməsi ilə yada qaldı. Baş nazir Nikol Paşinyanın ziddiyyətli açıqlamalarına rəğmən, əslində bu, 2025-ci ildə yola davam üçün daha əlverişli zəmin yarada bilər. Yaradacaqmı?

Əlbəttə ki, bu məsələdə ən az şey Bakıdan, ən çox isə İrəvandan asılıdır. Səbəb bəlli: Azərbaycanın istədiyi, tələb elədikləri müstəsna olaraq beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, normal qonşuluq prinsiplərinə və təməl insan haqlarına söykənir. Əfsus ki, qarşı tərəf haqda bunu söyləmək mümkünsüzdür.

Problem ondadır ki, Ermənistan Azərbaycandan fərqli olaraq, hələ də özünü subyekt yox, obyekt kimi aparır, müstəqil xarici siyasətə can atmır, onun-bunun ağzına baxır, Vaşinqtondan, Parisdən, Brüsseldən daim təlimat, “müdrik” göstəriş, “yol xəritəsi” gözləyir. Bu azmış kimi, öz ərazisini xaricdəki məkrli antitürk güclərinin hərbi poliqonuna çevirmək yönündə olduqca təhlükəli siyasət yürütməkdədir...

Görünür bu üzdən bir çox siyasi təhlilçilər hesab edir ki, vəziyyətin sonrakı inkişafı Ermənistanın özünün yox, onun yiyələrinin davranışından asılı olacaq. Belə fikir də var ki, İrəvan dünyada proseslərin hansı istiqamətdə gedəcəyini gözləyir ki, yeni və güclü sahibinin yanına qaçsın.

Yəni belə çıxır, kapitulyant ölkə hazırda yiyəsiz kimidir. Lap dəqiqi, “haça-paça” durumdadır. Hər halda ötən il də o, nə Rusiyadan yetərincə uzaqlaşa, qopa bildi, nə də Qərbin, ABŞ-ın birmənalı dəstəyini, etibarını qazandı. Biri yoxsa, o biri də mümkünsüz...

Rusiyadan ən az itkilərlə uzalaşmağın ən zəmanətli yolu isə qonşu Azərbaycan və Türkiyə ilə təcili anlaşmadan, barışıqdan keçir. Yalnız onda Ermənistan blokadadan qurtulmaqla bərabər, Rusiyadan iqtisadi-energetik asılılığı və bu asılılığın ağır fəsadlarını minimuma endirə biləcək. Başqa variant yoxdur, olmayacaq. Başqa variant labüd müharibəyə aparır. Çünki Qərb də, özəlliklə Amerika Rusiya kimi ermənilərdən ötrü əldən getmir. Sırf öz maraqlarını güdür.

İstisna deyil ki, Tramp dövründə Ermənistanla, regionla bağlı bu maraqlar qismən arxa plana keçsin. Ancaq İrəvan üçün bu, əslində əlavə fürsət deməkdir, nəinki uğursuz perspektiv. Ona görə ki, məntiqlə ABŞ-la bağlı eyforik gözləntinin puça çıxması Paşinyan hökumətini Bakı və Ankara ilə anlaşmağa daha meylli etməlidir, əgər İrəvan həqiqətən də Rusiyanın vassalı olmaqdan qurtulub, nəhayət, inkişaf və sabitlik yoluna çıxmaq istəyirsə...

Şərtlər məlum. 2024-ci il bu şərtləri tam şəkildə “cilaladı”. Nəzərə alsaq ki, Türkiyə-Ermənistan anlaşması bilavasitə Azərbaycan-Ermənistan barışığına bağlıdır, o zaman İrəvanın həll etməli olduğu 4 əsas müşkülün altını bir daha cızmaq lazım gəlir: sülh müqaviləsi mətnindəki razılaşdırılmayan 2 bənd – qarşılıqlı iddialardan imtina və sərhəddən üçüncü dövlətin hərbi qüvvələrinin yığışdırılması, üstəgəl, öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası haqda müddəanın çıxarılması və ATƏT-in Minsk Qrupunun (MQ) ləğvinə razılıq verməsi.

N.Paşinyan özündə siyasi iradə taparsa, bu tələb-şərtlərdən üçü qısa zamanda, yaxud uzağı, ilin ilk yarısında müvafiq ictimai zəmin hazırlanmaqla reallaşa bilər. Bunlar - qarşılıqlı iddialardan imtina, sərhəddən üçüncü dövlətin hərbi qüvvələrinin yığışdırılması və MQ-nin ləğvidir.

Yeri gəlmişkən, gələn ay – fevralda Brüsseldə Avropa Birliyinin (AB) sərhəddəki yarım-hərbi casus missiyasının vaxtının növbəti dəfə uzadılması məsələsinə baxılacaq. Təbii ki, İrəvan istəsə, Azərbaycana qarşı “binokl diplomatiyası” bitəcək. Bax, o zaman xeyli dərəcədə müəyyənlik hasil olacaq ki, İrəvan daha bir il sülh boşboğazlığı ilə məşğul olmaq niyyətindədir, yoxsa əsas qonşuları ilə düşmənçilik səhifəsini çevirməkdə.

Hərgah buna ümid azdır. Çünki Paşinyan az öncə sərhəddəki AB missiyasının sülh müqaviləsindən sonra götürülə biləcəyini bəyan edib. Sözündə duracaqsa, demək ki, öz sələfləri kimi növbəti tarixi səhvini edəcək – sülhü deyil, müharibəni, “dəmir yumruğu” yaxınlaşdırmış olacaq.

Ancaq erməni tərəfi unutmasın ki, Bakı uzun illər xoş məram göstərərək, Qarabağın erməni sakinlərinə yüksək muxtariyyət vəd edib. Sonluq məlum – işğalçı tərəfin darmadağını ilə yekunlaşan 2-ci Qarabağ müharibəsi. Bu dəfə qalib Azərbaycanın sülh şərtlərinə barmaqarası baxılmasının bədəli isə Ermənistan üçün qat-qat ağır ola bilər. Ona görə ki, artıq Dağlıq Qarabağ problemi yoxdur.

İndi masaya Ermənistanın öz məsələsi, taleyi qoyulub. Paşinyanın onu xilas etmək şansı qalır. Hələ ki...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR