İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada təbii qaz ucuzlaşır, alternativ mənbələrin hesabına, yoxsa...

Qoca Qitənin qış hazırlıqları necə gedir; Avropa şirkətləri Əlcəzairdə külək və günəş elektrik stansiyaları qurmağa başlayıb

Avropada qazın qiyməti ucuzlaşmağa davam edir. İyulun 12-də keçirilən hərraclarda 1 000 kubmetr qazın qiyməti 330 ABŞ dollarına qədər düşüb. Qazın avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 330,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (330,5 dollar) ilə müqayisədə 0,1 faiz azdır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib. 2022-ci ildə təbii qazın orta qiyməti 1400 dollara yaxın olub. Lakin ötən ilin payızı-bu ilin əvvəlindən etibarən Avropada qaz qiymətləri kəskin ucuzlaşıb. Bunun əsas səbəbi Avropanın qışdan böyük ehtiyatlarla - təxminən 60 milyard kubmetr qazla çıxmasıdır. Bu həcmlər imkan verir ki, Avropa qaz anbarlarını doldurmaq üçün bazardan daha az həcmlər alsın.

Hazırda Avropanın qaz anbarları 80,1 faiz doludur. Bu, son 5 ilin orta göstəricisindən 15,16 faiz çoxdur. Anbarlarda 87,36 milyard kubmetr qaz var. Hətta kəskin istilər belə anbarlara qaz vurulması tempini azaltmır. "Gas Infrastructure Europe"nin məlumatına əsasən indiki doldurma tempi davam edərsə, avqustun sonuna Avropa anbarları hədəf olan 90 faizlik doluma nail olacaq, istilik mövsümü başlanana qədərsə 100 faizlik həddə çatacaq. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Avropa anbarlarında pik dolum səviyyəsi 95,64 faiz təşkil edib və bu, noyabrın ortalarında olub.

İyul ayının ötən dövrü ərzində külək elektrik stansiyaları Avropanın enerji ilə təchizatının 14 faizini təmin edib.

Avropanın maye qazı təbii qaza çevirən terminalları iyulda 57 faiz gücü ilə işləyir. İyunda bu göstərici 63 faizə bərabər olmuşdu.

Ötən il Rusiyadan qaz nəqlinin böyük hissəsinin dayanması Avropanın kəskin qənaət rejiminə keçməsinə, eyni zamanda digər mənbələrdən qaz alışını artırmasına səbəb olub. Belə ki, 2022-ci ildə Avropa ABŞ-dan əvvəlki ildəkindən 2,4 dəfə çox maye qaz alıb. ABŞ-dan alınan 51,4 milyon ton qaz Avropanın istehlakının 42,7 faizini təmin edib. Avropanın maye qaz aldığı ikinci böyük satıcı Qətər olub. Qətərdən qaz alışı 19,5 faiz artmaqla 18,4 milyon ton təşkil edib.

Nəhayət, ötən il Avropaya ən çox maye qaz satan ölkə Rusiya olub - illik 19,7 faiz artımla 15,8 milyon ton.

2022-ci ildə Avropa İttifaqı Əlcəzairdən 9 milyon ton, Nigeriyadan 8,3 milyon ton, Misirdən 5,2 milyon ton, Trinidad və Tobaqodan 3 milyon ton, Norveçdən 2,6 milyon ton maye qaz alıb.

Avropada enerji böhranı: Təbii qaz ntəiyə başladı, necə qurtaracaq

Proqnozlara əsasən 2030-cu ilədək Rusiya yalnız 4 Avropa ölkəsinə boru qazı ixrac edəcək. Bunlar Türkiyə, Slovakiya, Serbiya və Macarıstandır və onlara illik ixrac 20-25 milyard kubmetr olacaq.

Ötən il Avropa boru qazı aldığı ölkələrdən də nəql həcmlərini artırmağa nail olub. Belə ki, Azərbaycanın ixracı illik ifadədə 8,1 milyard kubmetrdən 11,4 milyard kubmetrə, Norveçin ixracı isə 82 milyard kubmetrdən 117 milyard kubmetrə çatıb. Əlcəzair isə 2022-ci ildə Avropaya 56 milyard kubmetr qaz ixrac edib. 2024-cü ildə bu həcmin 101 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Bu ilin 5 ayında Avropa İttifaqı ölkələri127,6 milyard kubmetr qaz alıblar - ötən il eyni dövrdə alış 160,7 milyard kubmetr təşkil etmişdi. Birinci rübdə Birlikdə qaz istehlakı illik ifadədə 14 faiz, boru qazı idxalı isə 37 faiz azalıb. Aydın məsələdir ki, birinci rübdə qaz istehlakının azalmasında havaların mülayim keçməsi, həmçinin Birlik ölkələrinin qənaətli rejimə keçməsi mühüm rol oynayıb.

Beş ayda Avropa Rusiyadan cəmi 10,3 milyard kubmetr qaz alıb. Ötən il bu göstərici 44 milyard kubmetr olmuşdu. İllik azalma 77 faiz təşkil edir.

Avropanın əsas qaz təchizatçısı olan Norveç beş ayda 38,2 milyard kubmetr qaz təmin edib. Bu, ötən ilin eyni dövründəki 38,4 milyard kubmetrdən 0,5 faiz azdır.

Əlcəzairdən Avropa qeyd olunan dövrdə 13 milyard kubmetr qaz alıb ki, bu da əvvəlki illə (13,9 milyard kubmetr) müqayisədə 6,5 faiz azdır.

Avropada təbii qazın qiyməti bahalaşıb

Böyük Britaniyadan Avropaya 9,9 milyard kubmetr qaz daxil olub. Bu, ötənilki 8,6 milyard kubmetrlə müqayisədə 15 faiz çoxdur.

Yanvar-may aylarında Avropa ümumilikdə 50,1 milyard kubmetr maye qaz alıb. Bu, ötənilki 50 milyard kubmetrdən cüzi - 0,2 faiz çoxdur.

Rusiyanın “Qazprom” şirkəti hesab edir ki, hətta anbarları 100 faiz doldursa belə, qış sərt keçərsə, Avropa qaz çatışmazlığı ilə üzləşə bilər. Avropada bir sıra iri enerji şirkətləri də bu qənaətdədir. Nəzərə alsaq ki, 2024-cü ilin yanvarından Ukrayna ərazisindən gündəlik 40 milyon kubmetr təşkil edən Rusiya qazının da nəqli dayana bilər, onda gələn mövsüm Avropada qaz qıtlığının olmasının qeyri-real olmadığını deyə bilərik.

Avropada da bu təhlükəni nəzərə alırlar. Artıq Avropa şirkətləri Əlcəzairdə külək və günəş elektrik stansiyaları qurmağa başlayıblar. Bundan əlavə, ölkənin bəzi istilik elektrik stansiyalarının kömür və mazuta keçirilməsi üçün zəruri tədbirlər hazırlanıb. Həmin stansiyalarda sərf olunan qazın zərurət yarandığı halda Avropaya nəqli nəzərdə tutulur. Ötən il məhz bu yolla Misir Avropaya qaz ixracını 6.5 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırıb. Əlcəzairin kömür ehtiyatlarının həcmi 100 milyon ton hesablanır, mazutu isə özü istehsal edir. Bu baxımdan, onun qış aylarında zərurət yaranarsa, Avropaya ixracı 10 faizə qədər artırmaq potensialı var.

Norveç də bu il qaz hasilatını 5 faizədək artırmaq niyyətindədir. İyun ayında qaz emalı zavodlarında planlı təmirə görə Avropaya ixrac azalsa da, ilin qalan dövründə əlavə həcmlərin tədarük olunması nəzərdə tutulur. Bu günlərdə Norveç işlək qaz yataqlarına yaxın ərazidə böyük bir qaz yatağını kəşf etdiyini açıqlayıb. Həmin yataqdan hasilata 2024-cü ilin ilk aylarında başlanması planlaşdırılır.

Nəhayət, bu il ABŞ da maye qaz ixracını artıracaq. 2022-ci ildə 102,4 milyard kubmetr olan ixrac potensialı bu il 119,8 milyard kubmetrə qədər artacaq. Buna maye qaz istehsal edən Freeport zavodunda istehsalın bərpası, həmçinin Calcasieu Pass LNG zavodunda yeni istehsal xəttinin işə salınması imkan verəcək. Artan 17,4 milyard kubmetr qazın Avropaya ixracı nəzərdə tutulur.

İndoneziya və Mozambikdə də yeni maye qaz istehsalı güclərinin istismara verilməsi Avropanın bu il həmin ölkələrdən əlavə 9 milyard kubmetr qaz almasına imkan verəcək.

Avropa üçün arzuolunmaz bir hal Niderlandın Qroningen yatağında hasilatın 2023-cü ilin oktyabrından dayandırılması qərarıdır. Yataq ərazisində baş verən çoxsaylı zəlzələlər hasilatı getdikcə daha təhlükəli etdiyinə görə Niderland hökuməti bu qərarı alıb. Lakin 2024-cü ilin sonunadək yataqdakı quyuların ağzı bağlanmayacaq, hasilat qurğuları demontaj edilməyəcək: Avropada kəskin qaz çatışmazlığı yaranacağı təqdirdə hasilatı bərpa etmək üçün.

Avropa İttifaqı hazırda Ukraynanın anbarlarına qaz toplamaq məsələsi üzərində işləyir. Ukraynadakı anbarlar 18 milyard kubmetr qaz saxlanması gücünə malikdir. Ölkə özü bu potensialın 9-10 milyard kubmetrindən istifadə edir. Buna görə də hazırda Avropa İttifaqı qışda istifadə etmək üçün boş qalan 9 milyard kubmetrlik hissəni doldurmaq istəyir. Rusiyanın anbarları vurması ehtimalına görə sığorta şirkətləri onlara toplanacaq yanacağı sığortalamağa ehtiyat edirlər. Lakin Avropa Komissiyası şirkətlərə dövlət təminatı verilməsini planlaşdırır ki, bu da sığorta şirkətlərinin mövqeyini dəyişə bilər.

Avropanın qaz təminatçılarından biri olan Azərbaycan 2023-cü ilin birinci yarısında 12 milyard kubmetr qaz ixrac edib ki, bu da illik müqayisədə 7,5 faiz çoxdur. Energetika naziri Pərviz Şahbazov Twitter hesabında yaydığı məlumata görə, hesabat dövründə Avropaya 5,7 milyard kubmetr, Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu Kəməri (TANAP) Türkiyəni 2,8 milyard kubmetr qazla təchiz edib.

Azərbaycanın ehtiyatlarının həcminə görə ikinci böyük yatağı olan “Abşeron”dan hasilatın başlanması ölkənin ixrac potensialını daha da artırır. Prezident İlham Əliyevin iyulun 11-də keçirilən hökumət müşavirəsində verdiyi məlumata görə, yataqda ehtiyatların həcmi gözlənildiyindən daha çoxdur: ""Abşeron" qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, "Abşeron" qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan "Şahdəniz" qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən üç yüz milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına".

Proqnozlara görə, istilik mövsümü yaxınlaşana qədər Avropada qaz qiymətləri 400 dolları ötməyəcək. Havalar vaxtından əvvəl soyuqlaşarsa, həmçinin qış ayları iqlim normalarına uyğun keçərsə, Avropada qaza tələbat kəskin artacaq ki, bu da qiymətlərin artımını şərtləndirəcək. Lakin bu dəfə qiymətlərin 2022-ci ilin yazındakı səviyyəyə qədər artması gözlənilən deyil. Analitik mərkəzlər qaz qiymətləri üçün 400-500 dollarlıq bir hərəkət trayektoriyasını daha real hesab edirlər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR