İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurasının təzyiq metodu işə düşdü - yeni “revizor” təyinatı

Yeni məruzəçinin demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün nöqsanları monitorinq altında saxlayacaq ki, bu da həm də Bakıya təzyiqlər üçün əsas verə bilər ...

Avropa Şurasının Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi seçib. Bu Norveçin Əmək Partiyasından (Labour party) Liz Kristofersondur.

Monitorinq Komitəsi ona 5 illik mandat verib. Xanım Liz Kristoferson Azərbaycanda demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün nöqsanları monitorinq altında saxlayacaq.

Bundan əvvəl isə AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak olub. Avropa Şurası məruzıçilərdən həmişə təzyiq vasitəsi kimi istifadə edib. Bu dəfə də yeni məruzəçinin demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün nöqsanları monitorinq altında saxlayacaq ki, bu da həm də Bakıya təzyiqlər üçün əsas verə bilər.

Novella Cəfəroğlu: “78 yaşımda gedib səngərlərdə əsgərlərimizə yemək  bişirərəm” | | Xural qəzeti

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövcud durumdan təsirləndiyini dilə gətirdi: "AŞ PA Azərbaycana məruzəçi təyin edir. Bu mənə çox pis təsir etdi. Müsahibəmdə dedim ki, bütün dövlətlərdə insan haqları pozulur. Niyə biz hədəf götürülürük? Müharibəni udmuşuq, bunu həzm edə bilmirlər. Ölkəmizdə sabitlik var. Bunun nəyi pisdir? Normal vəziyyət olan vaxt məruzəçi təyin edirlər. Hansı hüquq müdafiəçisinin təhlükəsizliyi ölkəmizdə pozulur ki, məruzəçi təyin olunanda bu qeyd olunub? Bizdən çox bu sahə ilə məşğul olanlar varmı? Bizim niyə bundan xəbərimiz yoxdur? Kimdir onlar? Yoxlama aparmadan bu addımı atmaq heç bir halda doğru deyil. Məruzəçi təyin edəndə əvvəlcə soruşmazlar? Ölkəmizə gəlsinlər. Onları məcburi köçkünlərin olduğu yerlərə aparaq. Göstərək ki, bir milyondan çox insan öz dədə-baba torpaqlarından didərgin düşüblər. İndi bu insan haqlarının pozulması deyil nədir? İndi də hələ o yerlərə azad olunmasına baxmayaraq, köçə bilmirlər. Çünki ermənilər həmin əraziləri minalayıblar. Niyə Ermənistana məruzəçi təyin etmirlər? Kimsə məktub yazır, dərhal məruzəçi göndərmək qərarı verirlər. O bir nəfər kimdir? Bilməlidirlər ki, Zəngəzur dəhlizinin açılması hər kəsə xeyirdir. Bununla sabitlik birdəfəlik bərqərar olacaq. Gəlsinlər Bakıda forum keçirək. Bütün dünyanı çağırırıq. Onlara cavab verməyə sözlərimiz yetərincədir. Hər şey Azərbaycanda həll olunur. Bunu bəzi hüquq müdafiəçiləri yaxşı bilməlidir. İmic qazanmışıq, buna kölgə salmayaq. Biri deyir ki, Azərbaycana sanksiyalar tətbiq edilsin. Ay bədbəxt, bu ilk növbədə ölkəmizdə kasıb təbəqəyə təsir edəcək. Sanksiya tətbiq edilən məmur bu dəfə Avropa gedə bilməyəcək, amma Yaponiya, Çin və digər yerlərə gedə biləcək. Bu şəxslər kasıb təbəqəni düşünmürlər. Heç bir halda siyasi motivli həbs olmamalıdır. Hökumət bunu unutmamalıdır. İnsanlar da bilməlidir ki, Avropaya şikayət edənlərin məqsədi heç də kimisə azad etdirmək deyil, qrantlar əldə etməkdir. İndiyə qədər kimi azad etdiriblər? Daxildə özümüz addım atmalıyıq. Müxalifətli, iqtidarlı bir yerdə bu problemləri çözməliyik. Biz balaca ölkəyik, içimizdə problemlərimizin öhdəsindən gələ bilmirik? Bir olmaq zamanıdır, əks halda işlərimiz çox çətin olacaq”.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov məsələyə geniş şərh verdi: "Bildiyiniz kimi, Avropa Şurası qitəninin insan hüquqları və demokratiya uğrunda mübarizə aparan və dəyərlərin qorunmasını təminat altına alan nüfuzlu təşkilatdır. Azərbaycan da bu qurumun bərabərhüquqlu üzvlüyünə qəbul olunarkən üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərə insan hüquq və azadlıqlarından, idarəetmənin və qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş keçmiş Dağlıq Qarabaş münaqişəsinin sülh yolu ilə həlli daxildir. 

Həmin öhdəliklərin yerinə yetirilməsi Avropa Şurasının Monitorinq Komitəsinə həvalə edilib. Rəsmi Bakı özlərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirib. Dağlıq Qarabağ problemi Azərbaycanın öz iradəsi ilə həll olunub. Qanunvericilikdə, idarəetmədə, eləcə də bir sıra sahələrdə öhdəliklər icra olunub. Lakin təəssüflər olsun ki, icrasından boyun qaçırılan və müxtəlif bəhanələrlə üzərindən keçilən məsələlər də var.  Yaxud da icra olunsa da tətbiq mexanizmi təkmilləşməyən, formal təzahürlü sahələr də var ki bunlardan Avropa Şurası Azərbaycan hakimiyyətinə təzyiq üçün əlində vasitəyə çevirir. Halbuki Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvülüyünə qəbul edilərkən rəsmi Bakının üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirildikdən sonra Monitorinq Komitəsi ləğv edilməli və həmməruzəçilər də təyin edilməliydi. Ancaq göründüyü kimi bu gün Monitorinq Komitəsi Azərbaycan üzrə yeni məruzəçi təyin edib və ona 5 illik müddətə səlahiyyət verib".

Ə.Orucov Qərbin ikilistandartlarından da danışdı: "Biz Qərbin Azərbaycanla bağlı sərgilədiyi iki standart mövqeyinin dəfələrlə şahidi olmuşuq. Eyni zamanda, ədalətsiz münasibət də zaman zaman narazılığa gətirib çıxarıb. Bir sıra məsələlər var ki, bunu həyata keçirmək zaman tələb edirdi. Tutaq ki, Alternativ hərbi xidmətlə bağlı məsələ müharibə vəziyyətində olan bir dövlət üçün məqbul ola bilməzdi. Yaxud cinsi azlıqlarla bağlı bu bizim mühafizəkar cəmiyyət və şərq adət ənənələrinə malik bir toplum üçün qətiyyən qəbul olunacaq bir yanaşma deyil. Eyniylə dini və milli azlıqlarla bağlı iradlar kəsin qəbul olunacaq deyil. Çünki Azərbaycanda belə problem heç vaxt olmayıb olmayacaq da. Təbii ki Azərbaycan Avropaya inteqrasiyanı istəyir Avropanın bir parçası və Avropanın subyekti olmaq istəyir. Lakin bu heç də o demək deyil ki, biz hər şeyi gözüyumulu qəbul etməliyik. Ayrı ayrı mədəniyyətlərin və müxtəliflik nəzərə mütləq alınmalıdır. Əfsuslar olsun ki, Qərb bilərəkdən bizim üçün qəbul olunmaz məsələləri dəstəvuz edərək təzyiqlər göstərir. Mən zənn etmirəm ki, Avropa Şurası Azərbaycanda sivil və demokratik dəyərlərin bərqərar olunmasını cani dildən istəyir. Bu məfhumlar onların maraq dairələrinə uyğun formalaşdırılır. Doğrudur, Azərbaycanda plüralist demokratiyanın və hüququn aliliyinin qorunmasında siyasi sistemin özündə idarəetmə fəlsəfəsində və s qüsurlar mövcuddur. Müasir dövrün tələblərinə və çağırışlarına uyuşmayan hallar var. Azərbaycan hakimiyyətinin bu qüsur və problemləri görməzdən gəlməsi və fundamental islahatlar aparmaqdan çəkinməsi əksərən kosmetik dəyişiklərlə həll yoluna üstünlük verməsi Azərbaycanın beynəlxalq imicini ləkələməyə hazır olan qüvvələrə və şəxslərə girəvə verir.

Baxın 2000-ci ildən AŞ-nın tam bərabərhüquqlu üzvü olan Azərbaycana hələ də Monitorinq Komitəsi həmməruzəçi təyin edirsə, deməli Azərbaycanın özünün də yol verdiyi yanlışlıqlar və bunlar tezliklə nizama salınmalıdır. 44 günlük müharibədən qalib çıxan Azərbaycanın son dövrlər artan nüfuzu, qüdrəti və nüfuzu, eləcə də, daha cəsarətli və qətiyyətli xarici siyasəti qərbdə bəzi dairələri təbii ki tədirgin etməkdədir. Ona görə müstəqil yürüdülən xarici siyasət kursunu əngəlləmək mexanizmlərindən biri də məhz bu kimi vasitələrin işə salınmasıdır".

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Siyasi analitik Yeganə Hacıyevanın da fikirlərini aldıq. O, maraqlı fikirlər səsləndirdi: "Avropa Şurası Parlament Assambleyası – Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Şura üzvü ölkələrdə   demokratiya, insan haqqları, qanunun aliliyi və s. dəyərlərin yayılması ilə Avropa əməkdaşlığı ideyasının yayılmasında  iştirak edir.

Məruzə haqqında danışırıqsa 2022-ci il iyunun 27-də AŞPA-nın saytında dərc edilən qərarında qeyd edildi ki, tövsiyyə xarakterli hesabatın hazırlanması AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinə tapşırılıb.

Büronun qərarında həmçinin qeyd olunmuşdu ki, Mədəniyyət, elm, təhsil və media Komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq tapşırılıb.

2017 ci il noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərini sammiti öncəsi “Sərhədsiz Reportyorlar” Təşkilatı  və daha 37 beynəlxalq hüquq müdafiə təşkilatı adından Avropa İttifaqına Azərbaycanla bağlı məktub göndərmişdi. Məktub müəllifləri Avropa İttifaqının liderlərini noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırdılar.

Aİ ilə yaxınlaşmanın yüksələn xətlə getdiyi, Azərbaycan prezidentinin Brüsselə səfəri öncəsi belə bir məktubun Avropa İttifaqına ünvanlanması Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını istəməyən qüvvələrin ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin gərginləşməsi üçün növbəti addım idi.

Azərbaycana qarşı bu kimi çağırışlar daha öncələr də səslənmişdir. Bu kimi çağırışların hansı ərəfələrdə olmasına kiçik bir  diqqət yetirsək əslində bu fəaliyyətin arxasında nələrin həyata keçirilməsi aydın olur.

Məsələn, Azərbaycanın Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" Proqramına daxil olması ərəfəsi, Azərbaycan-Avropa İttifaqı Fəaliyyət  Planının qəbul olunması zamanı, Azərbaycan ilə Avropa İttifaqı arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanması zamanı, Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi imzalanması zamanı bu cür müraciətlər, məktublar , dinləmələr və s.

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bağlanması gözlənən Saziş layihəsinin 90 faizinin razılaşdırıldığını və yaxın aylarda imzalanacığını bəyan edilən bir vaxtda bu belə bir təşəbbüs heç də təəccüblü deyil.

Avropa təsisatlarında Azərbaycana qarşı bəyanatlar, qanun layihələri hazırlayan şəxslər həm də Kremlə Avropa siyasi qruplarındakı forpostları olan sosialistlərdir.

Kreml heç bir halda Azərbaycanın Aİ ilə yaxınlaşmasını prosesləri baş verən ərəfələrdə Moskva öz əlaltıları vasitəsi ilə Azərbaycana qarşı Avropadan institutlarında təxribatlar törədir və münasibətləri pozmağa çalışır.

Ukraynada hərbi əməliyyatlardan Avropanın üz tutduğu ölkələrdən biri də Azərbaycandır və bu ilin yayında Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalandı.

Azərbaycan Prezidenti İlham Əliyev və AK rəhbəri Leyen daha çox Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlıq Anlaşma Memorandumunu imzaladılar.

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı "qəddar müharibəsindən sonra" Rusiya ilə yolları ayırmaq və üzünü "daha etibarlı tərəfdaşlara" üz tutmağa qərar verib, deyə xanım Von Der Leyen bildirdi və "Azərbaycanı Avropanın güvənli tərəfdaşları arasında görməyə şadam" deyə əlavə etdi.

Avropanın böyük media quruluşlarının müsahibələrində AK rəhbəri Ursula Von der Leyen ki, Azərbaycan Avropanın "təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş" olacağını bildirdi.

Avropa Kommisiyası qitənin gələcəyi üçün  özünün güvənli tərəfdaşı Azərbaycanla enerji memarandumu imzalamağa hazırlaşdığı günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr" adlı hesabat hazırlamaq haqqında qərar qəbul etdi. İndi bu proseslərin növbəti mərhələsidir və iki il ərzində davam edəcək".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR