Onlayn ictimai-siyasi qəzet
Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən Avropa ölkələri qarşıdakı qış dövrü üçün qaz ehtiyatı hədəflərini yerinə yetirə bilməz.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məqalədə deyilir ki, dünya bu il təbii qaz tədarükü üçün mübarizə aparır ki, bu da Avropada enerji qıtlığı çəkən istehlakçıların və müəssisələrin çətinliklərini daha da artıracaq və qiymətləri yüksəldəcək.
"Bank of America"nın əmtəə üzrə strateqi Fransisko Blanç 2025-ci ildə Avropada enerji qıtlığını proqnozlaşdırır. Eyni zamanda havaların soyuq keçməsi ilə əlaqədar qaz ehtiyatları adi haldan daha sürətlə tükənir.
Agentliyin məlumatına görə, Avropada tələbatı ödəmək üçün ildə 10 milyon tona qədər mayeləşdirilmiş təbii qazın əlavə idxalı tələb olunacaq ki, bu da 2024-cü illə müqayisədə təxminən 10% çoxdur.
Xatırladaq ki, 2024-cü il dekabrın ortalarında Ukrayna Avropa ölkələrinə 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasından qaz tranzitinin dayandırılması ilə bağlı xəbərdarlıq etmişdi. Dekabrın 19-da canlı yayımda Rusiya prezidenti Vladimir Putin Ukrayna üzərindən qaz nəqli ilə bağlı müqavilənin mütləq uzadılmayacağını təsdiqləyib. O əlavə edib ki, məhz Ukrayna tərəfi razılaşmadan imtina edib və bununla da özünü hər il 700-800 milyon dollar gəlirdən məhrum edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ