İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşığın sözü qurtaranda dalay-dalay deyər

Parlament seçkiləri elan olunandan dərhal sonra siyasi boşboğazların demaqogiya iştahları yenidən artdı.

Marginallaşmış bu siyasi alverçilərin sayəsində bizim sosial şəbəkələrimiz artıq çoxdandır ki, siyasi komikslərə bənzəyir. Onların istehza, məntiqsizlik, spekulyativ emosiya və qərəz dolu ritorikası  çeynənmiş saqqız kimi artıq hamını bezdirib və hətta bəzən diksindirir. Məhz elə bu səbəbdən də siyasətdə öz mövcudluğunu qorumaq üçün yeganə ümidini cəmiyyətdə emosional gərginliyin yaradılmasına bağlamış bizim bəlalı vətənşivənlər bütün vəchlə çalışırlar ki, siyasi qalmaqal yaratsınlar. Daha sonra isə bu qalmaqalın ətrafında öz ucuz manipulyasiyalarını aparsınlar ki, cəmiyyətdə ixtilaf yaransın.   

HAKİM.jpg (40 KB)  

Bəli, radikal müxalifətçilik fəaliyyəti bu düstur üzərində qurulub: qalmaqal bərabərdir siyasi mövcudluq. Ona görə də fərdi siyasi ayıq-sayıqlığın qorunması olduqca zəruridir. Əks halda, özün də bilmədən onların siyasi oyunlarında sadəcə bir alətə çevrilə bilərsən. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, radikal təfəkkür “məsuliyyət” hissindən məhrumdur. “Məsuliyyətli davranış” anlayışının radikal təfəkkür üçün heç bir dəyəri yoxdur. Elə məhz buna görə də “radikal” siyasətçi əksər hallarda kütlənin arxasında gizlənir, fəaliyyətini isə yalnız digərlərinin tənqidi üzərində qurur. Konkret siyasi məsələ ilə bağlı fərdi münasibətin formalaşdırılması zamanı qeyd olunanlar bir siyasi aksiom kimi nəzərə alınmalıdır.

Xalqımızın çox gözəl bir deyimi var: “aşığın sözü qurtaranda dalay-dalay deyər”. Əslində ariflərin bu müdrik sözlərində əsla istehza yoxdur, əksinə, reallıq əks olunur. “Faciə” onda yaşana bilər ki, aşıq “dalay-dalaydan” başqa heç nə oxumasın və ya oxuya bilməsin. Məhz həmin faciəni bu gün bizim psevdopatriotlarımız yaşayır. Bu siyasi şoumenlərin hətta qərəzli ritorikaları belə bitib, tükənib. Bəli, bunun səbəbi məkrli niyyətlər və peşəkarsızlıqdır. Ancaq onların faciəsi bununla da bitmir. Cəmiyyət üçün ən təhlükəli hesab oluna biləcək məsuliyyətsizlik hissi də onları xarakterizə edən əsas xüsusiyyətlərindəndir.

İndiki məqamda ard-arda verilən məsuliyyətsiz bəyanatların əsas hədəfi qalmaqal xarakterli situasiyaların yaradılmasıdır. Siyasətdə isə məsuliyyətsiz davranışın yalnız bir səbəbi ola bilər: xalqı “əfəl” yerinə qoymaq. Sözügedən hal siyasi məsuliyyətsizliyin dibidir. 30 il ərzində qalmaqal və ixtilaflardan başqa cəmiyyətə heç nə verməyən faydasız radikallar artıq sözün əsl mənasında tükəniblər. Bu cür siyasətin sağlam və müasir təfəkkürdə hər hansı bir simpatiya qazanması nonsensdir.

ALİ SON.jpg (173 KB)

İndi isə bizim bu siyasi “aşıqlarımızın” növbəti “dalay-dalaylarına” diqqət yetirin. Demaqoqların bayraqtutanı Əli Kərimli öz müsahibəsində qeyd edir: “Biz deyirdik ki, seçki yayın qızmar vaxtına, avqust ayına təyin ediləcək... seçkidə işlərini qarantiya altına almaq üçün yayın qızmar ayları seçilib ki, namizədlərin irəli sürülməsi, imzaların toplanması, seçki görüşlərinin keçirilməsi bu isti aylara düşsün”. Sitata diqqət yetirin, sizə elə gəlmirmi ki, 30 ildən artıq siyasətdə olan və düşərgənin “lideri” statusuna öz iddiasını gizlətməyən bir şəxs tərəfindən bu cür fikirlərinin səsləndirilməsi sadəcə qeyri-peşəkarlıq deyil, bu  həm də bilavasitə məsuliyyətsizliyin və saymamazlığın təzahürüdür?! Beləliklə, Ə.Kərimlinin sayəsində artıq hamımız biləcəyik ki, yayın istisi, payızın yağışları, qışın qarı, yazın isə qarışıq havası seçkilərin normal keçirilməsi üçün maneə yaradır. Əhsən, qibtəedici “peşəkarlıqdır”.

Ucuz və rasionallıqdan məhrum olmuş nitqinə sadəcə emosiya qataraq “orator” libasına girmiş bu cür siyasətciklərin məsuliyyətsiz davranışları faciələrə səbəb ola bilər. Elə ona görə də bunların fərqində olan xalqımız o cür siyasi şoumenlərin fəaliyyətinə komikslərdə olan uydurulmuş olayları izləyirmiş kimi baxır.

ALİ KAM.jpg (460 KB)

Məsuliyyətsizlik demişkən, bir qədər öncə “müsahibə” sözü təsadüfən istifadə olunmayıb. Bəli, qeyd olunan fikirləri Ə.Kərimli öz müsahibəsində deyib. Bəs, bu necə baş verib? Axı bu insan and-aman edir ki, interneti, telefonu, informasiyaya çıxışı yoxdur. Gördüyünüz kimi, qeyd olunan hal növbəti məsuliyyətsiz davranışın məhsuludur.     

Bəzən bu məmləkətin sıravi vətəndaşı olaraq öz-özümə sual verirəm: ümumiyyətlə bu cür “müxalifətin” seçkilərə qatılması lazımdırmı? Onların seçkilərdə iştirakı demokratik ənənələrin inkişafına yox, siyasətdə ucuz və rasionallıqdan məhrum olmuş davranışın yayılmasına səbəb ola bilər. Çünki qeyd olunan keyfiyyətlər əsla inkişafın əlamətləri deyil. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR