Onlayn ictimai-siyasi qəzet
“Son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinə daha ilıq münasibət göstərməsinin arxasında Ermənistanın daxili və xarici siyasətindəki maraqları durur”.
Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Komitə rəhbəri rəsmi İrəvanın destruktiv davranışlarına diqqət çəkib:
“Bəli, bu, bir reallıqdır ki, hazırda Qarabağ məsələsi Ermənistanın xarici siyasətinə təsir etdiyi qədər daxili siyasətinə də təsir edir. Qarabağ məsələsi sosial, iqtisadi və siyasi baxımdan Ermənistanın daxili siyasətinə yön verən amillərdən biri olaraq qalmaqda davam edir. Artıq Paşınyan erməni xalqının təyziqinə məruz qalmamaq və hakimiyyətini qorumaq üçün sülh sazişinə imza atmağın vaxtının çatdığını anlayır. Digər bir məsələ ondan ibarətdir ki, Paşinyanın Qərbmeyilli fiqur olduğu heç kəsə sirr deyil. Aİ və NATO-ya üzv olmaq üçün önəmli addımlardan biri də Ermənistanın KTMT-ni tərk etməsi ilə bağlı qaldırılan məsələlərdir. Qərbmeyilli erməni siyasətçi Tiqran Xzmalyanın səsləndirdiyi fikirlərdə Qarabağ adının hallanması və onun Krımla müqayisə edilməsi absurd və yersizdir. Beynəlxalq hüquqa əsasən Qarabağ dünyada Azərbaycan ərazisi kimi tanınır. Odur ki, Ermənistan rəsmiləri vaxtaşırı bu cür içi boş iddialarla sadəcə müəyyən dairələrdə öz diplomatik mövqelərinə can verməyə çalışırlar”.
A.Nağıyev hesab edir ki, bu günə qədər sülh sazişinin bağlanmağına mane olan bir neçə səbəb olub: “Sülh müqaviləsinin imzalanması üçün ilk olaraq Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalara dəyişikliklər etməlidir. Artıq 4 ildir ki, rəsmi İravən bu barədə şifahi vədlər verməklə məşğuldur. Digər məsələlər Zəngəzur dəhlizininin açılması, sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Sülh sazişinin davamlı və uğurlu olması üçün iki ölkə arasında bu problemli məsələlərə aydınlıq gətirilməlidir. Tərəflər arasında bu üç nüans razılaşdırılsa, hesab edirəm ki, məsələlər 90 faiz həllini tapmış sayılacaq. Rəsmi Bakı hər zaman sülhün tərəfdarıdır, lakin bununla yanaşı öz maraqlarını da müdafiə edir və müstəqil xarici ,daxili siyasətini sərgiləyir...”
E.Paşasoy,
“Yeni Müsavat”
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ