Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə günü İrəvana dəyirmi masada iştirak etmək üçün getmiş Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdüyünü bildirib.
Musavat.com xəbər verir ki, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa “Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzi” adlı erməni ictimai təşkilatı tərəfindən 21–22 oktyabr tarixlərində təşkil olunub.
“Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi çərçivəsində bu cür formatda keçirilən görüşləri yüksək qiymətləndirdim. Onlar xalqlar arasında təmasların qurulmasına yönəlib. Cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesə cəlb olunması sülhü yalnız möhkəmləndirəcək”, – Qriqoryan sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri tədbirin təşkilinə və yaradılan müsbət atmosferə görə erməni tərəfinə təşəkkür ediblər. İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Təşkilatçıların məlumatına əsasən, görüş zamanı sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığın formalaşması yolları, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin yaradılması perspektivləri müzakirə edilib.
Şahanə Rəhimli
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ