Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfəri zamanı Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında açıqlama verib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. “Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, -deyə Prezident vurğulayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan isə Tiflisdə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib. Sitat: “İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan Prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı bildirmək istərdim”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması bizim xoş məramımızı göstərir. Deputatın sözlərinə görə, Azərbaycan növbəti dəfə qonşu ölkələrlə, o cümlədən Ermənistanla mehriban qonşuluq siyasəti apardığını sübut etdi: “Azərbaycan qonşu ölkələrlə əməkdaşlıqda, regionda sülhün, əmin-amanlığın olmasında maraqlıdır. Ermənistan özünün günahı ucbatından 30 ildən çox imkanlardan istifadə edə bilmədi, Azərbaycanla birgə əməkdaşlıqdan kənarda qaldı. Sülh müqaviləsi paraflandıqdan və vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələr yarandıqdan sonra digər məhdudiyyətlər də tədricən götürüləcək. Bu, həyati əhəmiyyətli yüklərin qısa, təhlükəsiz və səmərəli qiymətlərlə Ermənistana çatdırılmasına imkan verəcək. Ermənistanın dünyaya çıxışı Türkiyə, İran, Azərbaycan və Gürcüstan üzərindəndir. Türkiyə və Azərbaycanla münasibətlər pis idi, İranla müəyyən mürəkkəblik yaranır, Gürcüstandan keçən yol isə məhduddur, ilin hər fəslində keçid mümkün olmur. Ermənistan cəmiyyəti bunu gördü. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olması ilə hər üç ölkə qazanır. Ermənistan həyati əhəmiyyətli məhsulları əldə edir, eyni zamanda yeni iqtisadi imkanlar yaranır. Bu, Azərbaycan və Gürcüstan üçün də faydalıdır. Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmaq üzrədir, sülh müqaviləsinin imzalanmasına doğru gedir. Gürcüstan isə daşımalardan müvafiq iqtisadi fayda götürür. Hesab edirəm ki, Ermənistanda Azərbaycanla münasibətlərin yaxşılaşması artıq ciddi dövlət və cəmiyyət xətti kimi formalaşarsa, bundan sonra regionda gərginliyi tamamilə aradan götürmək mümkün olacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ