İnsanlara hürriyət, millətlərə istiqlal!

AQEM Azərbaycana, Azərbaycan AQEM-ə nə verəcək? – Sammitdən əsas gözləntimiz

Astanada 11 iştirakçı ölkə rəhbərinin iştirak etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı başa çatdı. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak və çıxış edib. 27 ölkəni birləşdirən AQEM-in məqsədi Asiyada təhlükəsizliyin təmin edilməsi sahəsində dialoq, qərarların qəbulu və tədbirlərin həyata keçirilməsi üçün şərait yaratmaqdır.

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin 1992-ci ildə irəli sürdüyü ideyadan keçən 30 ildə qurum kifayət qədər məsafə qət edib. Azərbaycan ideyanın reallığa çevrilməsinin fəal iştirakçılatdandır. Başqa cür də ola bilməzdi, çünki AQEM-in əsas prinsipləri - separatizmin pislənməsi, üzv dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə bağlı öhdəliklərdir.

Diqqətçəkəndir ki, rəsmi Bakı son zamanlar həm Avropa (Qərb), həm də Asiyaya regionuna yönəlik fəal siyasət və diplomatiya yürüdür. Qısa xronika üçün xatırladaq ki, bu ilin sentyabrında İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində iştirak edib. Oktyabrın 6-da o, Praqada Avropa Siyasi Birliyinin işinə qatılıb. Dünən o, Astanada çıxış edib. Noyabrda isə Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçiriləcək sammitinin işində iştirak edəcək.

Üç ayda - dörd mühüm sammitdə iştirak. Bakının beynəlxalq aləmdə nüfuzunun artmasının qabarıq təzahürü, Azərbaycanın xarici siyasətinin çevikliyinin təsdiqidir. Bütün bunlar həmçinin beynəlxalq aləmdə öz mövqeyini çatdırmaq imkanlarını artırır. Bu həmçinin Bakının ən geniş beynəlxalq əməkdaşlığa sadiqliyinin göstəricisi sayıla bilər.

Bəllidir ki, xarici siyasətin əsas hədəfi ölkənin inkişafı üçün ən əlverişli şəraiti təmin etməkdi. Azərbaycan da bu yöndə uğurlu diplomatiya, fəal iş aparır. Azərbaycanın bu prosesdə iştirakı Bakının beynəlxalq aləmdə mövqeyinin təbliği, o cümlədən regionda baş verən proseslərə, Asiyada təhlükəsizliyin möhkəmləndirilməsinə dair öz fikirlərini təqdim etmək, tərəfdaş dövlətlərdən dəstək almaq baxımından çox vacibdir. Və təbii ki, əsas hədəflərdən biri də Azərbaycanın ticari-iqtisadi əlaqələrinin genişlənməsidir. Beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir və Avrasiyada yeni geosiyasi nizam yaranır. Belə bir situasiyada milli dövlətlər fəaliyyət dairələrini genişləndirmək, sıx tərəfdaşlıq vasitəsilə siyasi, iqtisadi maraqları təmin etmək, yeni geostrateji üstünlüklər qazanmaq üçün mühüm addımlar atırlar.

Astana sammitindən gözləntilər nələrdir? Qəbul edilən sənədlər nə dərəcədə önəmlidir?

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Asiyada Qarşılıqlı Etimad və Fəaliyyət Tədbirləri üzrə Müşavirənin 6-cı zirvə toplantısında Azərbaycan ən yüksək səviyyədə iştirak etdi:

“Bu zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirildi və mühüm qərarlar qəbul olundu. Öncə onu qeyd edim ki, AQEM kifayət qədər ciddi və əhəmiyyətli bir qurumdur. Xüsusilə də Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin etimad mühitinin artırılması ilə bağlı mühüm qərarlar alan və addımlar atan bir təşkilatdır. Bunu daha çox həm də siyasi müzakirə və dialoq platforması kimi də qiymətləndirə bilərik. Bu platforma Azərbaycana maraqlarımızın ifadə olunması üçün əlavə bir platforma imkanı yaradır. Bu mənada hesab edirəm ki, Astanada keçirilən 6-cı zirvə toplantısında Azərbaycanın iştirak etməsi, Azərbaycan Prezidenti İlham Əliyevin orada bir sıra mühüm görüşlər keçirməsi Cənubi Qafqazda proseslərin təmin olunması, sülh münasibətlərinin qurulması, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulması istiqamətində ciddi bir irəliləyişdir.

Xatırlayaq ki, Azərbaycan Prezidenti bu tədbirə Praqada keçirilən Avropa Siyasi Birliyi sammitində iştirak və orada mühüm qərarlar qəbul olunduqdan sonra gəlmişdi. AQEM çərçivəsində müzakirənin məhz Praqa görüşündən sonra keçirilməsi də müəyyən mənada həm də bir rəmzi xarakter daşıyır. Çünki Azərbaycan birmənalı şəkildə Cənubi Qafqazdakı proselərin tənzimlənməsinə nə Asiya, nə Rusiyanı, nə də Qərb qüvvələrini aparıcı güc kimi görmür, görmək istəmir. Əslində bu güclər arasında bir balans formalaşdırmaq və Cənubi Qafqazda hər iki tərəfin maraqları arasında məharətli manevr gedişləri etməklə Azərbaycanın daha geniş müstəvidə maraqlarının təmin olunmasına çalışır və buna böyük mənada daim nail ola bilmişik. AQEM çərçivəsində keçirilən görüşlər də məhz bu uğurlu siyasətin növbəti bir təzahürüdür”.

Politoloq hesab edir ki, Azərbaycan Prezidentinin Astana sammitində çıxışı zamanı səsləndirdiyi fikirlər də böyük əhəmiyyət daşıyır. Zirvə toplantısında Prezidentin çıxışında bəyan etdiyi mövqe növbəti uğurlu bir gedişdir və bir sıra qüvvələrə açıq mesajdır:

“Bu, həmin qüvvələri mümkün qədər reallıqların şərtlərinə uyğun daha düzgün davranış nümayiş etdirmək məcburiyyətində qoyur və bundan sonra da qoyacaq. Azərbaycan Prezidenti bütün platformalardan istifadə etməklə yalnız və yalnız Cənubi Qafqaz, xüsusilə də Azərbaycan dövlətinin maraqlarını ifadə elədiyini bir nümunə olaraq ortaya qoya bilir. Belə görüşlər Azərbaycan maraqlarının Cənubi Qafqaz geostrateji münasibətləri fonunda təmin olunmasını özündə əks etdirir. Biz qısa müddət ərzində həm Praqa görüşünün, həm də AQEM çərçivəsində keçirilən görüşlərin, MDB dövlət başçılarının Astana sammitində səsləndirilən fikirlərin müsbət nəticələrini görə biləcəyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR