Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ərazilərində ermənilərin qanunsuz hərbi birləşmələri yerləşir. Onlar Qarabağ bölgəsində baş verən hadisələrin səbəbkarıdır. Ağdamı, gah da Şuşanı atəşə tuturlar. Həmin ərazilər üzərindən keçən təyyarələr üçün maneə yaradılır və təyyarənin istiqamətləndirilməsi üçün süni peyklərlə əlaqə yaratmasına əngəl törədirlər.
Musavat.com xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, ərazimizdəki erməni sepratçılarını ruhlandıran, onları ayaq üstə saxlayan həmin hərbi qüvvələrdir:
"Artsax" dedikləri ərazidə 18 000 şəxs yaşayır. Bu qədər insanın içindən 12 000-lik qoşun yaratmaq mümkün deyil. Bunlar hamısı Ermənistan silahlı qüvvələrinin tərkib hissələridir. Nə qədər ki, onları ərazimizdən çıxarmamışıq, başımız çox ağrıyacaq. Həmçinin ciddi problemlərimiz olacaq”.
Qabil Hüseyli bildirib ki, Qarabağ bölgəsində separatçıların Azərbaycana reinteqrasiya məsələsi baş tutmayacaq:
"Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır. Separatçılar silahlı qüvvələrə əsaslanaraq Azərbaycana qarşı sözün əsl mənasında meydan oxuyurlar. Göndərdiyimiz humanitar yardımı qəbul etmirlər. Hətta Rusiyanın göndərdiyi humanitar yardıma qarşı da etiraz edirdilər. Onların əsas arzuları "dövlət" kimi özlərini təsvir etmək və bunu Azərbaycana qəbul etdirməkdir. Bu, sadəcə onların qurduğu xəyaldır. Dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatlar onların varlığını və yaxud da müstəqillik haqqında danışıqlarını qətiyyən qəbul etmir. Son “prezident” seçkilərində nəticələrini dünyanın heç bir ölkəsi tanımadı. Avropa Birliyi və Amerika qəti şəkildə bunu rədd etdi. Hətta Yunanıstan da bu seçkilərin nəticələrini tanımadığını açıqladı və “seçkilər”in Azərbaycanın ərazi bütövlüyünə zidd olduğunu bəyan etdilər. Beynəlxalq ictimaiyyət Azərbaycanın tam yanındadır. Ermənistanı qızışdıran, yönləndirən və daima onları bu vəziyyətdə saxlayan Rusiyadır. Rusiya çox mürəkkəb oyun oynayır. İlk növbədə bu oyun Azərbaycan əleyhinə çevrilib. Son zamanlar Ermənistanın Rusiyadan uzaqlaşma xəttini tutması da Ermənistanda qanuni seçilmiş baş nazir Nikol Paşinyana qarşı yönəlib. Rusiyanın bölgəni qarışdırması davam edir. ABŞ-a gəlincə, Dövlət Departamenti formal bəyanatlar vermək əvəzinə, artıq məsələ ilə ciddi məşğul olmalı və Ermənistana razılaşmalara əməl etmək üçün təzyiq göstərməlidir. Çünki Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması təklifinə Ermənistanın öz qondarma rejimi vasitəsilə müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ-a çox yaxşı məlumdur”.
Siyasi ekspert hesab edir ki, antiterror əməliyyatının keçirilməsi zərurətə çevrilib: “Zənnimcə, 2-3 gün içində onları Ağdərə ətrafında mühasirəyə alacağıq. Müharibənin belə qanunu var təslim olmadıqda səni məhv edirlər”.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ